Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1628/2025 06.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ASC qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təhvil aldığı mallara görə əsas borc olaraq 42534,0 manat məbləğin, 109099,7 manat məbləğində gecikdirilmiş cərimənin, 490,0 manat həcmində ödənilmiş dövlət rüsumunun və 1000,0 manat həcmində ödənilmiş hüquqi yardımla əlaqədar xidmət haqqı məbləği olmaqla, ümumilikdə 153123,7 manat pulun tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – İddiaçı) ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında bağlanmış xx.xx.2022-ci il tarixli AZSC/01 saylı Müqaviləyə əsasən tərəflər arasında müxtəlif malmaterialların alqı-satqısı əməliyyatları həyata keçirilmişdir. Bundan başqa, tərəflər arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə də tərtib olunmuşdur. İddiaçı tərəfindən satılan bütün məhsulların satışı təhvil-təslim aktı əsasında və elektron qaimə-faktura əsasında həyata keçirilmişdir. İddia ərizəsinə əlavə olunmuş EBCH 591963 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturadan görünür ki, iddiaçı tərəf cavabdehə 85034,0 manat həcmində əsas məbləğ və 15306,12 manat həcmində əlavə dəyər vergisi (ƏDV) olmaqla, ümumilikdə 100340,12 manat məbləğində elektron qaimə-faktura təqdim edir. Həmin məbləğdən cavabdeh tərəfindən ƏDV məbləği və 42500,0 manat məbləğində əsas məbləğin ödənilməsi həyata keçirilmişdir. 42534,0 manat məbləğin isə ödənilməsi bu günədək təmin olunmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 3-cü bəndinə əsasən alıcı, yəni cavabdeh xx.xx.2023-cü il tarixədək öhdəliyini tam şəkildə icra etməyi öhdəsinə götürür. Əks təqdirdə hər gecikdirilən gün üçün 0,1 % həcmində, gecikmə 30 gündən çox olduqda isə hər gecikdirilən gün üçün 0,3 % həcmində cərimə ödəyir. Beləliklə, cavabdeh tərəfindən ödənilməsi təmin olunmamış 42534,0 manat məbləğin 855 gün ərzində gecikdirilməsi 109099,7 manat təşkil edir. İddiaçı MMCC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh ASC məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (Satıcı) ilə Cavabdeh ASC (Alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AZSC/01 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, "Saticı" "Alicı"ya Ferrosilisium məhsulu (bundan sonra "Mal") satır, "Alıcı" isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini "Satıcı"ya ödəyir. 1.2-ci bəndinə əsasən, malın keyfiyyət gösətiriciləri aşağıdakı kimidir: 2.1-ci bəndinə əsasən, malın miqdarı 25,00 ton (iyirmi beş ton) nəzərdə tutulur. 2.2-ci bəndinə əsasən, malın qiyməti 1 ton üçün 3400,00 (üç min dörd yüz) (ƏDV daxil deyil) manat nəzərdə tutulur. Müqavilənin ümumi dəyəri 85000,00 (səksən beş min) manat təşkil edir. 2.3-ci bəndinə əsasən, Malın qiyməti tərəflərin şifahi razılığı əsasında bazar şərtlərinə uyğun olaraq dəyişdirilə bilinər. Hər bir razılaşdırılmış qiymət elektron hesab fakturaya əsasən təyin olunaraq tərəflər arasında icraya təqdim olunur. 4.3-ci bəndinə əsasən, malın təhvil verilməsinin və "Alıcı"ya çatdırılmasının gecikdirilməsi halında "Satıcı" "Alıcı"ya hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0.01%-i miqdarında cərimə ödəməlidir. 5.1-ci bəndinə əsasən, malların dəyəri "Alıcı" tərəfindən malların 50% həcmi təhvil verildikdən sonra təhvil verilmiş hissəyə görə ödənilir. İkinci 50%-lik hissə təqdim edildikdən sonra malın dəyəri tam həcmdə ödənilir. 5.2-ci bəndinə əsasən, malın "Alıcı"ya təhvil verilməsi ilə bağlı öhdəlik "Satıcı" tərəfindən lazımınca yerinə yetirilmədikdə "Alıcı" həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir. 8.4-ci bəndinə əsasən, müqaviləyə hər hansı dəyişiklik və əlavələr hər iki Tərəfin səlahiyyətli nümayəndəsi tərəfiuden imzalandıqdan və möhürləndikdən sonra sonra hüquqi qüvvəyə malikdir və Müqavilənin ayrılmaz tərkib hissəsidir. İş materiallarında olan İddiaçı (Satıcı) ilə Cavabdeh ASC (Alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AZSC/01 nömrəli alqı-satqı müqaviləsinə Əlavədən görünür ki, həmin müqavilənin: 1.bəndinə əsasən, tərəflər arasında müqavilənin qüvvədə olma müddəti xx.xx.2023cü il tarixədək uzadılır. 2-ci bəndinə əsasən, müqavilə üzrə “alıcı” və “satıcı”nın öhtəlikləri hüquq və vəzifələri xx.xx.2023-cü il tarixədək uzaldılmaqla “alıcı” tərəfindən icra olunmalı olan bütün ödənişlər xx.xx.2023-cü il tarixədən aparılmalıdır. 3-cü bəndinə əsasən, “Alıcı” bu əlavənin 2-ci bəndində qeyd edilən öhdəliyini xx.xx.2023-cü il tarixinə kimi tam həyata keçirmədiyi halda, ödənilməmiş məbləğin hər gecikdirilən gün üçün 0,1%-i həddində, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,3%-i həddində “satıcı”ya cərimə ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 591963 saylı elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ASC-nə xx.xx.2022-ci il tarixli, AZSC/01 nömrəli alqı-satqı müqaviləsi üzrə təhvil verilmiş malların ümumi dəyəri 100340,12 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəmə tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən iddiaçı "xxxx" MMC-nin hesabına xx.xx.2022-ci il tarixli, AZSC/01 nömrəli alqı-satqı müqaviləsi üzrə 42500 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AZSC/01 nömrəli müqaviləyə əsasən, Cavabdeh ASC-nin xx.xx.2025-ci il tarixə, ümumilikdə 151633,71 manat borcu vardır. Qeyd edilən borcun xx.xx.2025-ci il tarixədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh ASC-nə xəbərdarlıq edilmişdir. Məhkəmə, ilk növbədə iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq subyektləridirlər, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində subyektiv hüquqlarının pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri onların həm birgə, həm də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir. Buna görə də, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların ümumi dəyərinin 100340,12 manat məbləğində olması (elektron qaimələrə əsasən) və cavabdeh tərəfindən təhvil alınmış mallara görə iddiaçının bank hesabına cəmi 42500 manat məbləğində pul vəsaitinin köçürüldüyü (ödəniş qəbzlərinə əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 42534 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, cavabdehə göndərilmiş elektron qaimələrə, ödəniş tapşırığına və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair elektron qaiməni, ödəniş tapşırığını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 42534 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 42534 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 42534 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə cərimə ödəmək öhdəliyini cavabdeh öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdeh tərəfindən alınmış malların dəyərinin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu müqavilə üzrə öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 109099,7 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 5000 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləğindən təmin edilmiş iddianın qiymətinə uyğun hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməli, artıq ödənilmiş hissəsi isə dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı “X1” MMC-nin Cavabdeh ASC-nə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh ASC-dən 42534 manat məbləğində əsas borc, 5000 manat məbləğində cərimə borcu və ödənilmiş 232,6 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 47766,6 manat məbləğində pul tutularaq iddiaçı “X1” MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən artıq ödənilmiş 257,4 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1628/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1628/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver