Məhkəmə qərarları › İş №e-2-2(121)-1643/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1643/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1643/2025 16.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 334 saylı 2023-cü üzrə xam-pambığın istehsalı və tədarükünə dair müqavilə üzrə 3324,62 manat əsas, 271,27 manat cərimə, cəmi 3595,89 manat pulun və ödənilmiş 55,95 manat dövlət rüsumunun, ümumilikdə 3651,84 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh (fermer) Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 334 saylı 2023-cü il üzrə xam-pambığın istehsalı və tədarükünə dair müqaviləyə əsasən cavabdeh öhdəsində olan 1,5 hektar torpaq sahəsində pambıq əkməsini üzərinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh toxumluq, çiyid, nağd pul və digər vasitələr üzrə ümumilikdə 5468,13 manat vəsait verilmişdir. Müqavilənin 2.6, 2.7, 2.8-ci bəndlərinə əsasən cavabdeh torpağın şumlanmasından başlayaraq pambığın əkilibbecərilməsi və yığılmasınadək bütün aqrotexniki tədbirləri vaxtında, keyfiyyətlə aparmasını, hər hektardan minimum 35 sentner yüksək keyfiyyətli xam pambıq istehsal etməsini, İddiaçı MMC-dən aldığı nağd pul avansını, habelə hər hansı formada göstərilən xidmətlərin dəyərini istehsal etdiyi xam pambıqla 01 noyabr 2023-cü ilədək, müstəsna hallarda 01 dekabr 2023-cü ilədək tam ödəməyi öhdəsinə götürmüsdür. Yığım mövsümü başa çatmasına baxmayaraq, cavabdeh müqavilə şərtlərini tam icra etməmiş və iddiaçıya 3324,62 manat borcu qalmışdır. Cavabdehin iddiaçıya 3324,62 manat borclu qalmasını sübut edən hesablaşma və digər sənədlər ərizəyə əlavə edilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən “Fermer” (nümayəndə) üzərinə götürdüyü öhdəliklərdən az miqdarda xam pambıq verərsə, ödənilməyən xam pambığın dəyərinin 5% miqdarında “Cəmiyyət”ə (zavoda) cərimə odəməlidir. Cavabdeh 5250 kq pambıq təhvil verməli olduğu halda 2624 kq pambıq təhvil vermiş və nəticədə 2626 kq az pambıq təhvil vermişdir. Cavabdehin təhvil verilməyən pambığa görə iddiaçıya 105,04 manat cərimə borcu yaranmışdır (2626 kq x 0,8 manat (pambığın 1 kq dəyəri) = 2100.8 manat x 5% = 105,04 manat). Müqavilənin 3.5-ci bəndinin tələbinə görə “Fermer” (nümayəndə) müqavilə ilə “Cəmiyyət”dən (zavoddan) xam pambıq istehsal etmək üçün avans aldığı pulu toxumluq, çiyid, mineral gübrə və digər təminatların dəyərini xam pambıqla deyil, pul şəklində ödədikdə həmin vəsaitin 5% miqdarında cərimə ödəməlidir. Həmin cərimənin məbləği 166,23 manat təşkil etmişdir (3324,62 manat x 5% = 166,23 manat). Müqavilə üzrə cavabdehin İddiaçı MMC-yə 3324,62 manat əsas, 271,27 manat cərimə, ümumilikdə 3595,89 manat borcu yaranmışdır. Mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi üçün cavabdehə pretenziya məktubu göndərilərək 10 gün vaxt verilmiş, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia tələbinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İddiaçı MMC ilə Cavabdeh (“Fermer) arasında xx.xx.2023-cü il tarixli, 334 nömrəli “2023-cü il üzrə xam-pambığın istehsalı və tədarükünə dair” Müqavilənin: - 1.1. bəndinə əsasən, bu Müqavilə "Cəmiyyət"in (zavodun) ona avans verdiyi nəqd pul və digər təminatlar, göstərdiyi müxtəlif xidmətlər əsasında "Fermer" (nümayəndə) tərəfindən pambığın əkilib becərilməsi, yığılması və satışı zamanı "Fermer"lə (nümayəndə) "Cəmiyyət" (zavod) arasındakı əməkdaşlıqdan bəhs edir. - 2. bəndinə əsasən “Cəmiyyət” (Zavod) öhdəsinə götürür: - 2.1.bəndinə əsasən “Fermer”ə bu müqavilə şərtlərinə uyğun olaraq xam pambıq istehsalı məqsədilə toxum və digər vasitələri, həmçinin avans şəklində pul verməyi; - 2.3. bəndinə əsasən “Fermer”in satmaq üçün “Cəmiyyət”ə gətirdiyi xam pambığı onların özünün və ya vəkalətli nümayəndəsinin iştirakı ilə qüvvədə olan təlimata və standartlara uyğun yetişmiş, təmiz, içərisində kənar qarışıq olmadan labaratoriyada analiz edildikdən sonra nəmlik və zibillik növünə uyğun kondisiya çəkidə qəbul etməyi; -2.4. bəndinə əsasən, "Cəmiyyət" (zavod) "Fermer"dən (nümayəndədən) qəbul etdiyi xam pambığın kondisiya kütləsinin 1 tonu üçün: İ növ -800 AZN/ton, İİ növ – 780 AZN/ton, İİİ növ – 740 AZN/ton, İV növ – 700 AZN/ton olmaqla pul vəsaiti hesablayır və “Fermer”ə avans verdiyi pul və digər təminatlar, habelə hər hansı formada göstərdiyi müxtəlif xidmətlərə görə yaranan avans borcunu çıxdıqdan sonra pambığın tarladan yığım pulunu verməklə qalan borcu hissə-hissə xx.xx.2023-cü il tarixə kimi ona nəğd və ya bank kartına köçürməklə ödəməyi. - “Fermer” öhdəsinə götürür: - 2.5.bəndinə əsasən mülkiyyətində olan torpağın girov qoyulmasını, pambıq bitkisinin əkilib becərilməsi, xüsusilə suvarılması üçün tam yararlı olan 1,5 torpaq sahəsində pambıq əkməsini; - 2.6. Torpağın şumlanması, pambığın əkilib-becərilməsi və yığılmasınadək bütün aqrotexniki tədbirləri optimal müddətlərdə keyfiyyətlə aparmağı; - hər hektardan minumum 35 sentner xam pambıq məhsulu istehsal etməyi; - “Cəmiyyət”dən (Zavoddan) aldığı avansı və hər hansı formada ona göstərilən xidmətlərin dəyərini istehsal etdiyi xam pambıqla xx.xx.2023-cü il, müstəsna hallarda xx.xx.2023-cü il tarixinədək tam ödəməyi. - 3.2-ci bəndinə əsasən, "Fermer" (nümayəndə) xam pambığın yığımı və təhvili zamanı müqavilə şərtlərini pozduqda və ya pambığı başqa alıcıya satmağa cəhd etdikdə müqavilədən kənar əldə etdiyi gəlirin 5% həcimində cərimə ödəyir. - 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər götürdükləri bütün öhdəlikləri tam icra edənədək qüvvədə olur.

10. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 334 nömrəli müqavilə üzrə tələb olunan pul məbləği 3324,62 manat, müqavilə üzrə əskik təhvil verilən pambığa görə hesablanan cərimə məbləği 105,04 manat, müqavilə üzrə nəğd pul şəklində ödənildiyinə görə hesablanan cərimə məbləği 166,23 manat olmaqla, ümumilikdə 3595,89 manat borcu vardır.

11. İddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqaviləyə əsasən yaranmış 3595,89 manat məbləğində borcun pretenziyanın alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. 12.********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 55,95 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

14. Məhkəmə baxışının hədləri:

-14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

16. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir.

17. İş materiallarına əsasən müəyyən olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xam-pambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan sənədlərdən görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 5468,13 manat təşkil edən aqrotexniki xidmətləri, mal-materialı, nağd vəsaiti və s. təhvil alsa da, bunun müqabilində iddiaçıya ümumi dəyəri 2624 manat təşkil edən xam-pambıq təhvil vermişdir. Nəticədə onun iddiaçıya 3324,62 manat borcu yaranmışdır. Bununla da məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur.

18. Məhkəmə qeyd edir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tələb olunan borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır.

19. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2 bəndinə əsasən, cavabdeh müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil vermədiyi təqdirdə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü miqdarda xam pambıq təhvil vermədiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.

20. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.

21. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 271,27 manat məbləğində cərimənin tutulması hissəsində tam əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

Məhkəmə xərcləri:

22. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 54,24 manat dövlət rüsumu cavabdehə, 1,71 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Nəticə:

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh 3324,62 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə olmaqla, cəmi 3424,62 (üç min dörd yüz iyirmi dörd manat, altmış iki qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 54,24 (əlli dörd manat, iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Ödənilmiş qalan 1,71 (bir manat, yetmiş bir qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar