Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-166/2022 24.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31.01.2017-ci il tarixli 1341-GL/16 nömrəli müqavilə üzrə 4188 manat gecikdirilmiş əsas borc, 514 manat cərimə məbləği, 12.09.2017-ci il tarixli 1751-GL/17 nömrəli müqavilə üzrə 3705 manat gecikdirilmiş əsas borc və 2241 manat cərimə məbləğini, 17.01.2018-ci il tarixli 02-GL/18 nömrəli müqavilə üzrə 5754 manat gecikdirilmiş əsas borcunuz və 3457.41 cərimə məbləğini, 30.10.2015-ci il tarixli 133-LD/15 və 06.06.2017-ci il tarixli 179- LD/17 nömrəli müqavilələr üzrə 6297.15 manat gecikdirilmiş əsas borcunuz və 3510.95 manat cərimə məbləğini, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 30 017,51 manat pul vəsaitinin cavabehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 31.01.2017-ci il tarixli 1341-GL/16 nömrəli, 12.09.2017-ci il tarixli 1751-GL/17 nömrəli, 17.01.2018-ci il tarixli 02-GL/18 nömrəli və 30.10.2015-ci il tarixli 133-LD/15 və 06.06.2017-ci il tarixli 179-LD/17 nömrəli müqavilələrə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 09.09.2021-ci il tarixə 31.01.2017-ci il tarixli 1341-GL/16 nömrəli müqavilə üzrə 4188 ( dörd min yüz səksən səkkiz) manat gecikdirilmiş əsas borcunuz və 514 ( beş yüz on dörd) cərimə məbləği və 12.09.2017-ci il tarixli 1751-GL/17 nömrəli müqavilə üzrə 3705 (üç min yeddi yüz beş) manat gecikdirilmiş əsas borcunuz və 2241 ( iki min iki yüz qırx bir) manat cərimə məbləğini, 17.01.2018-ci il tarixli 02-GL/18 nömrəli müqavilə üzrə 5754 (beş min yeddi yüz əlli dörd) manat gecikdirilmiş əsas borcunuz və 3457.41 ( üç min dörd yüz əlli yeddi ) cərimə məbləğini, 30.10.2015-ci il tarixli 133-LD/15 və 06.06.2017-ci il tarixli 179-LD/17 nömrəli müqavilələr üzrə 6297.15 (altı min iki yüz doxsan yeddi manat 15 qəpik) manat gecikdirilmiş əsas borcunuz və 3510.95 (üç min beş yüz on manat 95 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia ərizəsində qeyd olunan müqavilələr üzrə əsas borcu qəbul etdiyini, lakin müqavilələr üzrə hesablanmış cərimə borcunun çox olduğunu bildirərək məhkəmədən cərimə borclarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, Cavabdeh izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 1341- GL/16 saylı, 31.01.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İş materiallarında olan 07.06.2017-ci il tarixli 145 saylı aktdan görünür ki, 6 cərgəli kultivator AKB-4.2 markalı kənd təsərrüfatı texnikası Cavabdeh təhvil verilmişdir. İşdə olan 03.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 1341-GL/16saylı, 31.07.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh həmin müqavilə üzrə 2.860 manat gecikdirilmiş əsas borc və 1.730,30 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 1751-GL/17 saylı, 12.09.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İş materiallarında olan 11.08.2017-ci il tarixli 608 saylı aktdan görünür ki, Charger VX markalı kənd təsərrüfatı texnikası Cavabdeh təhvil verilmişdir. İşdə olan 03.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 1751-GL/17 saylı, 12.09.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh həmin müqavilə üzrə 3.705 manat gecikdirilmiş əsas borc və 2.241,53 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 02-GL/18 saylı, 17.01.2018-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İş materiallarında olan 09.11.2017-ci il tarixli 5/698 saylı aktdan görünür ki, Ekskovator-Buldozer EO-2621 markalı kənd təsərrüfatı texnikası Cavabdeh təhvil verilmişdir. İşdə olan 03.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 02-GL/18 saylı, 17.01.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh həmin müqavilə üzrə 5.754 manat gecikdirilmiş əsas borc və 3.457,41 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 133-LD/15 saylı, 30.10.2015-ci il tarixli "xxxx" ASC-yə damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən damazlıq heyvanların mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İş materiallarında olan 31.10.2015-ci il tarixli aktdan görünür ki, 30 sayda damazlıq heyvan Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 179-LD/17 saylı, 06.06.2017-ci il tarixli "xxxx" ASC-yə damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən damazlıq heyvanların mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İşdə olan 09.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 133-LD/15 saylı, 30.10.2015-ci il tarixli və 179-LD/17 saylı, 06.06.2017-ci il tarixli müqavilələrə əsasən Cavabdeh həmin müqavilələr üzrə 6.297,15 manat gecikdirilmiş əsas borc və 3.510,95 manat cərimə borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə bağlanmış müqavilələrə əsasən 30.017,51 manat məbləğində borc yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı lizinq müqavilələri üzrə hesablanmış borcu cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17.08.2020-ci il tarixli, 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqavilələri əsasında lizinq obyektlərini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr ilə müəyyən edilmiş pul məbləğlərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh məhkəmə iclasında izahat verərək müqavilələr üzrə əsas borcu qəbul etdiyini bildirmişdir. Odur ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin cərimələrin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələblər tərəflər arasında bağlanılmış lizinq müqavilələrindən irəli gəlir. Yəni, müqavilələrin 4.2-ci bəndlərinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, iddiaçı cavabdehdən gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 31.01.2017-ci il tarixli 1341-GL/16 nömrəli müqavilə üzrə 25.70 manat cərimə, 12.09.2017-ci il tarixli 1751-GL/17 nömrəli müqavilə üzrə 112 manat cərimə, 17.01.2018-ci il tarixli 02-GL/18 nömrəli müqavilə üzrə 173 manat cərimə, 30.10.2015-ci il tarixli 133- LD/15 nömrəli və 06.06.2017-ci il tarixli 179-LD/17 nömrəli müqavilələr üzrə 175 manat məbləğində cərimə (dəbbə) pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 350 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan 1364 saylı “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin və 28.12.2021-ci il tarixli, 000İPX121362097F saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 350 manat müəyyən olunmaqla Xırdalan şəhər Vəkil Bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 200 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 180 manat məbləğində dövlət rüsumunun 124 manat məbləği cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 31.01.2017-ci il tarixli 1341-GL/16 nömrəli müqavilə üzrə 4.188 manat gecikdirilmiş əsas borc, 25.70 manat cərimə, 12.09.2017-ci il tarixli 1751-GL/17 nömrəli müqavilə üzrə 3.705 manat gecikdirilmiş əsas borc, 112 manat cərimə, 17.01.2018-ci il tarixli 02-GL/18 nömrəli müqavilə üzrə 5.754 manat gecikdirilmiş əsas borc, 173 manat cərimə, 30.10.2015-ci il tarixli 133-LD/15 nömrəli və 06.06.2017-ci il tarixli 179-LD/17 nömrəli müqavilələr üzrə 6.297,15 manat gecikdirilmiş əsas borc, 175 manat cərimə və hüquqi yardımla bağlı ödənilmiş 200 manat, ümumilikdə 20.629,85 (iyirmi min altı yüz iyirmi doqquz manat səksən beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. 180 manat məbləğində dövlət rüsumunun 124 manat məbləği Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-166/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-166/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver