Məhkəmə qərarları › İş №e-2-2(121)-166/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-166/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-166/2024 27.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən xx.xx.2022-ci il tarixli, 180 FKS müqavilə üzrə 20.860,76 manat əsas borc, 1.700,15 manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi faizi və mediasiya xərci olaraq 205 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, 180 FKS saylı müqavilə ilə "xxxx" MMC və Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlandığı tarixdən etibarən qüvvəyə minmişdir və xx.xx.2022-ci ilə qədər qüvvədə sayılırdı. İddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtında icra edərək Cavabdehi mallarla təchiz etmişdir. Cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozmuş, aramızda yarnmış etibardan istifadə etmiş, malların dəyərini iddiaçıya tam olaraq ödəməmiş, öhdəliyini pozmuş və iddiaçıya ziyan vurmuşdur. 180 FKS saylı müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya sifariş olunmuş malları (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin malı qəbul edir, və Müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 (bundan sonra QRP) ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcıya” ödəyir. Müqavilənin 5.1.-ci maddəsinə əsasən, malın qiyməti və ödənilmə müddəti bu müqaviləyə əlavə ediləcək əlavələrdə göstəriləcək və QRP ilə müəyyənləşdirilir. 5.6-cı maddəsinə əsasən bu müqavilə əsasında bütün ödənişlər rəsmi bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir. xx.xx.2022-ci il tarixli, 180 FKS saylı müqaviləyə - xx.xx.2022-ci tarixli əlavə №01, xx.xx.2022-ci tarixli əlavə №02, xx.xx.2022-ci tarixli əlavə №03 QRP-na əsasən qiymətləri razılaşdırlmış və xx.xx.2022, xx.xx.2022-ci il,xx.xx.2022-ci il tarixli təhvil-təslim aktları ilə mallar cavabdehə təqdim edilmişdir. Qeyd edilən əlavələr və təhvil təslim aktında uyğun olaraq İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 002792 nömrəli, xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 371848 nömrəli, xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 690718 nömrəli elektoron qiamələr vurulmuşdur. İddaçı tərəfindən cavabdehə ümumilikdə 24.810,76 (21 026,07 manat əsas, 3 784,69 manat ƏDV) manat dəyərində mallar təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş mallara görə hazıradək 3347,46 manat əsas, 602,54 manat ƏDV məbləği ödənilmişdir. Hal hazırda Cavabdehin, təqdim edilmiş malla görə 1.678,61 manat əsas, 3.182,15 manat ƏDV olmaqla, ümumilikdə 20.860,76 manat borcu qalmışdır. Cavabdeh tərəfindən borc etiraf edilsə də indiyə qədər ödənilməmişdir. Bununla da, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. İddiaçı tərəfindən cavabdehə borcun tam ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər edilmişdir. Cavabdehin elektron kabinetinə ünvanlanmış pretenziya məktubunda borcun tam ödənilməsi cavabdehin nəzərinə çatdırılmışdır. İddiaçı tərəfdən ünvanlandırılan pretenziya məktubundan uzun müddət keçməsinə baxmayaraq, bugünkü günədək cavabdeh iddiaçıya heç bir ödəmə etməmişdir. Bundan başqa qeyd edilən müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən tərəf digər tərəfə vurduğu zərərə göə Azərbaycan Respublikasının qüvvədə olan qanunverciliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Cavabdehə mallar sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. 180 FKS saylı müqavilə və onun əlavələrinə əsasən həmin tarixlərdə malların dəyəri ödənilməli idi. Lakin yuxarıda da qeyd edildiyi kimi Cavabdeh öz öhdəliklərini icra etməmişdir. Cavabdeh bu hərəktələri nəticəsində öhdəliyin icrasını gecikdirmişdir. Buna görə də Cavabdeh tərəfindən gecikdirilmiş pul məbləğindən iddiaçıya faizlər ödəməlidir. 180 FKS saylı müqavilənin 1, 2, 3 nömrəli əlavələrində nəzərdə tutlmuşdur ki, təhvil verilmiş malların dəyəri mal “Satıcı” tərəfindən “Alıcıya” təhvil verilməmişdən öncə tam həcmdə “Alıcı“ tərəfindən “Satıcı”ya ödəniləcəkdir. İddiaçı tərəfindən sonuncu dəfə mal alındığı tarixdə yəni xx.xx.2022-ci il tarixdə də ödənişlər edilməmişdir. Buna görə də gecikmiş günlərin sayı xx.xx.2022-ci il tarixdən iddianın verildiyi günə kimi hesablanmalıdır. Bu qaydada Cavabdeh tərəfindən öhdəliyin icrası 595 gün gecikdirlmişdir Gecikdirilmiş günlərə görə cavabdeh İddiaçıya gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin faiz dərəcəsinə uyğun olaraq Cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsinə görə 1.700,15 manat (20.860,76*((5%/365)*595)%= 1.700,15) məbləğində faiz ödənilməldir . Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə tərəflər məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə ilə müraciət edərək iclasın iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci tarixli, 180 FKS saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Satıcı Alıcıya sifariş olunmuş malları satır, Alıcı isə həmin malı qəbul edir və müqavilənin ayrılmaz tərkib hissələri sayılan X1 ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcıya” ödəyir. Həmin müqavilənin 5.6-ci bəndinə əsasən bütün ödənişlər rəsmi bank hesabına köçürmə yolu ilə həyata keçilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 01 saylı “malların təhvil-qəbul aktı haqqında” aktdan görünür ki, yekun məbləği 6.619,68 manat təşkil edən mallar "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir və Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Təhvil-təslim aktı onu tərtib edən şəxslər tərəfindən imzalanmış və tərəflərin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 02 saylı “malların təhvil-qəbul aktı haqqında” aktdan görünür ki, yekun məbləği 8.799,99 manat təşkil edən mallar “X2” MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir və Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Təhvil-təslim aktı onu tərtib edən şəxslər tərəfindən imzalanmış və tərəflərin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 03 saylı “malların təhvil-qəbul aktı haqqında” aktdan görünür ki, yekun məbləği 9.391,09 manat təşkil edən mallar “X2” MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir və Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Təhvil-təslim aktı onu tərtib edən şəxslər tərəfindən imzalanmış və tərəflərin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 002792 saylı, xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 371848 saylı və xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 690718 saylı elektron qaimələrdən də görünür ki, “X2” MMC tərəfindən, ümumilikdə 24.810,76 (21 026,07 manat əsas, 3 784,69 manat ƏDV) manat məbləğində mallar Cavabdeh MMC-yə təhvil verilmiş və malların dəyərinin ödənilməsi üçün elektron qaimələr göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alğı-satqı müqaviləsi üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-yə məlumatlandırılmışdır. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya (xəbərdarlıq) məktubu göndərmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlanılmış. Həmin müqaviləyə əsasən tərtib edilmiş təhvil-qəbul aktlarına və elektron qaimələrə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 24.810,76 manat məbləğində mallar verilmişdir. Cavabdeh tərəfindən müxtəlif vaxtlarda ƏDV daxil 3.950 manat vəsait qaytarılmışdır. İddiaçı tərəfindən təhvil verilən mallar cavabdeh tərəfindən təhvil alsa da cavabdeh malların dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə cavabdehin ƏDV daxil 20.860,76 manat məbləğində borcu qalmışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaya dair əsaslandırılmış etiraz təqdim edilməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaiməfakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə mallar göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında olan müqavilə əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair öhdəlik götürmüşdür. Cavabdeh qeyd olunan müqavilə əsasında mal almasına dair hüququndan istifadə etsə də, həmin malların dəyərini cavabdehə ödəməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilərək, alqı-satqı müqaviləsindən irəli gələn 20.860,76 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, iddianın gecikdirilmiş vaxt üçün hesablanmış 1.700,15 manat məbləğində faiz borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini gecikdirdiyindən gecikdirilmiş vaxt üçün 1.700,15 manat məbləğində (20.860,76*((5%/365)*595)%= 1.700,15) faiz borcunu iddiaçıya ödəməlidir. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 205 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli, 180 FKS saylı müqavilə üzrə 20.860,76 manat əsas borc, 1.700,15 manat faiz borcu və mediasiya xərci olaraq ödənilmiş 205 manat olmaqla, ümumilikdə 22.765,91 (iyirmi iki min yeddi yüz altmış beş manat, doxsan bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar