Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1662/2025 07.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx-xx-2023-cü il tarixli DL/ML/0157 saylı maliyyə lizinqi müqaviləsinə əsasən ödənilməmiş 2121,72 manat əsas, 717,59 manat cərimə, ümumilikdə 2891,31 manat pulun, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 18 saylı Vəkil Bürosuna ödənilmiş 1500 manat pulun və dövlət rüsumunun əvəzi kimi 48,92 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan xxxx-2023-cü il tarixli DL/ML/0157 saylı maliyyə lizinqi müqaviləsinə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq 12 ay müddətinə aylıq ödənişlər yerinə yetirmək şərti ilə ümümi dəyəri 5050 manat olan 1 ədəd 4 gövdəli UM-KT-14-4 seriya nömrəli “Kotan” kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Müqavilənin; 2.2.1 bəndinə əsasən, 1010 manat avans məbləği nəzərdə tutulmuşdur; 2.2.2-ci bəndinə əsasən AKİA tərəfindən 1918,28 manat güzəşt məbləği; 2.2.3 maddəsinə əsasən 2121,72 manat lizinq məbləği; 2.2.4 bəndinə əsasən 202 manat lizinq şirkətinin komisiyası. Həmin texnika üçün xx-xx-2024-cü il tarixədək 2121,72 manat ödənilməli olduğu halda heç bir ödəniş etməmiş və qrafik üzrə 2121,72 manat borc yaranmışdır. Müqavilə müddəti bitmiş və müqavilə şərtlərinə əsasən müqavilənin 15.2-ci və 15.3-cü bəndlərinə əsasən ödəniş qrafiki üzrə 30 təqvim günündən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir gün üçün əsas borc məbləğinə 0,1% məbləğində faiz hesablanmışdır. Ümumilikdə müqavilə üzrə öhdəlik 2121,72 ilə hesablanmış faizin cəmi 2891,31 manat təşkil edir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1631/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır İddiaçı nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, həmçinin bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2015-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DL/ML/0157 saylı maliyyə lizinqi müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, Lizinq verən Lizinq alan tərəfindən seçilmiş 1 ədəd Kotan 4 gövdəli UM-KT-14-4 (bundan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, Lizinq obyektinin satıcısı: "xxxx" MMC , lizin obyekti - 1 ədəd Kotan 4 gövdəli UM-KT-14-4 3.1-ci bəndinə əsasən, Lizinq müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qedər qüvvədədir. İş materiallarında olan Satıcı "xxxx" MMC Alıcı İddiaçı və Lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 217-23/AGS nömrəli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı Lizinq alan tərəfindən seçilmiş 1 ədəd Kotan 4 gövdəli UM-KT-14-4 (bundan sonra- Əmlak) satmağı, Alıcı Əmlakın dəyərini Satıcıya ödəməyi, Lizinq alan isə Əmlakı lizinqə qəbul etməyi öhdəsinə götürürlər. Əmlakın dəqiq təsviri bu müqaviləyə Əlavə N1-də verilir. 1.3-ci bəndinə əsasən, alıcı bu müqavilə üzrə Əmlakı Lizinq alana DL/ML/0157 saylı, xx-xx-2023-cü il tarixli Maliyyə lizinqi müqaviləsi üzrə 12 ay müddətinə müvəqqəti sahiblik və istifadəyə verilməsi üçün əldə edir. İş materiallarında olan DL/ML/0157 saylı, xx-xx-2023-cü il tarixli maliyyə lizinqi müqaviləsinə əsasən 217-23/AGS saylı, xx-xx-2023-cü il tarixli Alqı-satqı müqaviləsi üzrə təhvil-təslim aktının surətindən görünür ki, “Alıcı-Lizinqverən”lə “Lizinq alan” arasında bağlanmış xx-xx-2023-cü il tarixli, DL/ML/0157 saylı X1 və “Satıcı” ilə “Alıcı-Lizinqverən” arasında bağlanmış xx-xx-2023-cü il tarixli, 217-23/AGS saylı Lizinq obyektinin Alqı-Satqı müqavilələrinə əsasən “Satıcı” 1 ədəd 4 gövdəli UM-KT-14-4 seriya nömrəli “kotan”-kənd təsərüffatı texnikasını “Alıcı-Lizinqverən”in iştirakı ilə “Lizinq alan”a təhvil verir, “Lizinq alan” isə həmin lizinq obyektini qəbul edir. “Alıcı-Lizinqverən” isə təhvil-təslimin baş tutmasını imza və möhürü ilə təsdiq edir. İş materiallarında olan maliyyə cədvəlinin surətindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2023-cü il tarixli, DL/ML/0157 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş borcu 2121,72 manat əsas, 717,59 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2891,59 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC cavabdehlərə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DL/ML/0157 saylı daxili lizinqi müqaviləsi üzrə yaranmış 2891,31 manat borcun 10 gün müddətində ödənilməsi xahiş edilmiş, ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında nəqliyyat vasitəsinin lizinqə verilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər xx.xx.2023-cü il tarixli, DL/ML/0157 saylı İddiaçınə məxsus nəqliyyat vasitəsinin lizinqə (istifadəyə) verilməsi barədə müqavilə” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək lizinq obyektini cavabdehin istifadəsinə verdiyini, lakin cavabdehin şərtləşdirilmiş haqqın məbləğini ödəmədiyini, nəticədə cavabdehin ödənilməmiş borcunun qaldığını iddia edir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterini müəyyən etməyi və ona hüquqi qiymət verməyi zəruri hesab edərək bu qənaətə gəlir ki, işin müəyyən edilmiş hallarınə əsasən tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı aşkar olunur. Belə ki, baxılan işin faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, müqavilə onu iştirakçıları (iş üzrə tərəflər) tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən də aşkar edilməmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bundan irəli gələrək məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan lizinq müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməli və iddia həmin normaların tələbləri tətbiq edilməklə qiymətləndirilməlidir. Məhkəmə iddia ərizəsində qeyd olunanları və məhkəmə iclasında tədqiq olunmuş digər sübutları nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və lizinq müqaviləsinə dair mülki qanunvericiliyin tələblərinə əsasən sübut edə bilmişdir. Məhkəmə qeyd edir ki, tələb olunan lizinq muzdunun və digər ödənişlərin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Cavabdehlər isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə, tələb olunan lizinq müqaviləsi üzrə əsas borcun və digər ödənişlərin cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas borca münasibətdə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-10.1, 748-10.2 və 74810.4-cü maddələrinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. İddiaçının lizinq müqaviləsi üzrə ödənişin cavabdehdən tutularaq ona ödənilməsinə dair tələb hüququ həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə görə lizinq ödənişinin gecikdirilməsi halında cərimə ödəmək öhdəliyini Cavabdeh öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən lizinq ödənişinin gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən xx.xx.2023-cü il tarixli DL/ML/0157 saylı nömrəli müqavilə üzrə 717,59 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 50 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği və hüquqi yardım üçün ödənilmiş məbləğin yarı hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı ASC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 121, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli DL/ML/0157 nömrəli müqavilə üzrə 2121,72 manat məbləğində əsas, 50 manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 750 manat və 48,92 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2970,64 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1662/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1662/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver