Məhkəmə qərarları › İş №e-2-2(121)-167/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-167/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-167/2024 22.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Elsəvər oğlundan alqı-satqı müqaviləsi ilə əldə etdiyi 12813 (on iki min səkkiz yüz on üç) manat dəyərində malın pulunun, malın dəyərini vaxtında ödəməyib, qanunsuz saxladığına görə bir il üçün 10 faiz imumü) 3 il) hesablanmaqla 3843 manat cərimənin, mediasiya sessiyası üçün ödənilmiş 200 manatın, məhkəmə rüsumu üçün ödənilmiş 144 manatın, poçt, yol xərci və itirilmiş iş saatı üçün 500 manat olmaqla, ümumilikdə 17501 (on yeddi min beş yüz bir) manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh Elsəvər oğlu arasında 07 oktyabr 2020-ci il tarixində 09/20 saylı “Alqı-satqı Müqaviləsi” bağlanmışdı. Həmin müqaviləyə əsasən İddiaçı MMC (satıcı) Cavabdeh (alıcıya) 07 oktyabr 2020-ci il tarixində 4441,48 manat, 12 oktyabr 2020-ci il tarixində 3899,66 manat, 16 oktyabr 2020-ci il tarixində 1949,83 manat, 05 noyabr 2020-ci il tarixində 2318,70 manat, 16 dekabr 2020-ci il tarixində 203,90 manat, ümumi olaraq 12813,57 (on iki min səkkiz yüz on üç manat əlli yeddi qəpik) manat dəyərində mal verilmişdir. Həmin müqavilənin 1.1-ci maddəsinə görə “alıcı malı qəbul edib, əvəzində razılaşdırılmış pul məbləğini ödəməyi öhdəsinə götürür”. Eyni zamanda, müqavilənin 2.4.5-ci maddəsinə görə “alıcı alınmış malı satdıqdan sonra dəyərini hazırkı müqavilə ilə razılaşdırılmış vaxtda satıcıya ödəməli idi”. Müqavilənin 3.7-ci maddəsinə əsasən “tərəflər arasında hər 2 (iki) ayda bir dəfədən az olmayaraq üzləşmə aktı tərtib və təsdiq edilməlidir”. Bütün mallar alıcı Cavabdeh verildikdən bir müddət sonra üzləşdirmə aparılması məqsədi ilə telefonla əlaqə saxlanılmaq istənildikdə telefona cavab verməmiş və ya telefon söndürülmüş olmuşdur. İmişli rayonunda fəaliyyət göstərdiyi satış mağazasına baxıldıqda mağazanın fəaliyyətini dayandırdığı, malların isə orda olmadığı aşkar edilmişdir. Daha sonra Orxanla görüşüldükdə malları satdığını, pulu isə imkan olanda verəcəyini bildirsə də, dəfələrlə istənilməsinə baxmayaraq bu zamana kimi ödəməmişdir. Mübahisənin baxılması üçün ərazi üzrə fəaliyyət göstərən Sabirabad 1 saylı Mediasiya təşkilatına müraciət edilmiş, Cavabdeh tərəfindən müqavilə ilə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsindən imtina edildiyi üçün “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayış alınmışdır. Eyni zamanda, 25 avqust 2023-cü il tarixində Cavabdeh bildiriş (pretenziya) göndərilərək 10 sentyabr 2023-cü il tarixinə qədər öhdəliyinin yerinə yetirməsi tələb edilsə də, onun tərəfindən heç bir hərəkət edilməmişdir. Cavabdeh Elsəvər oğlu üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək MMC-nin pul vəsaitini qanunsuz olaraq saxlayaraq qaytarmamışdır. Ona görə əldə etdiyi malın dəyəri ilə yanaşı gecikdirməyə görə faizləri və hüquqi müdafiəyə görə ödənilmiş rüsumları və çəkilmiş xərcləri də ödəməlidir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2020-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2016-cı il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda İmişli rayonu, İmişli şəhəri, heydər Əliyev prospekti, ev 225 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 09/20 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, hazırki müqaviləyə əsasən “Satıcı” sifariş verilmiş malları “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə həmin malı qəbul edib əvəzində razılaşdırılmış pul məbləğini ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, malın qiyməti və həmn qiymətlərin qüvvədə olma müddəti hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırma protokolu ilə müəyyən edilir. 1.5-ci bəndinə əsasən, malın daşınması və çatdırılması “Satıcı”nın öz qüvvə və vəsaiti hesabına icra edilir və malın qiymətinə daxildir. 2.4.5-ci maddəsinə əsasən, “Alıcı” alınmış malı satdıqdan sonra dəyərini hazırkı müqavilə ilə razılaşdırılmış vaxtda satıcıya ödəməlidir. 3.1-ci bəndinə əsasən, ödəniş “Satıcı” tərəfindən verilmiş hesab-faktura və qanunvericiliklə müəyyən edilmiş digər maliyyə sənədləri əsasında icra edilir. 3.7-ci bəndinə əsasən, tərəflər arasında hər 2 (iki) ayda bir dəfədən az olmayaraq üzləşmə aktı tərtib və təsdiq edilməlidir. 8.2-ci bəndinə əsasən, müqavilə 1 il müddətinə qüvvədədir. xx.xx.2021-ci il tarixdə gündən qüvvəyə minir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 611436 nömrəli, xx.xx.2020-ci il tarixli 611439 nömrəli, xx.xx.2020-ci il tarixli 611442 nömrəli, xx.xx.2020-ci il tarixli 611443 nömrəli və xx.xx.2020-ci il tarixli 611455 nömrəli “Malların təhvil-qəbul akt”larından görünür ki, İddiaçı tərəfindən ümumilikdə cəmi 12813,57 manat dəyərində mal Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 040738 saylı, xx.xx.2020-ci il tarixli 379878 saylı, xx.xx.2020-ci il tarixli 380066 saylı, xx.xx.2020-ci il tarixli 288713 saylı və xx.xx.2020-ci il tarixli 059223 saylı elektron qaimələrin surətindən görünür ki, İddiaçı tərəfindən ümumi dəyəri 12813,57 manat olan mallar Cavabdeh təqdim edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2020-ci il tarixli 09/20 saylı nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 12851 manat məbləğində borcun 3 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasının davam etdirilməsinə Cavabdeh razılıq verməmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışın surətindən görünür ki, İddiaçı MMC mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan ümumi dəyəri 12813,57 manat olan malların cavabdehə təhvil verilməsi (təhvil-qəbul aktlarına əsasən) və təhvil verilmiş malların ümumi dəyərinin 12813,57 manat məbləğində olması (elektron qaimələrə əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 12813,57 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, malların təhvil verilməsinə dair qaimələrə, cavabdehə göndərilmiş elektron qaimələrə, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşür. Lakin, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair aktları, malların verilməsi barədə elektron qaimələri və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 12813,57 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 12813,57 manat məbləğində borcun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 12813,57 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, onların dəyərini ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddianın 200 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini əsaslı hesab edərək qeyd edir ki, Cavabdeh müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 144 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbini cavabdehdən pul məbləğinin ödənilməsi ilə bağlı gecikdirilmiş vaxt üçün 3843 manat məbləğində cərimənin (gecikdirmə faizinin) tutulması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, əvvəla tərəflər arasında imzalanmış müqavilədə öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi halında cavabdehin gecikdirmə faizi və ya dəbbə (cərimə, penya) ödəyəcəyi ilə bağlı razılaşma nəzərdə tutulmamışdır. Digər tərəfdən iddiaçı, cavabdehin ödənişi icra etməməsi nəticəsində real zərər və ya əldən çıxmış fayda şəklində zərərə uğraması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı pul öhdəliyinin cavabdeh tərəfindən gecikdirilməsini əsas tutaraq, cavabdehin pul məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar illik 10 faizlə hesablanmaqla gecikdirmə faizinin tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının gecikdirmə faizinin ödənilməsi barədə tələb hüququ yaransa da, həmin faiz məbləği iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, iddia ərizəsində gecikdirmə faizinin hansı vaxt dövründə, hansı məbləğdə borca münasibətdə hesablandığı əsaslandırılmamışdır. Bununla yanaşı iddiaçı həmin məbləğin müəyyən edilməsi ilə bağlı vəsatət də təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasının təsbit edildiyini əsas tutaraq bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş tələblərə əsasən gecikdirmə faizinin hansı məbləğdə olması ilə bağlı sübut təqdim edilmədiyinə görə iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin, iddia tələbini poçt, yol xərci və itirilmiş iş saatı üçün 500 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə əlaqədar iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyinə görə, həmin hissədə iddia tələbinin əsassız olduğu qənaətinə gəlir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 09/20 nömrəli alqı-satqı müqaviləsi üzrə 12.813 manat məbləğində borc, 200 manat məbləğində mediasiya xərci və ödənilmiş 144 manat dövlət rüsumu olmaqla, cəmi 13.157 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar