Məhkəmə qərarları › İş №e-2-2(121)-1684/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1684/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1684/2022 23.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.889 manat məbləğində pul, maddi ziyan kimi 500 manat vəkilə ödənilən pul, 59 manat məbləğində dövlət rüsumunun, cəmi 3.448 manat pulun və 60 manat mediasiya üçün ödənilən rüsumun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, ev 1, mənzil 2-də yaşayan Cavabdeh iddiaçıya borcludur. Belə ki, ********** VÖEN-lə fəaliyyət göstərən Cavabdeh 5 dəfə ********** saylı VÖEN-lə elektron qaimə əsasında xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixdə məndən 4889 manat dəyərində ərzaq məhsulları satmışam və tez bir zamanda qaytaracağını bildirmişdir. Cavabdeh ümumilikdə sonra götürdüyü malın dəyərindən 2000 manat ödəmişdir. Qalan 2889 (iki min səkkiz yüzsəksən doqquz) manat pulu ödəməmişdir. Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət etdikdən sonra bu məsələ Binəqədi rayon Pİ 5-ci PB-də araşdırılmış və cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, ev 1, mənzil 2-də yaşayan Cavabdeh 2889 (İki min səkkiz yüz səksən doqquz)manat borcu qaldığını bildirmişdir və bu barədə izahatı alınmışdır. Hazırki iş üzrə X1 apardığı ilkin mediasiya prosesində iştirak etdik və cavabdehin iştirakı mümkün olmadığından barışıq olmadı və İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə arayış təqdim edildi. 60 manat mediasiya üçün rüsum ödənilmiş və iddia tələbi üzrə 59 manat dövlət rüsumu nəzərədə tutulduğundan Dövlət Rüsmumu haqqında Qanunun9.1-1 maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2- ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Halbuki Lənkəran rayon Məhkəməsində daha əvvəl 59 manat dövlət rüsumu ödənilib. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1684/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə iddia “59 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması” hissəsində baxılmamış saxlanılması qət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 061-11033A nömrəli məktubun surətindən görünür ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən İddiaçı müraciətinə baxılmış və müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün mülki qaydada məhkəməyə müraciət edilməsi izah edilmişdir. İş materiallarında olan Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən alınmış izahatdan görünür ki, Hüseynov X2 Samir Söhrab oğluna 2.889 manat məbləğində borcunun olmasını və həmin borcun 2021-ci ilin iyul ayının axırına kimi qaytaracağını bildirmişdir. İş materiallarında olan elektron qaimələrin surətlərindən görünür ki, İddiaçı tərəfindən 4.889,21 manat məbləğində ərzaq məhsulları Cavabdeh təqdim edilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il, MŞL-00227 saylı arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya dair xərc ödəmişdir. İş materiallarında olan 9072 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Salyan rayon Vəkil Bürosuna vəkil xidmətinin göstərilməsi üçün 501 manat məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı 4.889 manat dəyərində ərzaq məhsullarını cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən şifahi müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə cəmi 2.889 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə, sadalanan xüsusatlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh qeyd olunan şifahi razılaşma əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia borcun ödənilməsi hissəsində təmin edilərək, 2.889 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Hazırki iddia tələbi üzrə cavabdehin borclu olması Binəqədi RP İ-nin 5-ci Polis Bölməsinin araşdırması zamanı cavabdehin verdiyi izahatı ilə də öz təsdiqini tapır. Bundan əlavə, cavabdeh tərəfindən borcun olmamasına dair, o cümlədən borcun tam və ya qismən ödənilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatları (izahatın mülki iş üzrə icraat zamanı və ya cinayət təqibi zamanı verilməsindən asılı olmayaraq) sübut növlərindən biridir. Mülki prosessual qanunvericilikdə tərəflərin tələb və etirazları ilə bağlı cinayət təqibi zamanı toplanmış sübutların mülki məhkəmə icraatı zamanı sübut kimi qəbul edilməsini, məhkəmə tərəfindən araşdırılmasını və həmin sübutlara mülki icraat çərçivəsində hüquqi qiymət verilməsini qadağan edən hər hansı norma yoxdur. Məhkəmə, iddia tələbinin “500 manat vəkilə ödənilən pulun cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, 300 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, 60 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2.889 manat məbləğində pul, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat və 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 3.249 (üç min iki yüz qırx doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar