Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1697/2022 23.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.180 manat pulun və mediasiya xərcinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qonşu kəndçisidir və başqalarından aldığı kimi ondan da süpürgə nisyə alaraq satırdı. Belə ki, o İddiaçı 2021-ci ilin may ayından sentyabr ayına kimi pulu vermək şərti ilə 2080 manat dəyərində süpürgə almışdır. Lakin razılaşdıqları müddətdə nisyə aldığı süpürgələrin pulunu verməmişdir. O süpürgələri nisyə olaraq cavabdehə satmış və pulunu aralarında olan razılaşmaya əsasən müəyyənləşdirilmiş müddətdə ona verməyi cavabdeh öhdəsinə götürmüşdür. Lakin cavabdeh aralarında olan razılaşmanın şərtlərini pozmuşdur. Pulunun verilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş, lakin həmin puldan bu günə kimi 900 manat qaytarmış, digr pulunu isə verməmişdir. Bundan sonra o ərizə ilə Masallı RPŞ-nə müraciət etmiş, araşdırma aparılmış, cavabdehin izahatı alınmış və izahatında ona və digər dostlarına həmin məbləğdə borclu olması təsdiq edilmişdir. Lakin həmin izahatlar ona verilməmiş və məhkəmə tərəfindən sorğu verildiyi halda məhkəməyə təqdim edəcəkləri bildirilmiş, bu barədə RPŞ-dən ona məktub verilmişdir. Bundan sonra tərəflər arasında münasibətlər kommersiya münasibətləri olduğundan ilk öncə mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiyaya da gəlməmişdir. Odur ki, borc ödənilmədiyindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı mübahisənin məhkəmə icraatı zamanı cavabdeh tərəfindən ona 110 manat məbləğində pulun ödənildiyini qeyd edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Masallı Rayon Polis Şöbəsi tərəfindən İddiaçı müraciətinə baxılmış və müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün mülki qaydada məhkəməyə müraciət edilməsi izah edilmişdir. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsi tərəfindən alınmış xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh İddiaçı 1.170 manat məbləğində borcunun olmasını etiraf etmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il, MŞİH-16036 saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya dair xərc ödəmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı 2.080 manat dəyərində süpürgəni cavabdehə satmağı, cavabdeh isə həmin malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı, mübahisəyə məhkəmədə baxılarkən cavabdeh tərəfindən iddiaçıya 110 manat məbləğində pul qaytarılmışdır. Bununla da, iddiaçı tərəfindən şifahi müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya cəmi 1.070 manat borcu qalmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh ilə aralarında bağlanılmış şifahi müqavilə üzrə borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə, sadalanan xüsusatlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh qeyd olunan şifahi razılaşma əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Həmçinin, məhkəmə iclasında iddiaçı məhkəmə icraatı zamanı cavabdeh tərəfindən ona 110 manat məbləğində pulun qaytarıldığını bildirmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia borcun ödənilməsi hissəsində qismən təmin edilərək, 1.070 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Hazırki iddia tələbi üzrə cavabdehin borclu olması Masallı Rayon Polis Şöbəsinin araşdırması zamanı cavabdehin verdiyi izahatı ilə də öz təsdiqini tapır. Bundan əlavə, cavabdeh tərəfindən borcun olmamasına dair, o cümlədən borcun tam və ya qismən ödənilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatları (izahatın mülki iş üzrə icraat zamanı və ya cinayət təqibi zamanı verilməsindən asılı olmayaraq) sübut növlərindən biridir. Mülki prosessual qanunvericilikdə tərəflərin tələb və etirazları ilə bağlı cinayət təqibi zamanı toplanmış sübutların mülki məhkəmə icraatı zamanı sübut kimi qəbul edilməsini, məhkəmə tərəfindən araşdırılmasını və həmin sübutlara mülki icraat çərçivəsində hüquqi qiymət verilməsini qadağan edən hər hansı norma yoxdur. Həmçinin, məhkəmə hesab edir ki, 60 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.070 (bir min yetmiş) manat pul və 60 (altmış) manat mediasiya xərci olmaqla, ümumilikdə 1.130 (bir min yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1697/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1697/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver