Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-170/2024 25.01.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 1000 manat 60 qəpik, hesablanmış cəriməyə görə 201 manat 00 qəpik və ödənilmiş mediasiya rüsumuna görə 60,0 manat olmaqla, cəmi 1261 manat 60 qəpik pulun alınaraq “MKT İstehsalat Kommersiya“ MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-İmişli” filialı və cavabdeh arasında bağlanmış 22 376 168 saylı 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 3,30 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 3770,66 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 3285,08 kq, 2628,06 manat dəyərində xam-pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 142,0 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə Cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 1000,60 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-İmişli” filialı ilə Cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 201 manat 00 qəpik təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Keçirilmiş ilkin mediasiya sessiyasında tərəflər arasında borcun hissə-hissə ödənilməsinə dair barışıq əldə edilməsinə baxmayaraq, cavabdeh sözügedən barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-2567/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı “MKT-İmişli” filialı (müqavilədə “Alıcı”) və Cavabdeh arasında bağlanmış 22 376 168 saylı 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilənin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti 2022-ci il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, Satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlükdə Alıcıya təhvil verilib satılması və Alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin Satıcıya ödənilməsindən ibarətdir; 2.1.2-ci bəndinə əsasən, “Satıcı” 3,3 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlükdə kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə “Alıcı”nın mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2022-ci il tarixindən gec olmayaraq təhvil verir; 2.1.4-cü bəndinə əsasən, Satıcının Alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı Alıcıya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə o halda Satıcı həmin yaranan fərqi ödəməyə borcludur. Avans bu müqavilə üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotxniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması nəticəsində Satısının Alıcı qarşısında yaranan borc öhdəliyi nəzərdə tutulur; 2.1.5-ci bəndinə əsasən, Satıcı bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılmasını öhdəsinə götürür; 4.2-ci bəndinə əsasən, Satıcı müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0.1% həcmdə Alıcıya cərimə ödəyir. İş materiallarında olan İddiaçı “MKT-İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22 376 168 saylı 2022-ci il mövsümü üzrə xam pambığın alqısatqısına dair müqaviləyə əlavə olaraq, tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. İş materiallarında olan iş aktları üzrə İddiaçı “MKT-İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22 376 168 saylı müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən Cavabdeh sahəsinə müvafiq xidmətlər göstərilmişdir. İş materiallarında olan görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən görünür ki, 22 376 168 nömrəli müqavilə üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Cavabdeh aid sahəyə müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, mallar verilmiş, həmçinin nağd pul vəsaiti verilmişdir. Həmin cədvələ əsasən ümumilikdə iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətin, görülən işlərin və ödənilən nağd vəsaitin ümumi dəyəri 3770,66 manat olmuş, cavabdeh tərəfindən iddiaçıya isə 2770,064 manat dəyərində xammal və pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 362539 nömrəli pambıq qəbul qəbzinə əsasən, Cavabdeh tərəfindən "xxxx" MMC-yə 2628,06 manat məbləğində xam pambıq təhvil verilmişdir. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı tərəfindən 22 376 168 nömrəli müqaviləyə əsasən Cavabdeh 201,50 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya Təşkilatında İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Barışıq sazişi”nin surətindən görünür ki, həmin sazişlə tərəflər razılaşmışlar ki, Cavabdeh əsas borcunun 42 manat hissəsini xx.xx.2023-cü il tarixdə, qalan 1100 manat hissəsini isə hissə-hissə İddiaçı MMC-nin hesabına ödəyir. İş materiallarında olan “Mediasiya prosesinə xitam verilməsi haqqında Protokol”un surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat vəsait ödəmişdir. Beləliklə işin qeyd edilən faktiki hallarına əsasən müəyyən olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən, iş aktlarından, hesabdan çıxarışdan görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 3770,66 manat təşkil edən aqrotexniki xidmətləri, mal-materialı, nağd vəsaiti və s. təhvil alsa da, bunun müqabilində iddiaçıya ümumi dəyəri 2770,064 manat təşkil edən xam-pambıq təhvil vermişdir. Nəticədə onun iddiaçıya 1000,60 manat borcu yaranmışdır. Bununla da Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Məhkəmə qeyd edir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Lakin, iş materiallarında olan “Barışıq sazişi”nin surətindən göründüyü kimi Cavabdeh həmin sazişi imzalayaraq iddiaçıya 1142 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə, tələb olunan borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir. Məhkəmə hesab edir ki, iddianın maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İddiaçının cavabdehə verdiyi avansın qaytarılmayan hissəsinin tutulmasına dair icra tələbi həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək cavabdehə 3770,66 manat məbləğində avans vermişdir, lakin bunun qarşılığında cavabdeh 2770,064 manat dəyərində olan 3285,08 kq xam pambığı iddiaçıya təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur. Nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 1000,60 manat borcu qalmışdır. Buna görə də həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0.1% həcmində cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü miqdarda xam pambıq təhvil vermədiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 201 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 20 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, Cavabdeh müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı 30,2 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu müştərək qaydada cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1000,60 manat məbləğində əsas borc, 20 manat cərimə, 60 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 1080,60 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 30,2 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-170/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-170/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver