Məhkəmə qərarları › İş №e-2-2(121)-1711/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1711/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1711/2024 23.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı ASCnin cavabdeh Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdeh Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının X1 ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı – İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc 1.858,85 (bir min səkkiz yüz əlli səkkiz manat 85 qəpik) (ƏDV daxil) manat, cərimə sanksiyası olaraq 185,88 (bir yüz səksən beş manat 88 qəpik) manat pulun (cəmi 2 044,73 manat) və ödənilmiş 40,44 (qırx manat 44 qəpik) manat dövlət rüsumunun cavabdeh Ağcabədi rayon İH-nin Şənlik kəndİ Ərazi dairəsi üzrə nümayəndəliyindən tutulub ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının X1 Ərazi Dairəsi üzrə nümayəndəliyi arasında ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 21 sentyabr tarixli SA-293 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ASC (İcraçı) müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Ağcabədi rayon İH-nin Şənlik kənd İƏD üzrə nümayəndəliyinin (Sifarişçinin) təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Ağcabədi rayon İH-nin Şənlik kənd İƏD üzrə nümayəndəliyi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Lakin, Ağcabədi rayon İH-nin Şənlik kənd İƏD üzrə nümayəndəliyi müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməmiş və İddiaçı ASC-yə aldığı ərzaq məhsulları üzrə ödənişi həyata keçirməmişdir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 29 400 (iyirmi doqquz min dörd yüz) manat təşkil edir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən Sifarişçi Əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi növbəti ayın 10-dək İcraçının Müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bildiririk ki, 2020-ci il 21 sentyabr tarixli SA-293 saylı müqavilə üzrə öhdəliyimizin tam icra olunmasına baxmayaraq alınmış ərzaq məhsullarının pulu ödənilməmişdir. Ağcabədi rayon İH-nin Şənlik kənd İƏD üzrə nümayəndəliyi tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş, 1 858,85 (bir min səkkiz yüz əlli səkkiz manat 85 qəpik) (ƏDV daxil) manat dəyərində ərzaq məhsullarının dəyəri Cəmiyyətə ödənilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilə üzrə ümumilikdə 1 858,85 (bir min səkkiz yüz əlli səkkiz manat 85 qəpik) (ƏDV daxil) manat təşkil edir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən Sifarişçi üzrlü səbəb olmadan Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, İcraçı hər gecikdirilmiş gün üçün Müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin qiymətinin 10 (on) faizindən çox olmamalıdır. Cavabdeh tərəfindən Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələr aparmadığından iddiaçının hər gecikdirilmiş gün üçün Müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq etmək hüququ yaranmışdır. Ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 21 sentyabr tarixli SA- 293 saylı müqavilə 2021-ci ilin 31 dekabr tarixinədək qüvvədə olmuşdur. 2 il 3 ay ərzində cavabdeh tərəfindən öhdəlik icra olunmadığından, həmin müqavilənin 9.2 və 9.3-cü bəndlərinə əsasən cavabdehə 185,88 (bir yüz səksən beş manat 88 qəpik) dəyərində cərimə sanksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, onun rəsmi qeydiyyat ünvanı üzrə xx.xx.2024-cü il tarixdə bildirişin təqdim olunmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Şənlik Kənd Ərazi Nümayəndəliyi arasında xx.xx.2020-ci il tarixli, SA-293 saylı müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli “Qarşılıqlı hesablaşma aktı”ndan görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixinə 1.858,85 manat borcunun olması müəyyən edilmişdir. “Üzləşmə Aktı” cavabdehin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışın surətindən görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli, SA-293 saylı müqaviləsi üzrə 1.858,85 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2024-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı ASC ilə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Şənlik kənd ərazi Nümayəndəliyi arasında bağlanmış müqavilə üzrə 1.858,85 borcunun olması, borc ödənilmədiyi halda borcun tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Şənlik kənd ərazi Nümayəndəliyi məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsi üçün 40,44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, SA-293 saylı müqavilə təşkil edir. Hazırkı işdə iddiaçının müqavilə üzrə cavabdehə malları təhvil verməsi, sonuncunun həmin malları təhvil alması nəticəsində ümumilikdə 1858,85 manat borcunun olması işin mübahisəsiz halını təşkil edir. Odur ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli üzləşmə aktı imzalanmışdır. Həmin akta əsasən xx.xx.2021-ci il tarixə cavabdehin iddiaçıya 1.858,85 manat borcunun olması müəyyən edilmişdir. Həmin üzləşmə aktı cavabdeh tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 1.858,85 manat borcunun olması iş materiallarında olan sənədlərlə təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun tam və ya qismən ödənilməsinə dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin 185,88 manat cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə 185,88 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 40,44 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin əsaslıdır. Belə ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40,44 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyindən xx.xx.2020-ci il tarixli, SA-293 saylı müqavilə üzrə 1.858,85 manat əsas borc, 185,88 manat cərimə borcu və 40,44 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.085,17 (iki min səksən beş manat, on yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar