Məhkəmə qərarları › İş №e-2-2(121)-1722/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1722/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1722/2025 05.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 503 saylı 2022-ci il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqavilə üzrə 1795 manat əsas, 247,25 manat cərimə, cəmi 2042,25 manat pulun və ödənilmiş 40,42 manat dövlət rüsumunun, ümumilikdə 2082 manat 67 qəpik pul vəsaitinin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh (fermer) Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 503 saylı 2022-ci il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqaviləyə əsasən cavabdeh öhdəsində olan 1,5 hektar torpaq sahəsində pambıq əkib-becərməsini, yığılmasını və satışını üzərinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh toxumluq çiyid, nağd pul və digər vasitələr üzrə ümumilikdə 1795 manat vəsait verilmişdir. Müqavilənin 2.6, 2.7, 2.8-ci bəndlərinə əsasən cavabdeh torpağın şumlanmasından başlayaraq pambığın əkilib-becərilməsi və yığılmasınadək bütün aqrotexniki tədbirləri vaxtında, keyfiyyətlə aparmasını, hər hektardan minimum 30 sentner yüksək keyfiyyətli xam pambıq istehsal etməsini, İddiaçı MMC-dən aldığı nağd pul avansını, habelə hər hansı formada göstərilən xidmətlərin dəyərini istehsal etdiyi xam pambıqla 01 noyabr 2022-ci ilədək, müstəsna hallarda 01 dekabr 2022-ci ilədək tam ödəməsini öhdəsinə götürmüsdür. Yığım mövsümü başa çatmasına baxmayaraq cavabdeh müqavilə şərtlərini tam icra etməmiş və iddiaçıya 1795 manat borcu qalmışdır. Cavabdehin iddiaçıya 1795 manat borclu qalmasını sübut edən hesablaşma və digər sənədlər ərizəyə əlavə edilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən “Fermer” (nümayəndə) üzərinə götürdüyü öhdəliklərdən az miqdarda xam pambıq verərsə, ödənilməyən xam pambığın dəyərinin 5% miqdarında “Cəmiyyət”ə (zavoda) cərimə odəməlidir. Cavabdeh 4500 kq xam pambıq təhvil verməli olduğu halda xam pambıq təhvil verməmişdir. Cavabdehin təhvil verilməyən pambığa görə iddiaçıya 157,5 manat cərimə borcu yaranmışdır (4500 kq x 0,70 AZN (pambığın 1 kq dəyəri) = 3150 AZN x 5% = 157,5 AZN). Müqavilənin 3.5-ci bəndinin tələbinə görə “Fermer” (nümayəndə) müqavilə ilə “Cəmiyyət”dən (zavoddan) xam pambıq istehsal etmək üçün avans aldığı pulu toxumluq, çiyid, mineral gübrə və digər təminatların dəyərini xam pambıqla deyil, pul şəklində ödədikdə həmin vəsaitin 5% miqdarında cərimə ödəməlidir. Həmin cərimənin məbləği 89,75 manat təşkil etmişdir (1795 AZN x 5% = 89,75 AZN). Müqavilə üzrə cavabdehin "xxxx" MMC-yə 1795 manat əsas, 247,25 manat cərimə, cəmi 2042,25 manat borcu yaranmışdır. Mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi üçün cavabdehə pretenziya məktubu göndərilərək borcunu 10 müddətinə ödəməsi tələb olunmuşdur, lakin cavabdeh tərəfindən kreditorun pretenziyasına cavab verilməmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh izahatında borcu qəbul etdiyini, bu vaxta kimi ödəməkdə çətinlik çəkdiyini, bundan sonra borcunu ödəyəcəyini bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1 kəndi ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı MMC-nin Saatlı filialının direktoru X1 ilə Saatlı rayonu, Çahar kənd sakini Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 503 nömrəli alqısatqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Bu Müqavilə “Cəmiyyət”in (zavodun) ona avans verdiyi nəqd pul və digər təminatlar, göstərdiyi müxtəlif xidmətlər əsasında “Fermer” (nümayəndə) tərəfindən pambığın əkilib becərilməsi, yığılması və satışı zamanı “Fermer”lə (nümayəndə) “Cəmiyyət” (zavod) arasındakı əməkdaşlıqdan bəhs edir. 2.2-ci bəndinə əsasən, Bu “Müqavilə” ilə nəzərdə tutulmuş avans pul vəsaitini “Fermer”ə (nümayəndəyə) bilavasitə onun bank kartına köçürmə yolu ilə və ya nəqd olaraq hissə-hissə ödəməyi, 2.3-cü bəndinə əsasən, “Fermer”in (nümayəndənin) satmaq üçün “Cəmiyyət”ə(zavoda) gətirdiyi xam pambığı onların özlünün və ya vəkalətli nümayəndəsinin iştirakı ilə qüvvədə olan təlimata və standartlara uyğun yetişmiş, təmiz, içərsində kənar qarışıq olmadan labaratoriyada analiz edildikdən sonra nəmlik və zibillilik növünə uyğun kondisiya çəkidə qəbul etməyi, 2.4-cü bəndinə əsasən, "Cəmiyyət" (Zavod) “Fermer”dən (nümayəndədən) qəbul etdiyi xam pambığın kondisiya kütləsinin 1 tonu üçün: İ növ -700 manat, İİ növ – 680 manat, İİİ növ – 640 manat, İV növ – 600 manat, olmaqla pul vəsaiti hesablayır və “Fermer"ə (nümayəndəyə), avans verdiyi pul və digər təminatlar,habelə, hər hansı formada göstərdiyi müxtəlif xidmətlərə görə yaranan avans borcunu çixdiqdan sonra pambığın tarladan yığım pulunu verməklə qalan borcu hissə-hissə 31 dekabr 2022 cı il tarixə kimi ona nəqd və ya bank kartına köçürməklə ödəməyi, “Fermer” (nümayəndə) öhdəsinə götürür. İş materiallarında olan “məxaric xəzinə orderinin” surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 2022-ci ilin məhsuluna avans olaraq ümumilikdə 1351 manat dəyərində nağd pul vəsaiti verilmişdir. İş materiallarında olan iş aktlarının, təhvil-qəbul qəbzlərinin surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh sahəsində müvafiq aqrotexniki işlər görülmüş və xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli 503 saylı 2022-ci il tarixli, xam pambğın istehsalı və tədarükünə dair müqavilə üzrə cavadeh Cavabdeh İddiaçı MMC-nə olan əsas məbləğ üzrə borcu 1795, cərimə borcu 246,08 manat olmaqla cəmi 2042,25 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən pambığın becərilməsi ilə bağlı Cavabdeh verilmiş avansın məbləğindən ödəniməmiş 1795 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, işin qeyd olunan faktiki hallarına əsasən müəyyən edir ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xam pambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Həmin razılığa əsasən iddiaçı cavabdehə ümumilkdə 1795 manat məbləğində avans verməsinə baxmayaraq, bunun müqabilində cavabdehin xam-pambıq təhvil vermədiyini, ödənilməyən 1795 manat məbləğində borcu qaldığını iddia edir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterini aşkara çıxararaq ona hüquqi qiymət verməyi, bununla da iddia tələbinin maddi hüquqi əsasını müəyyən etməyi zəruri sayır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı xam pambığın alğısatqısına dair razılığa gəldiklərini nəzərə alaraq pambığın əkilməsi üçün cavabdehə avans olaraq müvafiq xidmətlər göstərmiş, iş görmüş, mal-material və nağd pul vəsaiti vermişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından, eləcə də işin mübahisə olunmayan faktiki hallarına əsasən gəlinən qənaətdən belə nəticə çıxarmaq olur ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə göstərilmiş xidmətlərin və s. təyinatı alınan əşyanın qabaqcadan qismən ödənilməsindən ibarət olmuşdur. Məhkəmə, şərh olunanları nəzərə alaraq tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və həmin münasibətlər struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin təyinatı cavabdehin ona məxsus olan sahədən məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, işin müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin alğı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Bu səbəbdən, tərəflər arasında yaranmış hüquq münasibəti, onların müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alğı-satqı müqaviləsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında bağlanılmış xam pambığın alğı-satqısına dair müqavilədən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması məqsədi ilə cavabdehə xidmətlər göstərilməsi şəklində avans verilməsini öhdəsinə götürmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə 5015,60 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. Cavabdeh isə razılaşma üzrə öz üzərinə düşən öhdəliyi tam yerinə yetriməmiş, xam pambıq təhvil verməmiş və nəticədə onun iddiaçıya ödənilməyən 1795 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh işitrak etdiyi məhkəmə iclasında verdiyi izahatında iddianı etiraf edərək tələbi tam şəkildə qəbul etdiyini bildirmişdir. Belə olan halda məhkəmə, tələb olunan borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə müəyyən olunur ki, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdeh tərəfindən pozulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İddiaçının cavabdehə verdiyi avansın qaytarılmayan hissəsinin tutulmasına dair itələbi həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə, cavabdeh müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil vermədiyi təqdirdə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü miqdarda xam pambıq təhvil vermədiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 247,25 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 20 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 503 nömrəli müqavilə üzrə 1795 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə borcu və ödənilmiş 40,42 manat dövlət rüsumu məbləği olmaqla, ümumilikdə 1855,42 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar