Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1731/2025 05.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 105/07/24XCZ-BSM№-li, xx.xx.2024-cü il tarixli hazır məhsulun satışı barədə müqavilə üzrə ödənilməmiş 7416.63 manat məbləğində pulun və 94.16 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o uzun illərdir ki, ********** № li VÖEN-lə dövlət qeydiyyatından keçməklə fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, çörək məmulatlarının bişirilməsi və onun satışı ilə məşğuldur. Cavabdehlə aralarında 05/07/24XCZ-BSM№-li, xx.xx.2024-cü il tarixli hazır məhsulun satışı barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, öz istehsalı olan çörək məmulatları cavabdehə satılmışdır. Cavabdeh alınan çörəklərin dəyərini 10 gün müddətində ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürsə də, yerinə yetirməmiş, öhdəliyindən əsassız bəhanələrlə boyun qaçırmağa çalışmışdır. Belə ki, Baxşəliyev Seyidlə onun arasında imzalanmış xx.xx.2024cü il tarixli üzləşmə aktına əsasən, onun iddiaçıya 7416.63 manat məbləğində borcu müəyyən edilmişdir. Həmin aktda cavabdeh özü şəxsən imza çəkmiş və öz imzası ilə sözü gedən məmulatları qəbul etdiyini təsdiq etmişdir. Aralarında yaranmış mübahisə ilə bağlı elektron qaimələr iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi təhvil verilən mallar üzrə 7416.63 manat məbləğində pul ona ödənilməmişdir. Bununla bağlı xx.xx.2025-cü il tarixli pretenziya məktubu lə cavabdehə müraciət olunsa da, cavabdeh ödənişi ödəməkdən yayınır. Aralarında bağlanılmış 05/07/24XCZ-BSM№-li, xx.xx.2024-cü il tarixli müqavilənin 4-cü bəndi cavabdeh tərəfindən qanunsuz olaraq yerinə yetirilməmişdir. İddiaçı X3 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasında verdiyi izahatında satıcı işlədiyi mağazaya mal alınması üçün iddiaçı ilə razılaşdırıldığını, həmin vaxt adına VÖEN olduğuna görə müqavilənin onunla bağlandığını və üzləşmə aktını da özünün imzaladığını, əslində borclu olan şəxsin işlədiyi mağazanın sahibi olan X4 olduğunu, həmin şəxs haqqında hazırda cinayət işi açıldığını və həbsdə olduğunu, özünün də həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, borcun həqiqətən mövcud olduğunu, lakin həmin borca görə cavabdehlik daşıyan şəxs olmadığını bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında iştirak edən cavabdehin izahatına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05/07/24XCZ-BSM 05/07/24XCZ-BSM nömrəli alqı-satqı müqaviləsinə əsasən “Satıcı” “Alıcı”nın tələb və sifarişinə müvafiq olaraq öz istehsalı olan çörək məmulatını ona satmağı, “Alıcı” isə verdiyi sifariş əsasında “Satıcı”dan çörək məmulatını qəbul etməyi və onun dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh təhvil verilmiş malların ümumi dəyəri 14093 manat məbləğindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Üzləşmə aktı”ndan görünür ki, həmin aktla Cavabdeh X2 7416,63 manat borcunun olması tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı X3 xx.xx.2024-cü il tarixli, 05/07/24XCZ-BSM nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 7416,63 manat məbləğində pulun 3 gün ərzində geri qaytarılmasını tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları belədir ki, iddiaçı özünün idxal etdiyi çörək məmulatlarını cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə çatdıraraq ona təhvil vermək, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul məbləğini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malı cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alqı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulan alqı-satqı müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış alğı-satqı müqaviləsindən (malların nisyə satışından) irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini tam icra etdiyini, cavabdehin isə öhdəliyini lazımınca icra etmədiyini iddia edir. Cavabdeh isə borcu mübahisələndirməsə də, həmin borca görə cavabdehlik daşıyan şəxs olmadığını bildirir. Məhkəmə qeyd edir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğısatqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının müqavilənin obyekti olan çörək məmulatlarını cavabdehə təhvil verməsi, təhvil verilən malların ümumi dəyərinin 14093 manat təşkil etməsi, cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya 7416,63 manat məbləğində borcunun olması işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh müqaviləni, üzləşmə aktını özünün imzalamasını qəbul etməklə yanaşı, malların özünün istifadəsi üçün deyil, satıcı işlədiyi mağazada satılması üçün alındığını, buna görə də malların dəyərinin ödənilməməsinə görə mağazanın sahibinin məsuliyyət daşıdığını iddia edir. Məhkəmə, cavabdehin öz etirazının əsası kimi istinad etdiyi halla əlaqədar hüquqi qiymətləndirmə apararaq qeyd edir ki, cavabdehin alınan malların işlədiyi mağazada satılması üçün əldə edildiyi və buna görə də həmin malların dəyərinin ödənilməməsinə görə cavabdehlik daşımaması barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, müqavilənin digər tərəfi olan iddiaçı üçün satdığı malların hansı məqsədlə və kimin mənafeyi üçün əldə edildiyinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Müqavilə olan hadisələrin normal axarı şəraitində satıcı vəzifəsində işləyən şəxsin çalışdığı mağazanın adından Belə olan halda məhkəmə, tələb olunan alqı-satqı müqaviləsi üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Həmçinin məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, üzləşmə aktını, elektron qaimələri və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan məmulatların qiymətini təşkil edən 7416,63 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 7416,63 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 7416,63 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğısatqı obyekti olan çörək məmulatlarını cavabdehə vermişdir, lakin cavabdeh çörək məmulatlarını təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası haqlı və qanunidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119 və 216-220 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 05/07/24XCZ-BSM nömrəli müqavilə üzrə 7416,63 manat məbləğində borc və ödənilmiş 94,16 manat dövlət rüsumu olmaqla, cəmi 7510,79 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1731/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1731/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver