Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1741/2025 15.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC Cavabdeh MMC–yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 07 may 2024-cü il tarixli, O1602 saylı “Alqı-satqı” müqaviləsinə əsasən 62152,35 manat əsas borcun, 2809,62 manat illik 5% məbləğində borcun, 286 manat dövlət rüsumu, 320 manat göstərilən hüquqi yardıma görə xərcin, cəmi 65567,97 manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 07 may 2024-cü il tarixli, O1602 saylı “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”nın sifarişi əsasında malları satmağı, “Alıcı” isə satılan malları qəbul edib əvəzində Müqavilə ilə müəyyənləşdirilmiş məbləği “Satıcı”ya əvvəlcədən avans olaraq ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.2ci bəndinə əsasən Müqavilənin predmetini təşkil edən malların sayı, dəyəri və digər məlumatlar haqqında müqavilənin ayrılmaz hissəsi hesab edilən əlavələrdə əks olunacaqdır. Qeyd olunan müqavilə üzrə Alıcıya ümumilikdə 18% ƏDV daxil 80932,35 manat məbləğində mal təhvil verilmişdir. Qeyd olunan müqavilənin şərtlərinə əsasən cavabdeh şirkətə müvafiq ödəniş üçün xx.xx.2024-cü il tarixli, MT2405 saylı və xx.xx.2024 cü il tarixli EBED saylı elektron qaimələr göndərilmişdir. Cavabdeh tərəf hal-hazırki vaxtadək mövcud müqaviləyə əsasən 18% ƏDV daxil cəmi 18780 manat ödəniş etmişdir. Hal-hazırki vaxta sözügedən müqaviləyə əsasən Cavabdeh MMC-nin ödənilməmiş 62152,35 manat ödənilməmiş qalıq borcu yaranmışdır. Həmin Müqavilənin 2.2.5-ci bəndinə əsasən Alıcı Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada icra etməyi və onların pozulmamasına yol verilməməsini öz öhdəsinə götürür. Cavabdehin hərəkətsizliyi ilə bağlı iddiaçı cəmiyyətə ziyan dəymiş, bunun nəticəsi olaraq AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş gecikdirilmiş vaxt üçün illik 5 (beş) % həcmində cavabdeh tərəfin 2809 manat ödənişi yaranmışdır. 62152.35*5%/100 = 3107,61 manat. 3107,61 manat 365 günlük faiz məbləğidir. Cavabdehin hal-hazırki vaxtadək 330 gün gecikmə günü olduğunu nəzərə alsaq hesablama qaydası aşağıdakı kimidir. 330 gün*3107.61 manat/ 365 gün = 2809,62. 07 may 2024-cüil tarixli, O1602 saylı “Alqı satqı müqaviləsi” üzrə cavabdeh şirkətin iddiaçı cəmiyyətə toplam 64961,97 manat borcu mövcuddur. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2025-ci il tarixində pretenziya göndərilmiş, ancaq hər hansı etirazı daxil olmamışdır
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia tələbinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. 5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında xx.xx.2024-cü il tarixli, O1602 nömrəli alqı-satqı müqaviləsinin bağlanmışdır. Həmin müqavilənin: -1.1-ci bəndinə əsasən, “Satıcı" "Alıcı"nın sifarişi əsasında malları satmağı, "Alıcı" isə satılan malları qəbul edib əvəzində Müqavilə ilə müəyyənləşdirilmiş məbləği "Satıcı"ya əvvəlcədən avans olaraq ödəməyi öhdəsinə götürür. -1.2-ci bəndinə əsasən, "Müqavilə"nin predmetini təşkil edən malların sayı, dəyəri və digər məlumatlar haqqında müqavilənin ayrılmaz hissəsi hesab edilən əlavələrdə (razılaşma protokolları, qaimə-fakturalar) əks olunacaq. -3.1-ci bəndinə əsasən, “Müqavilə”nin dəyəri, malların qiyməti malların təhvil alma gününə Satıcının satış qiymətlərinə uyğun olaraq razılaşma protokollarında və ya elektron qaimə fakturalarında əks olunacaq. -3.2-ci bəndinə əsasən, “Satıcı” tərəfindən sifariş təsdiq edildiyi tarixdən sonra 5 (beş) iş günü ərzində “Alıcı” malların dəyərini 100% həcmində avans şəklində “Satıcı”ya ödəyir.
10. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli, MT2405 10195032 nömrəli 7964,98 manat və xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 449524 nömrəli 72967,72 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
11. Eyni zamanda iş materiallarında olan İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarına və qiymətlərin razılaşdırılması protokollarına görə xx.xx.2024-cü il tarixli, O1602 nömrəli alqı-satqı barədə müqaviləyə əsasən 80932,35 manat dəyərində məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
12. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfindən 18% ƏDV daxil cəmi 18780 manat ödəniş edilmişdir.
13. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış 62152,71 manat borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.
14. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən hüquqi xidmətə görə 320 manat məbləğində pul ödənilmişdir.
15. **********46 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 286 mana dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
21. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi “iddiaçı həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında, malları verməyi, cavabdeh isə həmin malları qəbul edib və müəyyən edilmiş məbləği ödəməyi öhdələrinə götürmüşlər.
22. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, alqı-satqı müqaviləsi tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
23. Eyni zamanda iş materiallarında olan elektron qaimələr, həmçinin təhvil-təslim aktları və qiymətlərin razılaşdırılması protokolları İddiaçı MMC tərəfindən 80932,35 (səksən min doqquz yüz otuz iki manat, otuz beş qəpik) manat dəyərində malların Cavabdeh MMC-yə təhvil verilməsini təsdiq edir.
24. İddiaçı iddia edir ki, cavabdehlə aralarında olan müqavilənin şərtlərinə əməl edərək cavabdehə 80932,35 manat məbləğində mallar təhvil vermiş vermiş, cavabdeh borcundan ümumilikdə 18780 manat ödəniş etmişdir. Nəticədə onun iddiaçıya 62152,35 manat borcu yaranmışdır.
25. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 62152,35 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
26. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən icra müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 % tələbinin məbləği 2.809,62 manat olmaqla müəyyən edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləki, MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
27. Məhkəmə, iddiaçının hüquqi yardımla bağlı ödədiyi 320 manat xərci ağlabatan hesab edərək qeyd edir ki, həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
28. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 286 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 62152,35 manat məbləğində əsas borc, 2809,62 manat məbləğində illik 5% ilə hesablanan gecikdirmə faizi, vəkil hüquqi xidmətə görə ödənilmiş 320 manat xərc və 286 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 65567,97 (altmış beş min beş yüz altmış yeddi manat, doxsan yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev