Məhkəmə qərarları › İş №e-2-2(121)-1744/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1744/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1744/2025 24.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1nun ilə, İddiaçı "xxxx" Müəssisəsinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı "xxxx" Müəssisəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərəkr, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərdə tərtib edilmiş akt, EBAZ N547158 seriyalı xx.xx.2021-ci il tarixli elektron qaimə, EBAZ N609882 seriyalı xx.xx.2021-ci il, elektron qaimələri nəzərə alıb, Cavabdeh 38900,69 manat borcun və tərəfimizdən ödənilən 210 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Birgə Müəssisəsinin bank hesabına ödənilməsinə dair dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" Birgə müəssisəsi arasında malların alqı satqısı ilə bağlı 15 mart 2021-ci il tarixdə 040-21 saylı birgə müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə və əldə edilmiş razılaşma protokoluna əsasən (alıcı) fizikişəxs Cavabdeh (satıcı) "xxxx" BM-dən ümumiməbləği 70.000 manat dəyərində mallar (laminat, PVC, DSP, MDF) və digər mebel aksessuarları sifariş vermişdir. Qeyd olunan məbləğdə mallar sifariz üzrə rəsmi qaydada elektron qaimələr yazılmaqla alıcının ünvanına çatdırılmaqla təhvil verilmişdir. Cavabdeh qəbul etdiyi malların dəyərini iddiaçının bank hesabına hissə-hissə qismən ödəməsinə baxmayaraq müqavilənin şərtlərinə 2022-ci ilin iyun ayınadək əməl etmişdir. Lakin qalan borcunu ödəmədiyinə görə Cavabdeh tərəfimizdən müəssisəyə dəvət edilmişdir. Söhbət əsnasında xahiş etdi ki, borcun bir hissəsini ödəməsi üçün 30 avqust 2022-ci ilədək vaxt verilsin. Borclunun xahişini nəzərə alıb onun iştirakı ilə 11 avqust 2022-ci il tarixdə (borcun etirafına dair) tərəfimizdən akt tərtib edilsədə ödənişdən yenədə yayınmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə onun ünvanına rəsmi məktubla tərəfimizdən müraciət edilərək xəbərdarlıq edildi ki, borcunu ödəmədiyi halda məhkəməyə iddia ərizəsi ilə şikayət edəcəyimizi bildirdik. Cavabdeh müəssisəyə gəlib maddi durumunun yaxşı olmadığına görə əlavə vaxt verilməsini xahiş etdi və xahişini nəzərə alıb 16 yanvar 2023-cü il tarixdə (borcun etiraf edilməsinə dair) tərəfimizdən akt tərtib edildi və ona qalıq borcunu 38900,69 manat məbləğində pulun tam ödənilməsi üçün 30 iyul 2023cü ilədək vaxt verilmişdir. Lakin, cavabdeh yenidən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə xx.xx.2024-cü il tarixdə isə cavabdehin iddiaçıya 38900,69 manat olan borcunun ödənilməsi üçün qarşılıqlı razılaşma əsasında ödəniş cədvəli tərtib edilmişdir. Ödəniş cədvəlinə əsasən hər ay 2000-2800 manat ödəməklə 2025-ci ilin dekabr ayınadək borcun tam ödənilməsi nəzərdə tutulmuşdur. Təəssüflər olsun ki,cavabdeh razılaşmanı pozaraq ödəniş cədvəlinə əməletmədi. Müəssisə rəhbərliyi borcluya qarşı humanist addım ataraq onun xahişini nəzərə almasına baxmayaraq bu günədək borcunu ödəməkdən düşünülmüş halda yayınmaqda davam edir.Əlavə olaraq bildidirik ki, borcun dərhal ödənilməsinə ilə bağlı cavabdehin haliyədə yaşadığı ünvanına 494/24 saylı 19 Dekabr 2024-cü il tarixdə tərəfimizdən pretenziya məktubu göndərilmişdir. Lakin, onunla poçt xidmətinin əməkdaşı mobil telefon vasitəsi ilə əlaqə saxlasada məktubu qəbul etməkdən imtina etmişdir, ona görə də pretenziya məktubu tərəfimizdən cavabdehin elektron vergi kabinetinə göndərilmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən "xxxx" Birgə Müəssisəsinin nümayəndəsi X1 izahatında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdeh tərəfindən 2000 manat məbləğində ödəniş edilmişdir. Hazırda cavabdehin qalıq borcu 36900 manat təşkil edir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. Elektron Məhkəmə İnformasiya Sistemində olan Vergi məlumatlarından görünür ki, Cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və VÖEN:********** verilmişdir.

10. İş materiallarında olan "xxxx" Birgə Müəssisəsi (“Satıcı”) ilə Cavabdeh (“Alıcı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 040-21 nömrəli alqı-satqı müqaviləsinin: -1.1-ci yarımbəndinə əsasən, “Satıcı” satdığı bütün məhsulları əvvəıcədən şifahi və ya yazılı surətdə razılaşmış qiymətlər və təslim şərti ilə satır, “Alıcı” isə həmin məhsulları öz seçiminə görə əvvəlcədən şifahi və yazılı surətdə razılaşmış qiymət və təslim şərti ilə alır. -2.1-ci yarımbəndinə əsasən satdığı məhsulların qiymətini bazar konyukturasına uyğun və hər sifarişə görə ayri-ayriliqda hesablanaraq “Alıcı”-ya bu barədə 1.1 bəndinə əsasən məlumat verir. -2..3-cü yarımbəndinə əsasən “Alıcı” aldığı məhsulların dəyərini dəyərini sifariş etdiyi məhsulları təslim aldığı gündən 33 təqvim günündən gec olmamaq şərti ilə “Satıcı”-nin təqdim etdiyi hesaba nəğd və yekun köçürmə yolu ilə ödəyir. -3.1-ci yarımbəndinə əsasən, “”Satıcı” satdığı məhsulları yalnız alıcının “Alıcı”-nin sifarişinə əsasən olmasını, satılan məhsulların “Alici”-nın təıəbi olduğu halda məhsulların mənşə və digər sertfikatların “Alıcı”-ya təqdim etməyi,bu müqavilənin icrası “Satıcı”-ya aid bütün bəndləri vaxtlı-vaxtında və Azərbaycan Respublikasının qanunıarına uyğun yerinə yetrilməsini öz öhdəsinə götürür.

11. İş materiallarında olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə 671739 nömrəli, xx.xx.2021-cü il tarixli (38635,01 manat), 609882 nömrəli, xx.xx.2021-ci il tarixli (10485,00 manat), 547158 nömrəli, xx.xx.2021-ci il tarixli (23400,00 manat) elektron qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 72520,04 manat məbləğində mallar verilmişdir. məbləğində malları təqdim edilmişdir.

12. İş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “Ödəniş cədvəli”ndən görünür ki, həmin ödəniş cədvəli 39900,69 manat borcun hisə-hissə olmaqla ödənilməsinə dair tərtib edilmişdir.

13. İş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşmə Aktı”ndan görünür ki, cavabdehin iddiaçıya olan yekun borcu 39900 (otuz doqquz min doqquz yüz) manat təşkil edir.

14. İş materiallarında olan "xxxx" Birgə Müəssisəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Birgə Müəssisəsi ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış 38900,69 manat borcun dərhal ödənilməsi barədə Cavabdeh məlumatlandırılmışdır.

15. ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 210 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, iddiaçı "xxxx" Birgə Müəssisəsi ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur.

21. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan üzləşmə aktı və digər sənədlər iddianın əsaslılığını tam olaraq sübut edir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

22. İddiadan göründüyü kimi iddiaçı "xxxx" Birgə Müəssisəsi 38900,69 manat məbləğində borcun Cavabdeh alınaraq ona ödənilməsini tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmə icraatı dövründü cavabdeh tərəfindən 2000 manat ödəniş edildiyini, hazırda qalıq borcun 36900 manat təşkil etdiyini bildirmişdir.

23. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Lakin, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının bəyanı əsas götürülərək cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmalı və həmin ödənişlər iddiaçının tələb etdiyi borc məbləğindən çıxılmalıdır. Çünki məhkəmənin bu mövqeyi cavabdehin də mənafeyinə uyğundur.

24. Beləəliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli və cavabdehdən 36900 mnat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

25. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200,7 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, qalan 9,3 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Nəticə

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh 36900 (otuz altı min doqquz yüz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 200,7 (iki yüz manat, yeddi qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 9,3 (doqquz manat, üç qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Birgə Müəssisəsinin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar