Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-175/2021 05.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı - xx.xx.2019-cu il tarixli, 0112/2019 saylı alqı-satqı müqaviləsi üzrə 48.330 manat əsas borcun, 6.900,87 manat sığorta pulunun, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə Cavabdeh ortaq tanışları vasitəsilə onun sifarişi əsasında xarici ölkələrdən damazlıq iri buynuzlu heyvanları Azərbaycan Respublikasına idxal etdiyini öyrənmişdir. Cavabdeh ortaq tanışları vasitəsilə onunla tanış olaraq, Rusiya Federasiyasından damazlıq iri buynuzlu heyvan almaq niyyətində olduğunu bildirmişdir. Bir neçə görüşlərindən sonra Rusiya Federasiyasına gedərək heyvanlara birlikdə baxış keçirməyə, qiyməti və çatdırılma şərtlərini yerində aydınlaşdırmağı razılaşmışlar. Cavabdehlə aralarında olan şifahi razılaşmalarına görə bütün səfər xərclərini o, öz üzərinə götürməli və həmin xərclər qiymət razılaşması zamanı nəzərə alınmalı idi. Bu məqsədlə dəfələrlə Rusiya Federasiyasına səfərlər edilmişdir. Cavabdehin sifariş verdiyi Kalmık cinsli ətlik 60 baş boğaz düyələrin alınmasıyla bağlı Lenin adına X5 X2 ilə xx.xx.2019-cu il tarixli, 01 AZ/RUS nömrəli müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə o, Kalmık cinsli ətlik 60 baş boğaz düyələri almalı və onların dəyərini tam məbləğdə ödəməli və alınmış heyvanların yola salınmasınadək olan bütün xərcləri (vergi, baytarlıq xidməti, yem, karantin və nəqliyyat xidmətləri) onun tərəfindən ödənilməli idi. Cavabdehlə aralarında olan razılaşmaya əsasən həm heyvanların dəyəri, həm onun çəkməli olduğu həmin xərclər, həm də gəliri cavabdehlə aralarında bağlanacaq müqavilə zamanı qiymət təyinində nəzərə alınmalı idi. xx.xx.2019-cu ildə cavabdehin, iddiaçı və onun oğlu R.Süleymanovun iştirakı ilə Rusiya Federasiyasının Kolmıkiya vilayətinin Adık qəsəbəsində yerləşən damazlıq təsərrüfatında damazlıq iri buynuzlu heyvanlara baxış keçirərək Kalmık cinsli ətlik 60 baş boğaz düyələri (hər birinə görə 3100 və 2 baş cöngəni (hər birinə görə 3400 manat) seçib və heyvanların ümumi dəyəri kimi 192800 manat qiyməti razılaşdırılmışdır. Bununla bağlı hər iki tərəfin iştirakı ilə xx.xx.2019cu ildə akt tərtib edilmişdir. Tərəflərin aralarındadakı razılaşmanı rəsmiləşdirmək məqsədilə xx.xx.2019-cu il tarixli, 0112/2019 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə də göstərilmişdir ki, iddiaçı cavabehin sifarişi əsasında Rusiya Federasiyasının Kolmıkiya vilayətinin Adık qəsəbəsində yerləşən damazlıq təsərrüfatından cavabdehlə razılaşdırdığı təmiz Kalmık cinsli ətlik 60 baş boğaz düyələri və 2 baş cöngəni alaraq Azərbaycan Respublikasına gətirməli, cavabdehin Salyan rayonu, Kürsəngi kəndində yerləşən təsərrüfat sahəsində ona təhvil verməlidir. Cavabdeh də bunun qarşılığında 60 baş boğaz düyələrin hər birinə görə 3100 manat (cəmi 186000 manat) və 2 baş cöngələrin hər birinə görə 3400 manat (cəmi 6800 manat) olmaqla, ümumilikdə 192800 manat pulu iddiaçıya ödəməli idi. Müqavilənin 3.3-cü bəndindəki şərtə görə, cavabdeh həmin məbləğin 40%-ni, yəni 77120 manatını əvvəlcədən avans olaraq ödəməli, qalan 60%-ni, yəni 115680 manatı isə heyvanları təhvil aldıqdan sonra tam həcmdə iddiaçıya ödəməli idi. Bu məqsədlə cavabdeh xx.xx.2019-cu ildə onun “xxxx” ASC-dəki bank hesabına 77120 manat avans məbləğini ödəmişdir. xx.xx.2020-ci ildə razılaşdırılmış Kalmık cinsli ətlik 60 baş boğaz düyələr Lenin adına X5 X1 yola salınmışdır. Həmin vaxt qeyd edilən Təsərrüfatın rəhbərliyi tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli, 03 AZ/DAG nömrəli invoys təqdim edilmişdir. Həmin sənədə əsasən, iddiaçı vergi, baytarlıq xidməti, yem, karantin və nəqliyyat xidmətlərinə görə həmin şirkətə ******* rus rublu ödəməli və şirkətlə arasında olan şifahi razılığa əsasən, heyvanların cavabdehə təhvilindən dərhal sonra cavabdeh, iddiaçı ilə arasında olan müqaviləyə əsasən iddiaçıya borclu qaldığı pulu tam ödəyəcək və iddiaçı da öz növbəsində dərhal qeyd edilən xərclərə görə ödənişi şirkətə tam məbləğdə ödəyəcəkdir. İddiaçı xx.xx.2020-ci ildə Kalmık cinsli damazlıq iri buynuzlu ətlik 60 baş boğaz düyələri Salyan rayonu, Kürsəngi kəndində yerləşən təsərrüfat sahəsində cavabdehə təhvil vermiş və bu barədə onun, cavabdehin və mühasib X3 iştirakı ilə xx.xx.2020-ci il tarixində akt tərtib edilmişdir. Lakin cavabdeh bəzi maddi problemlərinin olmasını əsas gətirərək qalan 108880 manatın ödənilməsi üçün qısa vaxt istəmişdir. Cavabdeh xx.xx.2020-ci ildə onun həmin bank hesabına 60550 manat pul köçürmüş, qalan pulun bir neçə günə ödəniləcəyini bildirmişdir. Lakin cavabdeh borclu olduğu 48330 manatı bu günə qədər ona ödəməmişdir. Həmçinin müqavilənin 3.7-ci bəndinə əsasən, heyvanların cavabdehə təhvil veriləcəyi dövrə qədər onları sığortalamaq öhdəliyi iddiaçının üzərinə, cavabdehin təhvil almasından sonrakı bir il müddətinə sığortalamaq öhdəliyi isə cavabdehin üzərinə düşsə də, iddiaçı öz öhdəliyini icra edərək heyvanları sığortaladığı halda cavabdeh maddi imkanının pis olmasını əsas gətirərək onun əvəzinə də növbəti bir il üçün sığorta haqqını iddiaçının ödəməyini xahiş etmişdir və onun əvəzinə ödədiyi sığorta pulunu borclu qaldığı pulla birlikdə ona ödəyəcəyini bildirmişdir. Belə ki, iddiaçı cavabdehlə razılaşaraq onun əvəzinə 6900.87 manat sığorta haqqını xx.xx.2020-ci il tarixdə “xxxx” ASC sığorta şirkətinə ödəmişdir. Lakin cavabdeh bu günə qədər həmin vəsaiti də iddiaçıya ödəməmişdir. xx.xx.2020-ci ildə pretenziya məktubu ilə cavabdehə müraciət edərək ona borclu olduğu vəsaiti ödəməsini ondan tələb etmişdir. Lakin o, pretenziya məktubunun son səhifəsində həmin əl yazısı ilə qeydlərini yazaraq faktiki olaraq həmin vəsaiti ödəməkdən imtina edib və pretenziya məktubunu geri qaytarmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üşüncü şəxslər “xxxx” ASC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan (İddiaçı, Cavabdeh və Ramil Süleymanov tərəfindən tərtib edilmiş) görünür ki, 2019-cu ilin noyabr ayının 22-də Rusiya Federasiyasının Kalmıkiya Vilayətinin Adık qəsəbəsində yerləşən təsərrüfatından təmiz kalmık cinsli ətlik boğaz düyələrə baxış keçirilmiş və bir neçəsini yoxlama çəki etmişlər. Hər bir baş boğaz düyə üçün 3100 manata, cöngələr üçün isə 3400 manata razılığa gəlmişlər. İş əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 0112/2019 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcının müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin və 2 baş cöngənin (dana-öküz) alqı-satqısını təşkil edir. Alıcı öz növbəsində təqdim olunan hesaba əsasən malların dəyərini satıcıya ödəyir. Hazırki müqavilənin dəyəri 192800 manat dəyərində təyin edilir. Malların qiyməti – 60 baş düyə hər biri 3100 manat = 186000 manat, 2 baş cöngə hər biri 3400 manat = 6800 manat, cəmi 192800 manat təyin edilir. Alıcı satıcı tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən müqavilə dəyərinin 40%-ni (yəni 192800 * 40%) 77120 manat məbləği əvvəlcədən avans şəklində satıcıya ödəyir. Müqavilə dəyərinin qalan 60%-ni (yəni 192800 * 60%) 115680 manat məbləğ hissəsini malları Təhvil-Təslim aktına əsasən aldıqdan sonra tam həcmdə ödəməlidir. Həmin Müqavilənin 3.7-ci bəndinə əsasən, mallar gətirilərkən mütləq şəkildə Satıcı tərəfindən təhvil-təslim edilənədək sığortalanmalıdır. Təhvil-təslim edildikdən sonra Alıcı tərəfindən ən azı 1 il müddətində sığortalanmalıdır. İş materiallarına əlavə olunan iddiaçıya məxsus bank hesabından aparılmış bank əməliyyatları barədə məlumatları əks etdirən hesab üzrə çıxarışların surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2019-cu il tarixdə 77120 manat, xx.xx.2020-ci il tarixdə isə 60550 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan (İddiaçı, Cavabdeh və Şahin Hüseynov tərəfindən tərtib edilmiş) görünür ki, xx.xx.2019-cu il tarixli 01 AZ/RUS saylı (gömrük qeydiyyat nömrəsi-1********) müqaviləyə əsasən Rusiya Federasiyasından Azərbaycana gətirilmiş 60 baş kalmık cinsli iribuynuzlu dişi mal-qara (düyələr) axşam saat 20:00 radələrində Salyan rayonu Kürsəngi kəndində alıcıya məxsus olan əraziyə (tövləyə) boşaldılmışdır. Bu əsasda xx.xx.2020-ci il tarixdə **********1042 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Heyvanların verilməsi barədə elektron vergi qaiməsi yazılacaqdır. Gətirilən mallar sağlamdırlar, gümrahdırlar. Saxlamaq üçün alıcıya - Cavabdeh təhvil-təslim edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli ( Rzayev Saleh, Əmrahov Ramil və Cavabdeh tərəfindən tərtib edilmiş) aktdan görünür ki, AQTA Salyan regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri vəzifəsini icra edən Saleh Rzayev, Salyan rayon Baytarlıq idarəsinin rəisi Ramil Əmrahov və Kürsəngi kənd sakini Cavabdeh iştirakı ilə xx.xx.2020-ci il tarixdə Kürsəngi kəndində Rusiya Federasiyasının Kalmıkiya vilayətində xx.xx.2020-ci il tarixində gətirilən 60 baş təmiz cinsli kalmık damazlıq ətlik istiqamətində olan iribuynuzlu heyvanlara baxış keçirilmişdir. Baxış zamanı heyvanların açıq səhra şəraitində otarıldığı müəyyən edilmişdir. Həmin heyvanlar 8 metr eni, uzunluğu 30 metr olan mişar daşı ilə hörülmüş heyvan saxlamaq üçün dam və qarşısında heyvanların saxlanılması məqsədi ilə 50mx80m sahədə məftillə hasarlanmış şəkildə sahəsi vardır. Vətəndaş Cavabdeh heyvanları yemləyib bəsləməsi üçün 70 hektar arpa əkini sahəsi, 10 hektar əkilmiş yonca sahəsi vardır. Sahibkar Cavabdeh təmiz kalmık cinsli iribuynuzlu heyvanların saxlayıb bəsləməsi üçün şəraitinin olmasını müəyyən edilmişdir. Sənədlərə baxış zamanı təmiz kalmık cinsli heyvanların bordaq şəraitində deyil, açıq şəraitdə saxlanması məqsədə müvafiq bilinmişdir. Heyvanlara baxış zamanı klinik cəhətdən sağlam olmaları müəyyən edilmişdir. Təmiz kalmık cinsli heyvanlar təsərrufata gətirilən zaman boğaz olduqlarına görə xx.xx.2020-ci il tarixindən bu günə kimi 35 baş buzov doğmuşdur. Buzovlara baxış zamanı klinik sağlam olmaları müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilən 02 saylı, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, heyvanların sığortasına görə 6900,87 manat məbləğində “xxxx” ASC-yə ödəniş (belə ki, ödəniş tapşırığında olan imza iddiaçıya məxsusdur) edilmişdir. İş materiallarından görünür ki, 60 baş Rusiya Federasiyasından kalmık cinslik birinci qarın boğaz düyələri xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək “xxxx” ASC-də sığorta olunmuş və buna dair cavabdehə KTH-0015/20 saylı “Heyvanların sığortası şəhadətnaməsi” verilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə yaranmış borcun 3 gün müddətində iddiaçıya ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmişdir. İşdə olan Azərbaycan Respublikası “xxxx” MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2020-ci il tarixli, MB 13/420 nömrəli qiymətləndirmə hesabatından görünür ki, qiymətləndirilən 60 baş kalmık cinsli boğaz düyələrin (birinci balalamaya qədər iribuynuzlu dişi mal-qara) xx.xx.2020-ci il tarixinə hesablanmış bazar dəyəri (bir başının dəyəri 2350 manat) 141000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin xx.xx.2021-ci il tarixli, PB-OUT-01249- 2021 saylı məktubundan görünür ki, İddiaçı və Cavabdeh sorğuda qeyd edilən tarixlərdə “xxxx” ASC-də bank əməliyyatları aparılan zaman çəkilmiş video görüntülər 2019-2020-ci illərdə qeydə alındığından və onların saxlama müddəti bitdiyindən qeyd edilən video görüntülərin texniki cəhətdən məhkəməyə təqdim edilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazından görünür ki, hərbi xidmətdən qayıtdıqdan sonra bir neçə il kalxozda fəhlə işləmişdir. 2006-cı ildən kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Dövlətin ayırdığı 500 ha torpaqda heyvandarlığın inkişafı, balıqçılıq təsərüffatı, dənli bitkilərin əkilməsi, üzümçülük sahəsi və iki hektara yaxın istixana (parnik) yetişdirilməsi ilə (ailə fermer təsərüffatı) yaratmışdır. Təsərüffatın nəznində kənd təsərüffatı traktoru, ot biçən, ot yığan, ot komalayan, yem doğrayan, yem çəkən və bir sıra başqa texnikalardan ibarətdir. 2019-cu ildə heyvandarlığı inkişaf etdirmək üçün İddiaçıla tanış olmuş, bir neçə dəfə telefon zəngindən sonra, gəlib onun təsərrüfatına baxıb və təsərrüfatda Kalmık cinsli heyvanların bəslənməsi üçün münbüt şərait olduğunu demiş, 2019-cu ildə bir neçə dəfə onu tam inandırmışdır. xx.xx.2019-cu ildə X4 vilayətinə yola düşmüşlər. Lakin kalxoz sədri ilə görüşə nail ola bilməmişlər. xx.xx.2019-cu il tarixində yenidən Kalmık vilayətinə gedəsi olmuşlar. xx.xx.2019-cu ildə “xxxx” ASC-yə öz hesabına 77200 manat pul qoymuş, xx.xx.2019-cu ildə Rusiyaya getdikləri vaxt İddiaçı hesabına “xxxx” ASC-yə 33270 manat pul yatırmış və Rusiya Fedarasiyasına yola düşmüşlər. Kalxoz sədri ilə görüşmüşlər, lakin heyvanların onlara satılmasına etiraz etmişdir. Dağıstan Respublikasında heyvanların İsaq Balayevə satılmasına və onların da İsaq Balayevdən almalarını söyləmişdir. Bununla razılaşmışlar və heyvanların diri çəkisi 350 kq, qiyməti isə 1 kq 170 rubldan və İsaq Balayevə kq 20 rubldan ödəməklə alınmasına razılaşmışlar. Beləliklə, heyvanların diri çəkisi 190 rubl onlara başa gəlmiş, həmin vaxtdan heyvanlar İsaq Balayevin fermasına gətirilmiş, orda heyvanların saxlanıması üçün lazım olan xırcləri öz vəsaiti hesabına ödəmişdir. Lakin heyvanların Azərbaycan Respublikasına gətirilməsinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi icazə verməmişdir. Ona görə ki, heyvanların bu mühitə uyğun olmadığı bildirilmişdir. Buna baxmayaraq İddiaçı iki dəfə KTN-in ona mənfi rəy verdiyini ona bildirmiş, 2020-ci ilin fevral ayında İddiaçıla birlikdə KTN-nə gəlmiş və Esmira adlı xanımla çox söhbətlərdən sonra heyvanların bu mühitə uyğun olmadığını bildirmişdir. İddiaçı isə təkidlə, hətta dediyinə görə Vəli adlı bir akademikin bu heyvanların bu mühitə uyğun olduğunu və “başı ilə cavabdehdir deyə” bildirməsi və sınaq üçün Respublikaya gətirilməsinə icazə istəmişdir. Bundan sonra alimlərdən ibarət iclas keçirilmiş, Respublikaya gətirilməsinə icazə verilməmişdir. Bir neçə gündən sonra İddiaçı ona zəng edərək Nazirliyə gəlməyini, qəbula yazılmağını demişdir. 2020-ci ilin fevral ayının sonunda görüşmüş, lakin həmin gün havanın soyuq keçməsi ilə əlaqədar olaraq istixanada problem yaranmış, təcili rayona qayıdası olmuş və qəbula girməmişdir. Saat 17:00 radələrində İddiaçı ona zəng edib məsələni həll etdiyini, heyvanların Respublikaya gətirilməsinə icazə verildiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə icazə məktubu hazır olmuşdur. 26 fevralda Rusiya Federasiyasına gedib 60 baş heyvanı maşına yükləyib Azərbaycan Respublikasına gələn zaman Dağıstan ərazisində bir baş tələf olmuşdur. Onlar sərhəddən 59 baş heyvan keçirmiş, xx.xx.2020-ci il tarixində heyvanlar əraziyə boşaldılmışdır. Heyvanlara heç bir gömrük baxışı keçirilməmiş, “İddiaçı isə ona ödədiyi 200.000 min manat müqabilində dövlətin ona 120 000 manat subsidiya ödəyəcəyini bildirmişdir. Çəkilən bütün xərcləri öz hesabına ödəmişdir. Bütün bu əməliyyatlar zamanı Şahin adlı şəxs mühasiblik etmiş, İlşadın təkidi ilə ASAN imza nömrəsini Şahinə həvalə etmişdir və sənədlərdə lazım olan şəxsi məlumatlara öz mailini qeyd etmişdir. Ona gələn bütün məlumatlardan o, xəbərdar olmuş, pandemiya ilə əlaqədar olaraq Bakı şəhərinə gedə bilmədiyi üçün möhürü İddiaçı həvalə etmişdir. Xatırladır ki, İlşadın oğlu Ramin də təşkilatçılarından biri olmuşdur. Heyvanlar bu mühitə uyğun olmadığı üçün tələf olmağa başlamış, rayon və kənd baytarları hər cür köməklik etsələr də, heyvanlarda təlafat baş vermişdir. İddiaçı təsərüfatına gələrək ona bildirmişdir ki, “dövlət 120 min manat subsidiya ayırır və ziyanı qarşılaya biləcəksən”. İlşada öz narazılığını bildirmiş, hətta ona təkidlə əlavə olaraq iki erkən dana da gətirəcəyi halda pulu əvvəlcədən hər bir erkəyə 3000 manat almışdır. Bütün vədlərə əməl etmiş, dəfələrlə onunla görüşmək istəsə də, o bu görüşlərdən yayınmış, İran İslam Respublikasında olduğunu bildirmişdir. Görüşə gələ bilmədiyi üçün sentyabr ayında səhər radələrində Müşfiqabad qəsəbəsində yerləşən evinə getmiş, ona bütün irad və təkliflərini bildirmişdir. Subsidiyanı nə vaxt alacağını və alıb dəyən ziyanı qarşılayacağını, yəni təsərrüfatda tələf olan heyvanların yerinə yerli heyvanlardan alacağını bildirmişdir. Həmin gün Adil adlı bir şəxsə zəng edərək iki erkək iri buynuzlu heyvanın gətirilməsinə və onun təsərrüfatına çatdırımasına söyləmişdir. Onu da xatıladır ki, bu heyvanların pulu nağd şəkildə ödəmişdir. Sentyabr ayın 10-da Bakı şəhərində görüşüb AKİA-ya getmişlər. Orda ona bildirmişlər ki, ayrılan subsudiya artıq ödənilmişdir. O, ödənilən məbləğin qədərini soruşduqda onlar subsidiyanın 60000 manat olduğunu bildirmişlər. Elə orda İddiaçı narazılığını bildirmiş, 200000 manat qarşılığında niyə 60000 manat subsidiya ayrılmışdır. AKİA-nın əməkdaşı ona bildirmişdir ki, gömrük bəyannaməsində çəkilən xərclər 101000 manat göstərilmişdir. Bununla razı olmayıb oranı tərk etmişdir. 11 sentyabrda yenidən İddiaçı Müşfiqabad qəsəbəsində yerləşən evinə gəlmiş və öz iradını bildirmişdir. Lakin, özü və oğlu Ramin səhər saat 8:00-a baxmayaraq hərəsi bir maşına oturub qaçmışlar. Onlara çox yalvarmışdır ki, həyətdə oturub söhbət edək. Onlar bununla razılaşmayıb qaçmışlar, onların bu hərəkətlərini gördükdən sonra artıq aldandığını bildirmişdir. Beləliklə, məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehin müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin alqı-satqısını təşkil etmişdir. Malların qiyməti – 60 baş düyə hər biri 3100 manat = 186000 manat olmaqla manat müəyyən edilmişdir. İddiaçı qeyd edilən müqavilə üzrə öhdəliklərini yerinə yetirərək 60 baş düyəni cavabdehə təhvil verimişdir. Lakin, cavabdeh malların ümumi qiymətini təşkil edən 186000 manatdan iddiaçının hesabına xx.xx.2019-cu il tarixdə 77120 manat, xx.xx.2020-ci il tarixdə isə 60550 manat məbləğində pul vəsaiti köçürülmüş, 48330 manat məbləğində pul vəsaitini isə iddiaçıya ödəməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan heyvan(lar) (mal-qara) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin heyvan(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında heyvan(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin heyvan(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini tam şəkildə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə iddianın “sığorta pulunun cavabdehdən tutulması”na dair hisəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə də əsaslıdır. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilən 02 saylı, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığında olan imza iddiaçıya məxsusdur (belə ki, bu hal cavabdeh tərəfindən inkar edilməmişdir) və heyvanların sığortasına görə “xxxx” ASC-yə ödənilmiş 6900,87 manat məbləğ məhz iddiaçı tərəfindən ödənilmişdir. Hətta buna dair cavabdehə KTH-0015/20 saylı “Heyvanların sığortası şəhadətnaməsi” verilmişdir. Halbuki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən təhvil-təslim edildikdən sonra heyvanların sığortalanması öhdəliyi cavabdehin üzrərində olmuşdur. Belə olan halda, iddiaçı həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mövcud iddia tələbi üzrə cavabdehlə “xxxx” ASC arasında həmin vaxt hər hansı bir öhdəlik (müqavilə) olmadığından, hazırki iş üzrə tərəflər arasında sığorta pulu ilə əlaqədar yaranan mübahisə Mülki Məcəllənin 431.1-ci maddəsinin qaydalarına uyğun deyil, Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Göründüyü kimi, iddiaçı tərəfindən sığorta pulunun cavabdehin əvəzindən ödənilməsi nəticəsində cavabdehə “Heyvanların sığortası şəhadətnaməsi” verilmişdir. Yəni, sığorta pulunun cavabdehin əvəzindən “xxxx” ASC-yə ödənilməsinin nə qanuni, nə də müqavilə əsası olmamışdır. Buna görə də, iddiaçı onun əvəzindən ödədiyi pul vəsaitini hazırki iş üzrə cavabdehdən geri tələb etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Göstərilən Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddianın bu hissədə də təmin edilərək, 6900,87 manat məbləğində sığorta pulu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 48330 manat əsas borc, 6900,87 manat sığorta pulu və 30 manat dövlət rüsumu, cəmi 55260,87 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-175/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-175/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver