Məhkəmə qərarları › İş №e-2-2(121)-1762/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1762/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1762/2023 19.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.282,13 AZN əsas borc və ödənilmiş 60 manat mediasiya xərcinin, ümumilikdə 2.342,13 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 18 may 2022-ci il tarixdə 2583 saylı alqı-atqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə alıcı sifarişi əsasında satıcıdan təhvil aldığı şirniyyat məmulatlarının pulunu 30 təqvim günü müddətində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə bağlandığı andan növbəti ilin sonunadək qüvvədədir. Beleliklə, Cavabdeh İddiaçı MMC-yə verdiyi sifariş əsasında şirniyyat və qənnadı məhsullarını qəbul etmişdir. Bu qayda ilə müəyyən müddət işlədikdən sonra Cavabdeh hesabında qalan 2282,13 AZN (iki min iki yüz səksən iki manat on üç qəpik) məbləğində pulu ödəməmişdir. Cavabdeh həmin məbləği ödəyəcəyini bildirsə də, bu günə kimi ödəməkdən yayınır. Beleliklə də, Cavabdeh cəmiyyətə 2282,13 manat məbləğində ziyan vurmuşdur. Cavabdehə xx.xx.2022-ci il tarixdə borc öhdəliyinin 10 gün müddətində yerinə yetirilməsi barədə pretenziya məktubu göndərilmiş, lakin buna baxmayaraq, cavabdeh hələ də öhdəliyi icra etməmişdir. Cavabdehlə aralarında olan mübahisənin həll olunması məqsədilə mediasiya şurasına müraciət edilmişdir. Lakin X1 təqdim etdiyi arayışdan da göründüyü kimi Cavabdeh əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, mediasiya sessiyasında iştirak etməmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli, MŞC/MT020/2023- 00686 nömrəli arayış tərtib edilmişdir. İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc tam olaraq ödənilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-1762/202 saylı qərardına əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahat verərək, alqısatqı müqaviləsi üzrə malları yalnız elektron qaimələr vasitəsilə təqdim etdiklərini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 18 may 2022-ci il tarixdə 2583 saylı alqı-atqı müqaviləsi bağlamışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə Satıcı portfelində olan bütün çeşidlərdə şirniyyat məmulatlarını lazımı çeşiddə, çəkidə, keyfiyyətdə, qiymətdə və qablaşdırılmış vəziyyətdə sifariş əsasında Alıcıya verməyi, Alıcı isə həmin malları qəbul edib müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların pulunu ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malların satışı hər sifariş üzrə təhviltəslim aktı və elektron-qaimə ilə həyata keçirilir. Həmin müqavilənin 2.3.1-ci bəndinə görə məhsulları lazımi kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun, təhvil-təslim aktı əsasında və vaxtında Alıcıya təhvil vermək, təhviltəslimi başa çatmış malların elektron qaiməsini təqdim etmək barədə Satıcı öhdəlik götürmüşdür. İş materillarında olan xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 019608 nömrəli elektron qaiməyə əsasən 122,99 manat məbləğində mallar alıcı Cavabdeh təhvil verilmişdir. İş materillarında olan xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 731131 nömrəli elektron qaiməyə əsasən 418,49 manat məbləğində mallar alıcı Cavabdeh təhvil verilmişdir. İş materillarında olan xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 019564 nömrəli elektron qaiməyə əsasən 365,99 manat məbləğində mallar alıcı Cavabdeh təhvil verilmişdir. İş materillarında olan xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 861750 nömrəli elektron qaiməyə əsasən 201,28 manat məbləğində mallar alıcı Cavabdeh təhvil verilmişdir. İş materillarında olan xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 964468 nömrəli elektron qaiməyə əsasən 599,40 manat məbləğində mallar alıcı Cavabdeh təhvil verilmişdir. İş materillarında olan xx.xx.2021-ci il tarixli, EBBF seriyalı, 120784 nömrəli elektron qaiməyə əsasən 679,94 manat məbləğində mallar alıcı Cavabdeh təhvil verilmişdir. İş materillarında olan xx.xx.2021-ci il tarixli, EBBF seriyalı, 966214 nömrəli elektron qaiməyə əsasən 2.461,61 manat məbləğində mallar alıcı Cavabdeh təhvil verilmişdir. İş materillarında olan xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 701770 nömrəli elektron qaiməyə əsasən 3.119,37 manat məbləğində mallar alıcı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh elektron qaimə fakturalar əsasında təqdim edilmiş mallara görə 2.282,13 manat məbləğində ödənilməmiş borcun 10 gün ərzində ödənilməsi xahiş edilmiş, borc ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şirniyyat məmulatlarının alqı-satqısına dair 18 may 2022-ci il tarixdə 2583 saylı alqı-atqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən iddiaçı portfelində olan bütün çeşidlərdə şirniyyat məmulatlarını lazımı çeşiddə, çəkidə, keyfiyyətdə, qiymətdə və qablaşdırılmış vəziyyətdə sifariş əsasında cavabdehə təhvil-təslim aktı və elektron-qaimə ilə verməyi, cavabdeh isə həmin malları qəbul edib müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların pulunu ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, iddiaçı məhsulları lazımi kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun, təhvil-təslim aktı əsasında və vaxtında cavabdehə təhvil verməyi, təhvil-təslimi başa çatmış malların elektron qaiməsini təqdim etmək barədə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən 2021-ci ilin iyul və avqust ayları ərzində ümumilikdə 7.969,07 manat dəyərində malların təqdim edilməsi ilə bağlı elektron qaimələr tərtib edilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələr 2021-ci ilin iyul və avqust aylarını əhatə edir. Halbuki, tərəflər arasında alqı-satqı müqaviləsi 18 may 2022-ci il tarixdə bağlanmışdır. Bununla yanaşı, iddiaçı tərəfindən elektron qaimələrdə əks olunmuş xidmətlərin cavabdehə göstərilməsini və onların təhvil-təslimini təsdiqləyən hər hansı mötəbər sübutlar məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehə elektron qaimələrin göndərilməsi və onların təsdiq edilməsi malların təhvil verilməsi halının sübutu kimi qəbul edilə bilməz. Ona görə ki, işdə olan elektron qaimələr cavabdehin ödəməli olduğu pulun məbləğini göstərir. Lakin həmin məbləğin nəyin əsasında yarandığını, bu elektron qaimələrin malların təhvil-təslimini göstərən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, elektron sistem vasitəsilə göndərilmiş qaimələr malların təhvil-təslimi barədə digər sübutlar olmadan malların həqiqətən alıcıya təhvil verildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, elektron sistem vasitəsilə göndərilmiş elektron qaimə malların təhvil-təslimi barədə digər sübutlar olmadan satılmış malların həqiqətən alıcıya təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göstərilən Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, elektron qaimə alıcıya elektron qaydada göndərildiyi üçün müşayətedici sənəd deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1.2, 3.7 və 3.9-cu bəndlərinə əsasən, 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 3.7. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaiməfakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaiməfaktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesabfakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə qeyd edir ki, elektron qaimə fakturanın təyinatı ilkin uçot sənədi kimi nəzərdə tutulmuşdur və qaimə faktura məhz malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər - qaimələr, qəbzlər, təhvil-təslim aktları və s. əsasında doldurulmalıdır. Bununla belə, elektron qaimə-faktura mal məxaricini rəsmiləşdirməyə imkan verən ilkin uçot sənədi olsa da, malların digər vergi ödəyicisinə təhvil-təslimini təsdiq edən sənədi əvəz etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.3-cü bəndinə əsasən, vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı Malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydanın 3.15-ci bəndinə əsasən, vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaiməfaktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər. Qeyd edilən Qaydanın 3.16-cı bəndə əsasən, vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaiməfaktura” bu qaydaya uyğun olaraq göndərilir. Sözügedən Qaydanın 4.3-cü bəndinə əsasən topdansatış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır. Sifariş məsul şəxs tərəfindən imzalanır. Malların bir məsul şəxsdən digərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərarındaki hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanılmış müqavilə əsasında cavabdehə elektron qaimə göndərmək vəzifəsinə malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında malların cavabdehə təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında elektron qaimənin göndərilməsinə dair vəzifəsindən istifadə etmiş, lakin həmin malların cavabdehə təhvil verilməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də, mövcud iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən və iddiaçı məhkəmə xərclərindən azad edilmədiyindən iş üzrə iddiaçı tərəfindən mediasiya xərci ilə əlaqədar ödənilmiş 60 manat rüsum İddiaçı MMC-yə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar