Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1767/2025 09.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı – 97.296,90 manat borcun (82.455 manat əsas borc + 14.841,90 manat ƏDV), iddia ərizəsinin verilməsi üçün ödənilmiş 382 manat dövlət rüsumunun və 500 manat vəkilin xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı iddiaçı ilə alıcı cavabdeh arasında xx.xx.2024-cü il tarixli 080224/U saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1ci bəndinə əsasən iddiaçı plastik qapı-pəncərə və PVC materiallarından işlərin görülməsi və xidmətlərin göstərilməsi, cavabdeh isə sifariş əsasında satıcı tərəfindən təqdim olunacaq hesab-fakturada göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alınması və malın müqabilində satıcıya müqavilə ilə nəzərdə tutulmuş qiymətin (haqqın) ödənilməsi öhdəliyini üzərinə götürmüşlər. Müqavilənin 2.1 və 2.2-ci bəndlərində göstərilmişdir ki, müqavilənin ümumi məbləği alıcının sifarişi əsasında satıcı tərəfindən təqdim olunacaq hesab-fakturalar əsasında müəyyən olunacaqdır. Alıcı malı partiyalar şəklində hissə-hissə sifariş verərək təhvil alacaqdır. Müqavilənin 4.3 və 4.4cü bəndlərinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni imzalayırlar. Müqavilənin 5.2 bəndinə əsasən və müqavilənin digər şərtlərinə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və nəzərdə tutulmuş plastik qapı-pəncərə və PVC materiallarından işləri görüb və xidmətlərin göstərib, habelə digər malları cavabdehə təhvil vermiş, cavabdeh isə malları anbardan qəbul etmişdir. Malların dəyərini və 18% ƏDV məbləğinin ödənilməsi üçün aşağıda sadalanan “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfaktura”lar cavabdehə təqdim edilmiş və onun tərəfindən qəbul edilmişdir: xx.xx.2024-cü il tarixli seriya EBEB nömrə 923040 – 34.576,36 manat; xx.xx.2024-cü il tarixli seriya EBEB nömrə 881708 – 51.864 manat; xx.xx.2024-cü il tarixli seriya EBEC nömrə 128447 – 4.671,16 manat; xx.xx.2024-cü il tarixli seriya EBEC nömrə 674530 – 10.856 manat. Malların dəyəri 18% ƏDV məbləği daxil olmaqla, cəmi 97.296,90 manat təşkil etmişdir (82.455 manat əsas borc + 14.841,90 manat ƏDV). İddiaçının üzərinə götürdüyü öhdəliyi tam icra etməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və elektron qaimələrdə göstərilən məbləği ödəməmişdir. Buna görə cavabdehə pretenziya məktubu göndərilmiş və pretenziyanı aldıqdan sonra 3 gün ərzində müqavilə şərtlərinə əməl etməklə, elektron qaimələrdə göstərilən cəmi 97.296,90 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi, əks təqdirdə müqavilənin 8.3-cü bəndinə əsasən borcun və öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzini ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməli olacaqlarını barədə bildirilmişdir. Lakin cavabdeh bundan sonra da borcun ödənilməsi üçün heç bir tədbir görmədi. Buna görə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 97.296,90 manat borcun (82.455 manat əsas borc + 14.841,90 manat ƏDV), iddia ərizəsinin verilməsi üçün ödənilmiş 382 manat dövlət rüsumunun və 500 manat vəkilin xidmət haqqının ödənilməsi xahiş edilir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1767/2025 saylı, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi ilə 97.296,90 manat (82.455 manat əsas borc + 14.841,90 borc manat ƏDV) borc, 500 manat hüquqi yardıma görə ödənilmiş xərc və 382 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 98.178,9 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. Cavabdeh MMC məhkəməyə ərizə ilə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1767/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, iş üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması təzələnməklə, məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 15:35-ə təyin edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 080224/U saylı “alqı-satqı” müqaviləsinin surətindən görünür ki, alıcı sifariş əsasında satıcı tərəfindən təqdim olunacaq hesab-fakturada göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. Müqavilədən həmçinin görünür ki, həmin müqavilə cavabdeh tərəfindən imzalanmış və möhürlənmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EBEC 128447 saylı; xx.xx.2024-cü il tarixli EBEC 674530 saylı; xx.xx.2024-cü il tarixli, EBEB 923040 saylı; xx.xx.2024-cü il tarixli EBEB 881708 saylı elektron qaimələrin surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 97.296,9 manat (82.455 manat əsas borc + 14.841,90 manat ƏDV) dəyərində mallar verilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərmişdir. İş materiallarına əlavə edilən “whats app” yazışmalarından görünür ki, Cavabdeh MMC-nin mühasibi oludğu bildirilən Gülnar adlı şəxslə “whats app” üzərindən yazışmışlar aparılmış və təhvil-təslim aktları ona göndərilmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, İddiaçı MMC-də baş mühasib vəzifəsində işləyir. Cavabdeh MMC-nin mühasibi Gülnar adlı şəxslə “whats app” üzərindən yazışmışlar. Təhvil-təslim aktlarını cavabdehə göndərmiş, Gülnar xanım isə həmin sənədləri imzalayıb geri qaytaracağını bildirsə də, göndərməmişdir. İlk sənəd xx.xx.2024-cü il tarixdə göndərilmişdir, İddiaçı MMC tərəfindən sənədləşmə aparılsa da, Cavabdeh MMC tərəfindən aktlar imzalanmamışdır. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, İddiaçı MMC-də anbar müdiri vəzifəsində işləyir, həmçinin satış müdiri kimi də fəaliyyət göstərir. Cavabdeh MMC-də Doğan bəylə qarşılıqlı əməkdaşlıq etmişlər, onlara plastik qapı-pəncərə göndərmişlər. Borc məbləği 30.000 manatı keçdikdə, onlarla əlaqə qurmuşdur. 6 ay əvvəl evlərin dam örtüklərini təhvil verdikdən sonra onlarla əlaqə qurmaq mümkün olmamışdır. Rəhbərlərin uzun illərdir dostluq münasibətləri olduğu üçün onlardan avans alınmamışdır. Təhvil-təslim aktını göndərsələr də, onlar prosedurları yubatmışdırlar. Bu barədə rəhbərə məlumat verilmişdir. Beləliklə, işin həqiqi halları ilə və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun və ƏDV borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissələri əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissələri təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 500 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia tələbi bu hissədə də təmin edilərək cavabdehdən 500 manat məbləğində hüquqi yardımla bağlı çəkilən xərc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 382 manat məbləğində dövlət rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 97.296,90 manat (82.455 manat əsas borc + 14.841,90 borc manat ƏDV) borc, 500 manat hüquqi yardıma görə ödənilmiş xərc və 382 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 98.178,9 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1767/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1767/2025
09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver