Məhkəmə qərarları › İş №e-2-2(121)-1770/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1770/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1770/2024 19.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı – pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh AZƏRBAYCANDAKİ FİLİALİ-dən 59.881,69 AZN (ƏDV xaric) borc pulun və ödənilmiş 270 AZN dövlət rüsumunun birdəfəlik tutulub ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavadehlə aralarında 19 dekabr 2023-cü il tarixdə, XQL-030/2023 saylı alğı-satqı müqaviləsi bağlanıb. Müqavilə şərtlərinə görə asfalt məhsulları cavabdehə satılır və bunu müqabilində cavabdeh pul ödəməlidir. 19 dekabr 2023-cü il tarixdə tərəflərindən 672,828 ton məhsul təhvil verilmiş və aktla rəsmiləşmişdir. Bununla bağlı elektron qaimə kəsilmişdir. Qaimə üzrə 59.881,69 AZN (ƏDV xaric) cavabdehin borcu qalmışdır. Dəfələrlə xəbərdarlıqa baxmayaraq borc ödənilmir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.1-ci bəndinə görə alıcı, yəni cavabdeh mal satışından yaranan borc pulu 31 dekabr 2023-cü il tarixədək ödəməlidir. Sonradan iddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Nümayəndə “iddia həcminin artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavadehlə aralarında 19 dekabr 2023-cü il tarixdə, XQL-030/2023 saylı alğı-satqı müqaviləsi bağlanıb. Müqavilə şərtlərinə görə asfalt məhsulları cavabdehə satılır və bunu müqabilində cavabdeh pul ödəməlidir. 19 dekabr 2023-cü il tarixdə tərəflərindən 672,828 ton məhsul təhvil verilmiş və aktla rəsmiləşmişdir. Bununla bağlı elektron qaimə kəsilmişdir. Qaimə üzrə 59.881,69 AZN (ƏDV xaric) cavabdehin borcu qalmışdır. Həmin borcun tutlması haqqında məhkəməyə iddia ərizəsi verilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.1-ci bəndinə görə alıcı, yəni cavabdeh mal satışından yaranan borc pulu 31 dekabr 2023-cü il tarixədək ödəməlidir.Təəssüf ödəməmişdir. AR MM-in 439.3-cü maddəsinə görə qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Hesab edir ki, cavabdehin öhdəliyini vaxtında icra etməməsi iddiaçının üçüncü şəxsləır qarşısında ciddi məsuliyyət altına salmasına dəlalət edir və iddiaçı burada çıxılmaz vəziyyətdədir. Ona görə də cavabdehdən əsas borcla yanaşı həmin borcun gecikdirilməsi faizi də tutlmalıdır. İddiaçı vicdanlı davranaraq bu gecikməni gündəlik 0.1 %-lə hesablayır. xx-xx.2024-cü ildən xx.xx.2024-cü ilədək, 6 aylıq müddət üçün bu 12.718,87 manat edir. Əlavə olaraq qeyd edirlər ki, cavabdehdən tələb etdikləri əsas borca müvafiq olaraq 18% ƏDV verməlidir, hansı ki, bu da iddiaçının depozit hesabına ödənilir və gələcəkdə vergi hesablamaları üçün nəzərə alınır. Yuxarıdakıları nəzərə alaraq xahiş edirlər ki, cavabdehdən 59.881,69 AZN (ƏDV xaric) borc pulun və ödənilmiş 271 AZN dövlət rüsumunun birdəfəlik xeyrimizə tutulub ödənilməsi ilə yanaşı əsas borca (59.881,69 manat) görə 10.778,70 manat ƏDVnin və əsas borcun gecikməsi üçün 12.718,87 manat faiz pulun, əlavə ödənilmiş 160,50 manat dövlət rüsumunun, cəmi son olaraq 83.810,76 ( səksən üç min səkkiz yüz on manat yetmiş altı qəpik) manat pulun birdəfəlik tutulması haqqında qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin və iddia həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia həcminin artırılmasına dair ərizəni və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, XQL-030/2023 saylı alqı-satqı müqaviləsinə əsasən Satıcı hazırki müqaviləyə uyğun olaraq müxtəlif asfalt məhsullarını (bundan sonra Mallar adlandırılacaq) qiymət cədvəlinə uyğun Alıcıya satır, Alıcı da öz növbəsində bu xidməti qəbul edib onun dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. - EBDV seriyalı, 546942 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Filialı tərəfindən 70.660,40 manat məbləğində asfalt məhsulları Cavabdeh MMC-yə təqdim edilmişdir. - xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2023-cü il tarixli, XQL- 030/2023 saylı alqı-satqı müqavsinə əsasən xx.xx.2023-cü il tarixində “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Qarabağda yerləşən layihəsinə 672.828 ton Yol geyiminin üst qatı materialı (xırda dənəli məsaməli asfalt materialı) daşınması və sərilməsi daxil olmaqla təhvil verilmişdir. Akt tərəflərin imzaları ilə təsdiq edilmişdir. - 24.05.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Filialı tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 270 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 16.07.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Filialı tərəfindən iddia həcminin artırılmasına dair” ərizənin verilməsi üçün ümumilikdə 160,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Filialı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Filialı ilə Cavabdeh MMC arasında bağlanılmış alğı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, hazırkı işdə iddiaçının Cavabdeh MMC-yə asfalt məhsulları təhvil verməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, XQL-030/2023 saylı müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 1 tonun qiyməti 89 manat olmaqla ümumilikdə 672,828 ton asfalt məhsulları (89 * 672,828=59,881,69) verilsə də, cavabdeh müqavilə üzrə öhdəliyə tam əməl etməmişdir. İddiaçı məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. - 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaiməfakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə mallar göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında olan müqavilə əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların dəyərini ödəməli olmasına dair öhdəlik götürmüşdür. Cavabdeh qeyd olunan müqavilə əsasında mal almasına dair hüququndan istifadə etsə də, həmin malların dəyərini cavabdehə ödəməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilərək, alqı-satqı müqaviləsindən irəli gələn 59.881,69 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı ƏDV borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi də əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməli, cavabdehdən 10.778,70 manat məbləğində ƏDV borcu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Məhkəmə, iddianın gecikdirilmiş vaxt üçün hesablanmış 12.718,87 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - 463.2-ci maddəsinə görə yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, XQL-030/2023 saylı alqı-satqı müqaviləsinin şərtlərinə nəzər yetirildikdə müqavilədə cərimə (dəbbə) pulu haqqında razılaşmanın olduğu müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının sözügedən tələbi əsassızdır və təmin oluna bilməz. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 430 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin qismən əsaslıdır. Belə ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 365 manat dövlət rüsumu Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən (VÖEN: **********) 59.881,69 manat məbləğində əsas borc, 10.778,70 manat məbləğində ƏDV borcu və 365 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 71.025,39 (yetmiş bir min iyirmi beş manat, otuz doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına (VÖEN: **********) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar