Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1777/2025 06.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 03 avqust 2024-cü il tarixli üzləşmə aktı və müqavilə şərtlərinə əsasən yaranmış 1155,38 manat məbləğinin tutularaq iddiaçıya ödənilməsinin təmin olunması, cavabdehdən müqavilə şərtlərinə uyğun olaraq gecikdirilmiş günlərə görə hesablanmış 1184,26 manat dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsinin təmin olunması və 43,40 manat məbləğində ödənilmiş məhkəmə rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-ci il tarixində “Kirayə Müqaviləsi” № AP B1/1-2/R031 bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehə Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisi, Hava limanı Zığ şosesi, 12-ci km, ev 20, bina 11, mənzil 2 ünvanında yerləşən, ümumi sahəsi 142 kv/m olan yaşayış sahəsini kirayəyə vermişdir. Müqavilənin şərtlərinə əsasən, İddiaçı öz ohdəliklərini vicdanla və tam şəkildə yerinə yetirmişdir. Lakin, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və kirayə haqqını, eləcə də kommunal xərclərini tam ödəməmişdir. Bunun nəticəsində 4856 manat məbləğində borc yaranmışdır. İddiaçı dəfələrlə Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, Cavabdeh borcun yalnız bir hissəsini ödəmiş, lakin 1155,38 manat əsas borc və 1184,26 manat gecikməyə görə hesablanan dəbbə pulu olmaqla, ümumilikdə 2339,64 manat borcu hələ də ödəməmişdir İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AP B1/1-2//R031 nömrəli “Kirayə müqaviləsi”nin: 1.1-ci bəndinə əsasən, hazırki muqavilə ilə kirayə verən Abşeron rayonu, Hövsan südçülük savxozu ərazisi, Hava limanı Ziğ şossesi, 12-ci km, ev 20, bina 11, mənzil 2 0nvanında yerləşən, ümumi sahəsi 142 kv.m olan ve tam mulkiyyət hüququ üzre ona məxsus olan yaşayış sahəsini (bundan sonra "Kirayə obyekti") Kirayəcinin müvəqqəti istifadəsinə verməyi, Kirayəçi isə Kirayə obyektini istifadəsinə qəbul edib əvəzində Kirayə verənə bu müqavilədə nəzərdə tutulan məbləğdə ve qaydada kirayə haqqı (bundan sonra "Kirayə haqqi") və digər ödənişİəri ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən, Kirayə haqqı və Kommunal xərclər qarşılıqlı razılığa əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əıavə ilə müəyyən edilir. 3.4-cü bəndinə əsasən, hər növbəti ay üçün Kirayə verən hər cari ayın 25-də Kirayəçiyə növbəti ayın Kirayə haqqını ve Kommunal xərcləri ve keçən ayın istismar xərclərini özündə əks etdirən hesab faktura təqdim edir. 3.5-ci bəndinə əsasən, Kirayəçi ona təqdim olunmuş hesab fakturanı hər ayın ən geci 5-dək Kirayə verənə nağd və ya bank köçürməsi yolu ile ödəyir. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AP B1/1-2//R031 nömrəli “Kirayə müqaviləsi” üzrə Cavabdeh MMC-nin kirayə və kommunal xidmət haqqı borcunun ümumi dəyəri 7703,72 manat təşkil edir. İş materiallarında olan elektron qəbzin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin hesabına 2159,60 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AP B1/1-2//R031 nömrəli “Kirayə müqaviləsi” üzrə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan 7 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-nə xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (kirayə müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən ona məxsus olan yaşayış sahəsinin əməkdaşlarının yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə istifadə edilməsi üçün cavabdehin icarəsinə verilməsinə, cavabdehin isə kirayəyə götürdüyü sahədən istifadəyə görə şərtləşdirilmiş kirayə haqqının iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2024-cü il tarixli, AP B1/1-2//R031 nömrəli “Kirayə müqaviləsi” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək kirayə obyektini cavabdehə təhvil verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək kirayə haqqını tam ödəmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını əmlak kirayəsi müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33-cü fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 675-ci maddəsində nəzərdə tutulan əmlak kirayəsi müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış əmlak kirayəsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında yaşayış sahəsinin kirayəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, müqavilə şərtlərinə görə cavabdeh tərəfindən 1420 manat məbləğində kirayə haqqı haqqı ödənilməsinin razılaşdırıldığı, iddiaçı tərəfindən kirayə və kommunal xidmət haqqlarına görə cavabdehə ümumilkdə cəmi 7703,72 manat məbləğində elektron qaimə göndərildiyi, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 2159,60 manat məbləğində pul ödənildiyi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halları belədir ki, iddiaçı kirayə və kommunal xidmət haqqı olaraq cavabdehin ödənilməmiş 1155,38 manat məbləğində borcunun qaldığını iddia edir. İddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, elektron qaimələrə, elektron qəbzə və kirayə haqqı üzrə borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Cavabdeh isə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər onların bağladıqları yazılı müqaviləyə əsasən yarandığına görə, həmin münasibətlərdən irəli gələn mübahisələr də ilk növbədə həmin müqavilə şərtləri çərçivəsində qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinə daxil olan mülki hüquq subyektlərinin hüquq və vəzifələri, o cümlədən daxil olduqları münasibətlərin şərtləri, riayət etmələri zəruri olan qaydalar əsas olaraq onların iradə ifadələrinin açıq və mübahisəsiz təzahürünü əks etdirən müqavilə bağlanması yolu ilə rəsmiləşdirilir. Tərəflərin əməl edilməsində razılığa gəldikləri müqavilə şərtləri, onların öz üzərlərinə götürdükləri öhdəliklərə müvafiq olaraq məcburi davranış qaydalarını, öhdəliklərin icrası qayda və şərtlərini müəyyən edir. Müqavilə şərtlərinə əməl edilməsi həm “müqavilələr icra edilməlidir” prinsipindən irəli gəldiyi kimi, həm də gələcəkdə tərəflər arasında yarana biləcək mübahisələrin obyektiv həll edilməsində mühüm rol oynayır. Buna görə də müqavilə əsasında yaranan mülki hüquq münasibətlərinin tərəflərindən ilk növbədə müqavilə şərtlərinə əməl etmələri tələb olunur. Müqavilə və daha sonra qanunla tənzimlənməyən münasibətlərdən yaranan mübahisələrin həll edilməsində işgüzar adətlər və s. rol oynaya bilər. Buradan belə nəticə çıxır ki, əgər mülki hüquq subyektləri arasında müqavilə münasibətləri ilə əlaqədar mübahisə yaranmışdırsa, həmin mübahisələrin həlli üçün ilk növbədə müqavilə şərtlərinə baxılmalı və müqavilənin şərtlərinə əsasən mübahisə həll edilməlidir. Məhkəmə qeyd edilənlərin yekunu olaraq bu nəticəyə gəlir ki, əgər tərəflər arasında bağlanmış müqavilə varsa və müqavilə şərtləri onun iştirakçıları tərəfindən mübahisələndirilməmişdirsə, həmin müqavilənin şərtlərinə əsasən mübahisənin həlli qanuni və buna görə də ədalətli hesab edilməlidir. Məhkəmə müəyyən edir ki, iş üzrə tərəflər arasında bağlanmış müqavilənin 3.4 və 3.5-ci bəndləri ilə kirayə haqqı ve kommunal xərclərin hesab faktura təqdim edildikdən sonra ödənilməsi qaydası şərtləşdirilmişdir. Bununla da, kirayə və kommunal xidmət haqqının ödənilməsi barədə cavabdehin öhdəliklərinin icrasına dair tərəflər arasında təşəkkül tapmış praktikaya əsasən, qeyd edilən haqqın ödənilməsi üçün qaimə-faktura sənədinin tərtibi və təqdim edilməsi kifayət hesab edilmişdir. Məhkəmə, baxılan işdə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu ilə bağlı təşəkkül tapmış işgüzar adəti nəzərə alaraq bu qənaətə gəlir ki, cavabdeh tərəfindən kirayə və kommunal xidmət haqqı olaraq 1155,38 manat məbləğində pulun ödənilməməsinə dair iddiaçının tələbini əsaslı və mötəbər dəlillərlə sübuta yetirilmiş hesab edir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək kirayə obyekti olan yaşayış sahəsini cavabdehin istifadəsinə vermişdir, lakin cavabdeh sahəni təhvil alaraq istifadəsində saxlasa da kirayə haqqını tam şəkildə ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş kirayə haqqının cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş əmlak kirayəsi müqaviləsi üzrə kirayəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə müqavilə üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, iddia tələbi əsas borca (ödənilməmiş kirayə haqqı tələbinə) münasibətdə tam təmin edilməlidir. Məhkəmə, iddia tələbini cərimənin (dəbbənin) tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, kirayə haqqının ödənilməsi üzrə öz öhdəliklərinin icrasının gecikdirilməsinə görə kirayəçi (cavabdeh) cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşin halları ilə cavabdehin kirayə haqqı ödənişini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə, cərimə tələbinin əsaslılığı ilə bağlı məsələyə qiymət verərkən tərəflər arasında razılaşdırılmış cərimənin hüquqi təbiətinə aydınlıq gətirilməsini də vacib hesab edir. Mülki qanunvericilikdə dəbbə (cərimə, penya) həm öhdəliyi icra etməməyə görə mülki məsuliyyət sanksiyası, həm də öhdəliyin lazımınca icra edilməsinin təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Birinci halda, yəni mülki məsuliyyət tədbiri kimi nəzərdə tutulan dəbbə pulu (cərimə, penya) öhdəlik münasibətinin bir tərəfinə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə digər tərəfin məruz qaldığı zərərin kompensasiya edilməsi məqsədi ilə tətbiq edilən mülki hüquq sanksiyası funksiyasını, təminat üsulu kimi nəzərdə tutulan digər halda isə dəbbə pulu (cərimə, penya) öhdəliyin lazımınca icra edilməsinə borclunun kreditor qarşısında əlavə öhdəliyi funksiyasını yerinə yetirir. Mülki hüquq sanksiyası olaraq nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsinin başlıca şərtləri, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələb hüququ yaranan tərəfə zərər vurulması (1-ci şərt) və öhdəliyi lazımınca icra etməyən tərəfin təqsirinin müəyyən edilməsidir (2-ci şərt). Bu iki şərtin mövcud olduğu təqdirdə mülki məsuliyyət tədbiri qismində dəbbənin (cərimə, penya) tətbiq edilməsi üçün əsas yaranır. Öhdəliyin təmin üsulu kimi nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsi üçün isə tələb hüququ yaranan tərəfin zərərə məruz qalması mühüm şərt deyildir. Burada əsas olan borclunun öhdəliyini icra etmədiyi, lazımınca icra etmədiyi və ya icranı gecikdirməsi faktının və dəbbə pulu ödənilməsi barədə müqavilə şərtinin olmasının kreditor tərəfindən sübut edilməsidir. Dəbbə pulunun anlayışını verən Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə puluna verilən leqal tərifdən müəyyən olunur ki, dəbbə pulunun ödənilməsi tələbi borclu tərəfindən öhdəliyin pozulması ilə yaranır. Bunun üçün əlavə olaraq kreditora zərər vurulması faktının baş verməsi tələb olunmur. Qeyd olunanları hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan cərimə öhdəliyi, cavabdehin üzərinə götürdüyü kirayə haqqının şərtləşdirilmiş vaxtda ödənilməsi ilə bağlı öhdəliyinin lazımınca icra olunmasının təmin edilməsi üsulu kimi nəzərdə tutulmuşdur. Buna görə də, cərimə ödənilməsi üçün iddiaçının öhdəliyin pozulması nəticəsində zərərə məruz qalmasını sübut etmək vəzifəsi yaranmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun iddiaçının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 1184,26 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.” Məhkəmə, vəkilin göstərdiyi hüquqi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 350 manat vəsait cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10- 1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən 1155,38 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə borcu, 350 manat məbləğində hüquqi xidmət haqqı və ödənilmiş 43,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1648,78 manat məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1777/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1777/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver