Məhkəmə qərarları › İş №e-2-2(121)-178/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-178/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-178/2024 29.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı QSC-nin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia təmin olunması, Cavabdeh xx.xx.2022-ci il tarixli, SM/2022/013 saylı Alqı-Satqı müqaviləsi üzrə 35.842,18 (otuz beş min səkkiz yüz qırx iki, 18) manat borcun, 1.493,41 (bir min dörd yüz doxsan üç, 41) manat illik beş faizin və 200 manat mediasiya pulunun tutularaq İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında SM/2022/013 saylı, xx.xx.2022-ci il tarixli Alqı-Satqı Müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi Alıcıya satmağı, Alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini Satıcıya ödəməyi öz öhdəsinə götürür. Hazırda iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmir. Belə ki, xx.xx.2023-cü il tarixli X5 əsasən Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 39.842,16 (otuz doqquz min səkkiz yüz qırx iki, 16) manat borcu olduğunu etiraf edərək təsdiq etmişdir. Həmin borcdan cavabdeh yalnız ayrı-ayrı vaxtlarda hissə-hissə 4.000 (dörd min) manat ödəniş etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə Arayışına əsasən Cavabdehunun SM/2022/013 saylı, xx.xx.2022-ci il tarixli Alqı-Satqı müqaviləsi üzrə 35.842,18 (otuz beş min səkkiz yüz qırx iki, 18) manat borcu təşkil edir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi ilə bağlı xx.xx.2023-ci il tarixli təklif göndərmiş. Həmin təkliflə, iddiaçı hazırkı mübahisə ilə bağlı mediasiyanın 18 saylı Mediasiya Təşkilatında keçirilməsini təklif etmiş, lakin cavabdeh həmin təklifə münasibət bildirmədiyi üçün iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehin qeydiyyatı üzrə Sabirabad 1 saylı X1 üçün müraciət etmişdir. Cavabdeh X3 iştirak etmədiy üçün X2 1 saylı Mediasiya Təşkilatı tərəfindən MŞS/MT023/2023-02540 saylı, xx.xx.2023-cü il tarixli Arayış verilmişdir. Göründüyü kimi, iddiaçının borcun qaytarılması ilə bağlı səyləri nəticəsiz olmuş və bu səbəbdən iddiaçı həmin borcum cavabdehdən alınaraq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sonradan iddiaçının nümayəndəsi-vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh xx.xx.2022-ci il tarixli, SM/2022/013 saylı alqı-satqı müqaviləsinə əsasən 20.842,18 manat məbləğində əsas borc, 1.493,41 manat məbləğində faiz borcu və mediasiya xərci olaraq ödənilmiş 200 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsi ilə müəyyən olunmuş qaydada və müddətdə məhkəməyə iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iddia tələbinin həcminin azaldılması barədə ərizəni araşdırıb, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, SM/2022/013 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi alıcıya satmağı, alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3-cü bəndinə əsasən məhsulun satış qiyməti satıcı tərəfindən təqdim olunmuş elektron qaimə müəyyən edir. Alıcı hazırki Müqavilə üzrə Məhsulun dəyərinin ödənilməsini Satıcının bank hesabına köçürmə yolu ilə nəğdsiz qaydada həyata keçirir. Satıcı tərəfindən Alıcıya təqdim olunan məhsulların 20 ( iyirmi) təqvim günü müddətindən gec olmamaq şərti ilə tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər. İş materiallarında olan 27.01 2023-cü il tarixli üzləşmə aktından görünür ki, cavabdehin qalıq borcu 39.842,16 manat məbləğində təşkil edir. Üzləşmə aktı tərəflərin imzaları ilə təsdiq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin yekun borcu 36.567,06 manat təşkil edir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya (xəbərdarlıq) məktubu göndərmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə malların satılmasını, cavabdeh isə malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilsə də götürülmüş öhdəlik tam şəkildə yerinə yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 27.01 2023-cü il tarixli üzləşmə aktı imzalanmışdır. Həmin akt İddiaçı QSC-nin nümayəndəsi və Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin üzləşmə aktında cavabdehin iddiaçıya 27.01 2023-cü il tarixə 39.842,16 manat borcunun olması əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan 39.842,16 manat borcunu 27.01 2023-cü il tarixli birgə üzləşmə aktı ilə etiraf etmişdir. Sonradan cavabdeh tərəfindən 4.000 manat ödəniş edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan malı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında malları almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə, iddianın gecikdirilmiş vaxt üçün hesablanmış 1.493,41 manat məbləğində faiz borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini gecikdirdiyindən gecikdirilmiş vaxt üçün 1.493,41 manat məbləğində faiz borcunu iddiaçıya ödəməlidir. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, SM/2022/013 saylı alqı-satqı müqaviləsinə əsasən 20.842,18 manat məbləğində əsas borc, 1.493,41 manat məbləğində faiz borcu və mediasiya xərci olaraq ödənilmiş 200 manat olmaqla, ümumilikdə 22.535,59 (iyirmi iki min beş yüz otuz beş manat, əlli doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSCyə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar