Məhkəmə qərarları › İş №e-2-2(121)-1805/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1805/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1805/2025 24.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-dən 17700 manat əsas borc məbləği, hər gecikdirilmiş gün üçün 0,1 % həcmində olmaqla 3186 manat cərimə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5 % hesablanmaqla 147,5 gecikdirmə faizi olmaqla ümumiliklə 21033.5 manat məbləğin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 154 manat dövlət rüsumunun, hüquqi yardımüçün ödənilmiş 320 manatın tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra Sifarişçi/İddiaçı) ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Satıcı/Cavabdeh) arasında 21 oktyabr 2024-cü il tarixli, 04AMP/2024 nömrəli Müqavilə (bundan sonra Müqavilə) imzalanmışdır. Müqavilənin 6.1-ci bəndinə əsasən, Tərəflər müqavilədən irəli gələn öhdəliklərini icra etməmələrinə/lazımınca icra etməmələrinə görə məsuliyyət daşıyırlar. Satıcı/Cavabdeh tərəfindən imzalanmış 21 oktyabr 2024-cü il tarixli 9/2024 nömrəli hesab-fakturaya və göndərilmiş 24 oktyabr 2024-cü il tarixli, AA2410 seriyalı, 11567065 nömrəli alınmış avans ödənişləri barədə elektron qaimə-fakturaya uyğun olaraq 21 oktyabr 2024-cü il tarixli, OD11 nömrəli ödəniş tapşırığına əsasən Sifarişçi/İddiaçı tərəfindən15 000 manat avans ödənişi, 2700 manat ƏDV olmaqla ümumilikdə 17700 manat ödəniş Satıcıya/Cavabdehə ödənilmiş və Satıcı/Cavabdeh tərəfindən alınmışdır. Lakin Satıcı/Cavabdeh tərəfindən 21 oktyabr 2024-cü il tarixli 9/2024 nömrəli hesab faktura üzrə Asfalt tikinti işləri xidməti icra edilməmiş və sifarişçiyə təhvil verilməmişdir. Bununla da tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin məhkəmənin suallarına cavab olaraq əlavə olaraq bildirdi ki,cavabdeh iddiaçı ilə arasındakı razılaşmaya əsasən asfalt çəkmə işləri görməli idi. Bunun üçün iddiaçı əvvəlcədən 15000 manat avans 2700 əDV olmaqla 17700 manat pul ödəmişdir. Asfalt üçun çəkilməsində zəruri olan məmulatları cavabdeh özü təmin etməli idi. İddiaçı ilə cavabdeh arasında əvvəllər bir neçə dəfə alqı-satqı munasibətləri olduğuna görə müqaviləni tərtib edən işçilər mövcud münasibətlərin podrat müqaviləsindən irəli gəlməsinə baxmayaraq, tərəflərin müqavilə üzrə məsuliyyətini müəyyən etmək məqsədilə alqı-satqı kimi rəsmiləşdirmişdirlər. Tərəflər həmin müqaviləni bağlayarkən niyyətləri hər hansı əqdi pərdələmək olmamışdır. Əgər belə niyyətləri olsa idi, məhkəməyə təqdim etdiləri hesab-fakturada və elektron qaimədə görüləcək işlər kimi “asfalt tikinti işləri” deyil, alqı-satqı müqaviləsinin predmetinə uyğun mallar göstərərdilər. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən görüləcək işlər ona məxsus material hesabına həyata keçirməli idi. Goründüyü kimi tərəflər arasında həm podrat, həm də alqı satqı münasibətləri mövcuddur. İddiaçı artıq pretenziya məktubu gondərib avans məbləğini ƏDV ilə birlikdə istəməklə, cavabdeh öz öhdəliyini yerinə yetirmədiyinə görə müqavilədən imtina etdiyini bəyan edib. Hesab edir ki, işə tərəflər həmin müqavilə hazırki iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

7. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

9. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

10. İddiaçı MMC - “Satıcı” ilə Cavabdeh MMC - “Alıcı” arasında bağlanmış xx.xx.2024cü il tarixli, 04 AMP/2024 nömrəli alqı-satqı müqaviləsinin: -1.1-ci yarımbəndinə əsasən, Müqavilə “Satıcı” ilə “Alıcı” arasında, atipik-çərçivə alqı-satqı müqaviləsi olmaqla. “Alıcı”nın müqavilə müddətinin istənilən zaman kəsiyindəki sifarişi əsasında “Satıcı”nın satılanın sahiblik və mülkiyyətini “Alıcı”ya ötürməyi “Alıcı”nın isə bunun qarşılığında pul ödəməyi öhdəsinə götürdüyü münasibətləri tənzimləyir. -2.1-ci yarımbəndinə əsasən, Malın qiyməti X1 və ya “Satıcı”nın qiymət siyahısı (price list) ilə müəyyən edilir və o həmişə müəyyən miqdar puldur. - 3.1.1-ci yarımbəndinə əsasən, satılanı “Alıcı”nın sahibliyinə və mülkiyyətinə ötürmək öhdəliyi- “Satıcı” sifarişin icrası vaxtında və yerində malları “Alıcı”ya təhvil üçün hazır hala gətirməlidir. Mallar “Alıcı”ya təhvil üçün hazır hala gətirildikdə “Satıcı” öhdəliyini icra etmiş sayılır. -3.2.1-ci yarımbəndinə əsasən, “Alıcı”müqavilədə müəyyən olunmuş qaydada malın qiymətini ödəməlidir. Bu öhdəlik “Alıcı”nın əsas öhdəliyidir. -4.2-ci yarımbəndinə əsasən, “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə hesabfakturanı və ya elektron qannə-fakturanı və (tərtib olunubsa) təhvil-təslim aktını da “Alıcı”ya təqdim etməlidir. -4.3-cü yarımbəndinə əsasən, Malın təhvil verilməsi hesab-faktura/elektron qaimə-faktura və (tərtib olunubsa) təhvil-təslim aktı ilə həyata keçirilir. Həmin sənədlərdən “birinə “Alıcı” (təmsilçisi) tərəfindən imza çəkildikdə və ya elektron qaiməfaktura təsdiq edildikdə (həmçinin elektron informasiya sistemi vasitəsi ilə avtomatlaşdırılmış qaydada təsdiq olunduqda) mal təhvil verilmiş hesab edilir. -6.5-ci yarımbəndinə əsasən, Müqavilə üzrə razılaşdırılmış ödəniş nəzərədə tutulan müddət ərzində “Alıcı”tərəfindən ödənilmədiyi halda “Satıcı” hər gecikdirilmiş gün üçün 0.1% miqdarında cərimə tələb elmək hüququna malikdir.

11. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 17700 manat (ƏDV daxil) məbləğində asfalt tikinti işləri xidmətinə dair xx.xx.2024-cü il tarixli avans ödənişləri barədə elektron qaimə-faktura təqdim edilmişdir.

12. İş materiallarında olan 9/2024 saylı, xx.xx.2024-cü il tarixli hesab-fakturadan görünür ki, hesabı təqdim edən: Cavabdeh MMC, hesabı alan: İddiaçı MMC olub, əsas: xx.xx.2024-cü il tarixli, 04 AMP/2024 nömrəli müqavilə, mallar (işlər, xidmətlər: Asfalt tikinti işləri):asfalt tikinti işləri, qiyməti: 15000 manat, ƏDV:2700 manat olmaqla, ödəniləcək cəmi məbləğ 17700 manat təşkil edir.

13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin ban hesabına 17700 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

14. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 11 aprel 2025-ci il tarixli “müqavilə üzrə avans ödənişlərin geri tələbi” barədə pretenziya məktubunda qeyd olunur ki, “İddiaçı (bundan sonra Sifarişçi/İddiaçı) ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Satıcı/Cavabdeh) arasında 21 oktyabr 2024-cü il tarixli, 04AMP/2024 nömrəli Müqavilə (bundan sonra Müqavilə) imzalanmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən imzalanmış 21 oktyabr 2024-cü il tarixli 9/2024 nömrəli hesab-fakturaya və göndərilmiş 24 oktyabr 2024-cü il tarixli, AA2410 seriyalı, 11567065 nömrəli alınmış avans ödənişləri barədə elektron qaimə-fakturaya uyğun olaraq 21 oktyabr 2024-cü il tarixli, OD11 nömrəli ödəniş tapşırığına əsasən Sifarişçi/İddiaçı tərəfindən15 000 manat avans ödənişi, 2700 manat ƏDV olmaqla ümumilikdə 17700 manat ödəniş Satıcıya/Cavabdehə ödənilmiş və Satıcı/Cavabdeh tərəfindən alınmışdır. Lakin Satıcı/Cavabdeh tərəfindən 21 oktyabr 2024-cü il tarixli 9/2024 nömrəli hesab faktura üzrə Asfalt tikinti işləri xidməti icra edilməmiş və sifarişçiyə təhvil verilməmişdir. Bununla da tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 04AMP/2024 nömrəli müqaviləyə və xx.xx.2024-cü il tarixli 9/2024 nömrəli hesab-fakturaya əsasən ödənilmiş 15000 manat məbləğində avans VƏ 2700 MANAT ədv olmaqla, ümumilikdə 17700 manat ödənişin 7 gün müddətində geri ödənilməsi, əks təqdirdə borc tələbi ilə yanaşı, cərimələr, ödənilmiş dövlət rüsumu və digər xərclərin qaytarılması tələb ediləcəkdir.

15. “X2 Haqqında” xx.xx.2024-cü il tarixli, EM-1937VK-21704/25 №-li Müqavilədən və qəbzdən görünür ki, iddiaçı hüquqi yardımla bağlı vəkil Nümayəndə 321 manat ödəniş etmişdir.

16. **********30 nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 154 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. - 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 755. podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. -759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. - 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. - 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. - 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarındakı mövqeyinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı:

Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Bir sıra ölkələrin qanunvericiliyində də yalan əqdlərlə bağlı münasibətləri tənzimləyən eyni məzmunlu normalar nəzərdə tutulmuşdur. Belə ki, Almaniya Federativ Respublikasının Mülki Qanunnaməsinin saxta əqdlər adlanan 117-ci paraqrafına əsasən, əgər şəxsə yönəlmiş iradə ifadəsi onun özünün razılığı ilə görüntü üçün edilmişdirsə bu müqavilə əhəmiyyətsizdir. Əgər saxta müqavilə digər həqiqi müqaviləni pərdələmək üçün bağlanmışdırsa, pərdələnən əqdə aid qaydalar tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olubolmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olubolmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir.

21. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

23. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında faktiki olaraq podrat müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Eyni zamanda, cavabdeh iddiaçı üçün görməli olduğu asfalt çəkmə işlərini özünə məxsus məmulatlar hesabına görməli olduğundan, tərəflər arasındakı münasibətlərə mulki qanunvericiliyin podratla yanaşı, alqı-satqı munasibətlərini tənzimləyən normaları da tətbiq edilməlidir.

24. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq və Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış edərək qeyd edir ki, işin faktiki hallarından tərəflərin hər hansı əqdi pərdələmək niyyəti müəyyən edilmədiyindən, aralarındakı qarışıq münasibətlərinin yalnız alqı- satqı muqaviləsinə dair hissəsini yazılı formada tərtib etmələri, aralarindaki müqavilənin etibarsızlığına səbəb və əsas ola bilməz. Nəzərə alinmaljdır ki tərəflər müqavilənin tərkib hissəsi olan elektron-qaimə, hesab - fakturada görüləcək işləri “asfalt tikinti işləri” kimi göstərmişlər. Bundan başqa mulki məcəllədə podrat müqaviləsi üçün xüsusi forma şərti nəzərdə tutulmayıb, odur ki, tərəflər müqavilə formasını sərbəst müəyyən edə bilələr. Bu da onu deməyə əsas verir ki, konkret vəziyyətdə tərəflərin başqa əqdi pərdələmə niyyətindən söhbət gedə bilməz. Göründüyü kimi tərəflər arasında etibarlı müqavilə münasibətəri mövcud olmuşdur. 25.Məhkəmə qeyd edir ki, iddaçı cavabdehə ödədiyi ƏDV daxil 1700 manat avans məbləğin geri qaytarılmasını tələb edir. İddiaçı tərəf iddianın əsasını, ƏDV daxil 17700 manat ödəmələrini möfəbər dəlillərlə sübut etdiyindən, işlərin görülməsini, yaxud tələb olunan vəsaitin qaytarıldığını və ya bu öhdəliklərin icrasından azad olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, cavabdeh tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir.

27. Beləliklə məhkəmə, belə hesab edir ki, iddiaçının pul tələbinə dair iddiası ƏDV daxil olmaqla, 17700 manat borca aid hissədə münasibətdə qanuni və əsaslıdır.

28. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndinə əsasən, cavabdeh müqavilədə göstərilən müddətdə ödənilməsi gecikdirildikdə hər gecikdirilmiş gün üçün 0.1% miqdarında cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.

29. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.

30. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 3186 manat məbləğində cərimənin tutulması hissəsində mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 750 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

31. Məhkəmə, həmçinin iddianın “əsas borcun gecikdirilməsinə görə illik 5 faiz olmaqla hesablanmış 31,85 manat məbləğində faiz borcunun ödənilməsi” hissəsində də hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır.

32. Belə ki, məhkəmə Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı mövqeyinə əsaslanaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərildiyindən, iddia ərizəsinin məhkəməyə daxil olduğu tarix nəzərə alındıqda, iddia həmin hissədə qismən təmin edilməli və cavabdehdən illik beş faizlə hesablanmaqla 31,85 manat gecikdirmə faizi tutuaraq iddiaçıya verilməlidir.

Məhkəmə xərcləri:

33. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 145,45 manatı cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 8,55 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

34. Məhkəmə, iddiaçının hüquqi yardımla bağlı ödədiyi 320 manat xərci ağlabatan hesab edərək qeyd edir ki, həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 17700 manat əsas borc, 750 manat cərimə və illik beş faizlə hesablanmış 31,85 manat gecikdirmə faizi olmaqla cəmi 18481,85 (on səkkiz min dörd yüz səksən bir manat, səksən beş qəpik) manat borc, vəkilə hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumuna görə 145,45 (bir yüz qırx beş manat, qırx beş qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Ödənilmiş qalan 8,55 (səkkiz manat, əlli beş qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar