Məhkəmə qərarları › İş №e-2-2(121)-1810/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1810/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1810/2025 18.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 4199 manat əsas borcu, illik gecildirilmiş vaxt üçün 5% məbləğində hesablanmaqla 139,2 manat, 63 manat dəyərində dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “Satıcı”) ilə Cavabdeh MMC (bundan sonra “Alıcı”) 5 avqust 2024-cü il tarixində № 2024/280 nömrəli “Mallar (işlər və ya xidmətlər) üzrə satınalınma müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanan müqavilənin 2.2-ci maddəsinə əsasən “Alıcı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “Satıcı”-dan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 5.2-ci maddəsində “Alıcı” müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin təxirə salınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürürdüyü əks olunub. Bağlanmış müqavilənin 11.1-ci maddəsində qeyd olunub ki, “Alıcı” müvafiq olaraq “Satıcı”-ya razılaşdırdılmış məbləği avans olaraq əvvəlcədən və ya “Satıcı”-nın təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar “Alıcı”-ya təhvil verildikdən sonra dəyəri ödənilir. 11.3-cü maddədə malların dəyərinin ödənilməsi onların “Alıcı”-ya təqdim olunmasından sonrakı 15 (on beş) iş günü ərzində yalnız köçürmə yolu ilə yerinə yetirilməli olduğu qeyd olunub. Lakin Cavabdeh MMC tərəfindən müqavilə üzrə müxtəlif vaxtlarda verilmiş sifarişlər müqavilədə razılaşdırılmış şərtlər əsasında “Satıcı” tərəfindən “Alıcı”-ya təqdim olunmasına baxmayaraq “Alıcı” daşıdığı öhdəlikləri tam yerinə yetirmədiyindən İddiaçı MMC xeyrinə 4199 AZN (dörd min yüz doxsan doqquz manat) məbləğində ziyan dəymişdir. Qeyd edilir ki, sifariş üzrə nəzərdə tutulan mallar müqavilədə razılaşdırılmış qaydada və müddətdə təhvil verilmişdir. Belə ki, "xxxx" MMC tərəfində Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10716011 nömrəli 4199 AZN dəyərində elektron qaimə-faktura göndərilmişdir. Bildirilir ki, müqavilə üzrə verilmiş sifarişlər cəmiyyət tərəfindən tam həcmdə təmin edilsə də, Cavabdeh MMC müqavilədən gələn öhdəliyini tam və vaxtında yerinə yetirmədiyindən cəmiyyət maddi ziyana məruz qalmışdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, 4199 manat dəyərində əsas borc məbləği Alıcı tərəfindən Satıcıya bu günədək ödənilməmiş və Alıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur. Belə ki, iddaçı öhdəliyin icra edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı öz öhdəliyini icra etdiyi halda öhdəliyin qarşılıqlı icrası vaxtı çatmış və Cavabdehnə isə müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. Beləliklə, iddiaçı Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən, öhdəliyin icrasını həyata keçirilməsini tələb edir. Həmçinin, İddaçı qeyd edir ki, cavabdeh "xxxx" MMC öhdəliyinin icrası vaxtını gecikdirməklə ona ziyan vurmuşdur. Ona görə də iddaçı pul öhdəliyinin gecikdirilməsi ilə Mülki Məcəlləyə uyğun olaraq illik 5% miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. İllik gecikdirmə faizinə görə ümumilikdə 139,2 manat borc yaranmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2024-cü il tarixli 2024/280 nömrəli alğı-satqı müqaviləsinin: 2.1-ci bəndinə əsasən, Tərəflər təsdiq edirlər ki. "Alıcı" malları sifariş edir. "Satıcı" isə həmin malları təqdim edir. 2.2-ci bəndinə əsasən, "Alıcı" müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların "Satıcı"dan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən, Malların siyahısı, növü, çeşidi sayı və s. müqaviləyə 1 saylı Əlavədə- Qiymət Razılaşdırma protokolunda qeyd olunur. 5.2-ci bəndinə əsasən, “Alıcı” müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin təxirə salınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. 11.1-ci bəndinə əsasən, “Alıcı” müvafiq olaraq “Satıcı”-ya razılaşdırdılmış məbləği avans olaraq əvvəlcədən və ya “Satıcı”-nın təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar “Alıcı”-ya təhvil verildikdən sonra dəyəri ödənilir. 11.3-cü bəndinə əsasən, malların dəyərinin ödənilməsi onların “Alıcı”-ya təqdim olunmasından sonrakı 15 (on beş) iş günü ərzində yalnız köçürmə yolu ilə yerinə yetirilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “elektron qaimə faktura”ya əsasən, İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmiş malların ümumi dəyəri 4199,99 manat təşkil edir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli “Üzləşdirmə aktı”ndan görünür ki, tərəflər həmin aktı imzalamaqla Cavabdeh aktın imzalandığı tarixə olan borcunun 4200 manat təşkil etdiyini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2025-ci il tarixinə əsas borcu 4199 manat, illik gecikdirilmiş vaxt üçün 5% məbləğində hesablanmaqla borc 139,2 manat təşkil edir. İş materiallarında olan iddiaçı İddiaçı Cavabdehnə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2024-cü il tarixli 2024/280 nömrəli müqaviləyə əsasən 4200 manat borcun 5 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, iş materiallarına əsasən müəyyən edilən işin faktiki halları belədir ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda və qiymətə ayrı-ayrı partiyalarla cavabdehə təhvil vermək, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul məbləğini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malı cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alqı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-ci paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulan alqı-satqı müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi, təhvil verilmiş malların ümumi dəyərinin 4200 manat təşkil etməsi, Cavabdeh xx.xx.2025-ci il tarixə iddiaçıya 4200 manat məbləğində borcunun olması işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 4199 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin aığı-satqı müqaviləsi üzrə öhdəliyini icra etməyərək aldığı malların dəyərini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, elektron qaiməyə, qarşılıqlı hesablaşmalar üzrə üzləşdirmə aktına və borcun ödənilməsinə dair cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh iddianın tam və ya qismən əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, işdə olan tərəflər arasında imzalanmış “üzləşdirmə aktı” ilə Cavabdeh aktın imzalandığı xx.xx.2025-ci il tarixə iddiaçıya 4200 manat qalıq borcunun olduğunu etiraf etmişdir. Beləliklə məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair aktları, üzləşmə aktını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların ödənilməmiş hissəsinin qiymətini təşkil edən 4199 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 4199 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddia tələbinin əsassızlığına dair mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 4199 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğısatqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 139,20 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində əsaslı olduğu qənaətinə gələrək qeyd edir ki, gecikdirmə faizinin tutulmasına dair iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Buna görə də, həmin hissədə iddianın uğurluluğu onun faktiki hallarının MM-nin 445.7-ci maddəsinin dipozisiya şərtlərini ödəməsindən asılıdır. Məhkəmə, ilk növbədə müqavilə üzrə pul öhdəliyi ilə bağlı icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını nəzərdə tutan MM-nin 445.7-ci maddəsinin tətbiqinin əsası üçün zəruri şərtlərin təhlilini vacib hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, MM-nin 445.7-ci maddəsi borclu tərəfindən öhdəlik icra edilmədiyi təqdirdə kreditorun gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin qarşılanması (kompensasiyası) üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan biri kimi çıxış edir. Şərh olunanları baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən cavabdehə qarşı müqavilə üzrə öhdəliklərin lazımi şəkildə icra edilməməsi səbəbi ilə gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin əsassız olduğu qənaətinə gələrək hesab edir ki, hər bir tərəf iddia və etirazlarının əsaslarını sübut etməlidir. İddiaçı tərəfindən pul ödənilməsinə dair hər hansı yazılı sübut (qəbz, müqavilə, akt, köçürmə sənədi və s.) məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, 280/2024 nömrəli müqavilə üzrə 4199 manat məbləğində əsas borc, illik gecikdirilmiş vaxt üçün 5% məbləğində hesablanmaqla 139,20 manat məbləğində faiz borcu və ödənilmiş 63 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4401,2 manat məbləğində pul tutularaq iddiaçı “X1” MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar