Məhkəmə qərarları › İş №e-2-2(121)-1816/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1816/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1816/2025 25.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı X1 xeyrinə 20400 manat əsas borc, 19296 manat dəbbə pulu, 330 manat vəkil xərcləri olmaqla ümumilikdə 39696 (otuz doqquz min altı yüz doxsan altı) manat pul vəsaitinin tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 quş yemi satışını həyata keçirir. O, cavabdehlə xx.xx.2023-cü il tarixli müqavilə imzalamış, daha sonra isə EBCN 938418 saylı qaimə faktura ilə cavabdehə 20400 manat dəyərində quş yemi satmışdır. Cavabdeh bu günədək həmin malın pulunu ödəməmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 4.3.-cü bəndinə görə, ödənişlərin gecikdirilməsinə görə Alıcı (Cavabdeh) gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1 faizi məbləğində dəbbə pulunu Satıcıya ödəməlidir. Beləliklə, gecikdirilməyə görə ödənilməli olan dəbbə pulu (DP) 19296 manatdır. Vəkil xidmətləri üçün ödənilmiş məğləğ 330 manatdır. Cavabdehdən tutulmalı yekun vəsait 39696 manat pul məbləğindədir.

Tərəflərin izahatları:

3. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsnə uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Mallar cavabdehə bir dəfəyə verilmişdir. Malın dəyəri iş materiallarında olan təhvil-qəbul aktında 18972 manat, elektron qaimədə isə 20400 manat göstərilmişdir. Ehtimal edir ki, düzgün olan təhvil-qəbul aktında qeyd olunan məbləğdir. Ola bilsin ki, elektron qaimə tərtib edilərkən hesablamada səhvə yol verilmişdir. Təhvilqəbul aktında əks olunan imzalar iddiaçı və cavabdeh tərəfindən icra edimişdir. Qeyd etdiklərini və iş materiallarını nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri bardə məlumat verməmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İddia ərizəsinə etiraz:

7. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

8. X3 (“Satıcı”, VÖEN:**********) ilə Cavabdeh (“Alıcı”, VÖEN:**********) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 010 nömrəli alqı-satqı müqaviləsinin: -1.1-ci bəndinə əsasən, müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (Müqaviləyə 1 saylı Əlavə) Spesifikasiyada adları göstərilən Malları “Satıcı”ya satmağı “Alıcı” isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. -2.3-cü bəndinə əsasən, “Satıcı” müqavilə imzalandığı tarixdən, “Alıcı” tərəfindən öncədən daxil olmuş sifarişlərə uyğun olaraq, 3-5 (üç-beş) təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda malı “Alıcı”nın özünə və ya səlahiyyətli nümayəndəsinə təhvil verir. -3.2-ci yarımbəndinə əsasən, Malların hər vahidinin qiyməti inflyasiya prossesləri, qiymətlərin mövsümü dəyişməsi, bazarın konyukturasının dəyişməsi ilə əlaqədar olaraq, Tərəflərin qarşılıqlı razılaşması əsasında (Müqaviləyə əlavə Sazişlər şəklində) dəyişdirilə bilər -4.2-ci yarımbəndinə əsasən, Malların “Alıcı”ya təhvil verilməsi üzləşdirmə aktı, qaimə-faktura və ya elektron qaimə-faktura ilə təsdiq edilir. Bu sənədlərin hər biri ayrıayrılıqda bərabər hüquqi qüvvəyə malikdir. Malların təhvil təslimi ilə bağlı qeyd olunan sənədlərdən hər hansı birinin mövcudluğu “Satıcı”nın təhvil-təslim öhdəliyinin icrasını təsdiq edir. - 4.3-cü bəndinə əsasən, Bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1% həcmində “Satıcı”ya dəbbə pulu ödəyir. -5.1-ci yarımbəndinə əsasən, mal keyfiyyətinə görə tələb olunan standartlara və normativ-texniki sənədlərin tələblətinə cavab verməlidir. -9.1-ci yarımbəndinə əsasən, bu müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. -9.2-ci yarımbəndinə əsasən, “Alıcı” bu müqavilənin 5.1-ci yarımbəndində göstərilən ödəmə vaxtını gecikdirdiyi və ya Müqavilənin digər şərtlərini pozduğu təqdirdə “Satıcı” “Alıcı”nı 5 (beş) gün əvvəlcədən yazılı surətdə məlumat verməklə Müqaviləyə vaxtından əvvəl bir tərəfli qaydada xitam vermək hüququna malikdir. Belə olduğu halda “Alıcı” “Satıcı”ya müqavilənin xitamı tarixinə qədər müqavilənin icrası ilə əlaqədar alınmış malın dəyərini qeyri şərtsiz ödəməlidir.

9. İş materiallarında olan X3 və Cavabdeh tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli “X4-Qəbul Aktı”ından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 18972 manat məbləğində mal (ətlik quş üçün yem) təhvil verilmişdir.

10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 20400 manat məbləğində mal təqdim edilmişdir.

11. İş materiallarında olan X3 tərəfindən Cavabdeh ünvanlanmış 28 aprel 2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, X3 ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.

12. ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 209,10 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

17. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, iddiaçı X3 ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi X3 həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında, malları (“Alıcı”) Cavabdeh mülkiyyətinə verməyi, sonuncu isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

18. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan və satılan malın dəyərini təşkil edən borcun iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

19. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddia ərizəsində Cavabdeh əsas borc məbləğinin 20400 manat göstərilməsinə baxmayaraq, iş materiallarında olan, iddiaçı və cavabdeh tərəfindən ilə təsdiq edilmiş və mötəbərliyi mübahisələndirilməyən “Təhvil-qəbul Aktı”ndan görünür ki, tərəflər arasına bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malın ümumi dəyəri 18972 manat təşkil edir. Eyni zamanda elektron qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 20400 məbləğində mal təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təhvil verilən malları dəyəri müəyyən edilərkən, tərəflərin hər ikisinin imzası ilə təsdiq edilmiş “Təhvil-qəbul Aktı”əsas götürülməlidir. Ona görə ki, tərəflərin təsdiq etdiyi 30 yanvar 2023-cü il tarixli Təhvil-Qəbul aktında cavabdehin cəmi 18972 manat məbləğində borcunun olması tərəflərin qarşılıqlı iradə ifadəsi ilə müəyyən edilmişdir.

20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc məbləğinə münasibətdə 18792 manat hissədə təmin edilməlidir.

21. Məhkəmə iddiaçı tərəfindən hesablanmış və tələb olunan 19296 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1% həcmində “Satıcı”ya dəbbə pulu ödəyir. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə borcu azaldılaraq 800 manat müəyyən edilməlidir.

22. Məhkəmə 330 manat vəkil xərcləri ilə əlaqədar qeyd edir ki, iddiaçı həmin xərclərlə bağlı müvafiq ödənişi təsdiq edən sənədi məhkəməyə təqdim etmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

Məhkəmə xərcləri:

23. Məhkəmə AR MPM-nin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə ödənilmiş 209,10 manat dövlət rüsumunun 150 manatı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, qalan 59 manatı isə iddiaçının özünə aid edilməlidir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh 18972 manat məbləğində əsas borc və 800 manat cərimə olmaqla, cəmi 19772 (on doqquz min yeddi yüz yetmiş iki) manat məbləğində borc və ödənimiş dövlət rüsumuna görə 150 (bir yüz əlli) manat pul vəsaiti tutularaq iddiaçı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş qalan 59 (əlli doqquz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar