Məhkəmə qərarları › İş №e-2-2(121)-1819/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1819/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1819/2023 14.11.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı İddiaçı nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı – pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.684 manat əsas borc, 2.000 manat cərimə borcu, 205 manat məcburi ilkin mediasiya xərci məbləğinin, ümumilikdə - 26.889 manat məbləğində pulun İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Təchizatçı) ilə ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən Fərdi sahibkar Cavabdeh (Alıcı) arasında xx.xx.2023cü il tarixli U23/03/29 nömrəli Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1ci bəndinə görə Təchizatçı Alıcını müvafiq olaraq mallar ilə təmin etməyi, Alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin əlavəsinə (Qiymətlərin razılaşma protokoluna) və təhvil-təslim aktlarına əsasən (xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktları) İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə 24.684 (iyirmi dörd min altı yüz səksən dörd) manat dəyərində mal verilmişdir. Lakin müqavilənin göstərilən şərtlərinə zidd olaraq, alıcıya verilmiş malların dəyərinin ödənilməsi gecikdirilmiş və xx.xx.2023-cü il tarixədək ödənilməmişdir. Belə ki, Müqavilənin 3.3-cü bəndinə görə Təchizatçı malları Alıcıya təhvil verdikdən sonra, Alıcı malların dəyərini 15 (on beş) iş günü ərzində ödəməyi öhdəsinə götürür. Cavabdehə xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə pretenziya qaydasında borcun ödənilməsi barədə bildiriş təqdim edilsə də, həmçinin qanunvericiliyə uyğun olaraq məcburimediasiya prosesinə çağırılsa da öhdəlik 5 (beş) aydır ki, icra olunmur. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdehdən 23.684 manat əsas borc, 1.800 manat cərimə borcu, 205 manat məburi ilkin mediasiya xərci məbləğin, ümumi- 25.689 manat məbləğində pulun İddiaçı MMC-nə ödənilməsi xahiş edilmişdir. Ərizə belə əsaslandırılmışdır ki, iş məhkəməyə göndərildikdən və məhkəmə tərəfindən icraata qəbul edildikdən sonra iş üzrə borclu/Cavabdeh müqavilə üzrə əsas borcundan köçürmə yolu ilə 1.000 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə izahat verərək cavabdehdən 23.684 manat əsas borc, 1.800 manat cərimə borcu, 205 manat məburi ilkin mediasiya xərci olmaqla, ümumilikdə 25.689 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, İddiaçı MMC-dən mal aldığını, lakin hazırda bank hesablarında problem yarandığından ödənişləri edə bilmədiyini bildirərək məhkəmədən qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, U23/03/29 saylı alqı-satqı müqaviləsindən görünür ki, təchizatçı alıcını ikinci tərəfdən şifahi və ya yazılı şəkildə təqdim edilmiş tələbnamə sifarişlərinə müvafiq olaraq kompyuter, printer və digər ofis avadanlıqarı (mallar) ilə təmin etməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, U23/03/29 saylı alqı-satqı müqaviləsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolundan görünür ki, alınacaq malın ümumi dəyəri ƏDV daxil 5814 manat təşkil etmişdir. Qiymətlərin razılaşdırılması protokolu İddiaçı MMC və Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 5.814 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Təhvil-təslim aktı tərəflər tərəfindən imzalanaraq təsdiq edilmişdir. İşdə olan EBDB seriyalı, 217959 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən U23/03/29 saylı müqaviləyə əsasən Cavabdeh 5.814 manat məbləğində kompyuter avadanlığı təqdim edilmişdir. İş materiallarında olan tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, U23/03/29 saylı alqı-satqı müqaviləsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolundan görünür ki, alınacaq malların ümumi dəyəri ƏDV daxil 18.870 manat təşkil etmişdir. Qiymətlərin razılaşdırılması protokolu İddiaçı MMC və Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 18.870 manat məbləğində kompyuter avadanlıqları iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Təhvil-təslim aktı tərəflər tərəfindən imzalanmışdır. İşdə olan EBDF seriyalı, 124886 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimənin əslindən görünür ki, İddiaçı MMC tərəfindən U23/03/29 saylı müqaviləyə əsasən Cavabdeh 18.870 manat məbləğində kompyuter avadanlıqları təqdim edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya (xəbərdarlıq) məktubları göndərmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 205 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, U23/03/29 alqı-satqı müqaviləsinin bağlanılması və həmin müqavilə çərçivəsində iddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsi işin mübahisəsiz halıdır. Müqavilə şərtlərinə uyğun olaraq təqdim edilmiş mallara dair təhviltəslim aktları və elektron-qaimələr tərtib edilmişdir. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 24.684 manat məbləğində mallar təhvil verilmişdir. Sonradan cavabdeh tərəfindən 1.000 manat məbləğində ödəniş edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, iddiaçıya qeyd olunan müqavilə üzrə 23.684 manat əsas borcu qalmışdır. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaiməfakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə mallar göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Məhkəmə yuxarıda sadalanlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan müqavilə əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair öhdəlik götürmüşdür. Cavabdeh qeyd olunan müqavilə əsasında mal almasına dair hüququndan istifadə etsə də, həmin malların dəyərini cavabdehə ödəməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilərək, 23.684 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, həmçinin iddia tələbinin 1.800 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələb tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Yəni, həmin müqavilənin 5.5-ci bəndinə əsasən bu müqavilə üzrə Alıcı tərəfindən Təchizatçının hesablaşma hesabına köçürmələr gecikdirilərsə, hər gecikdirilən gün üçün bu müqavilənin 0,1 % həcmində cərimə ödəyir. Lakin bu məbləğ müqavilənin ümumi dəyərindən 10 % artıq olmamalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 1.800 manat deyil 500 manat cərimə borcu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, həmçinin iddianın 205 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 23.684 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə borcu və 205 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 24.389 (iyirmi dörd min üç yüz səksən doqquz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar