Məhkəmə qərarları › İş №e-2-2(121)-1831/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1831/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1831/2023 05.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yaranmış 1.800 manat məbləğində əsas borcun, 60 manat mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış şifahi inşaat materiallarının alqı-satqısı müqaviləsinin əsasən, müəssisənin istehsal etdiyi malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflərindən üzərilərinə götürdükləri öhdəliklər tamamilə icra olunsa da Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Alqı-satqı münasibətlərinin yekununda qalıq debitor borcun müəyyənləşdirilməsi və təsdiqi məqsədilə tərəflər arasında akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli üzləşdirmə aktına əsasən Cavabdeh İddiaçı MMC-yə 1800 (min səkkiz yüz) manat məbləğində qalıq borcunun olduğu müəyyən edilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-yə 1800 (min səkkiz yüz) manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək 2019-cu il tarixində cavabdehə 2.000 manat dəyərində mal satdıqlarını, lakin cavabdeh həmin puldan 200 manat ödəniş etdiyini bildirərək hal-hazırda 1.800 manat borcunun qaldığını bildirdi. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdehin qalıq borcu 1.800 manat məbləğində təşkil edir. Üzləşmə aktı tərəflərin imzaları ilə təsdiq edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya (xəbərdarlıq) məktubu göndərmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında inşaat materiallarının alqı-satqısına dair şifahi müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 1.800 manat dəyərində inşaat materialları satmışdır. Şifahi alqı-satqı müqaviləsinə əsasən iddiaçı malların satılmasını, cavabdeh isə malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan şifahi müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməmişdir. Göründüyü kimi tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmənin 10 oktyabr 2023-cü il tarixində keçirilən iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında tərəflər arasında heç bir müqavilə bağlanmadığını, iddiaçı tərəfindən verilən malların hal-hazırda onlarda olduğunu, lakin malların keyfiyyətsiz olması səbəbindən həmin malları sata bilmədiklərini bildirərək iddanın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatında bildirdiyi hallara münasibət bildirərək qeyd edir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçı tərəfindən cavabdehə 1.800 manat dəyərində malların verilməsi işin mübahisəsiz halını təşkil edir. İşin mübahisəli halları isə tərəflər arasında yazılı müqavilənin bağlanmaması və iddiaçı tərəfindən verilən malların keyfiyyəti ilə bağlıdır. Məhkəmə tərəflər arasında yazılı müqavilənin bağlanmaması ilə bağlı cavabdehin nümayəndəsinin izahatında bildirdiyi hallarla bağlı aşağıdakı maddi hüquq normalarının qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsasan qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində alqı-satqı müqaviləsinin yazılı formada bağlanması ilə bağlı imperativ norma nəzərdə tutulmamışdır. Məhkəmə, eyni zamanda iddiaçı tərəfindən verilən malların keyfiyyətiz olması ilə bağlı cavabdehin nümayəndəsinin izahatında bildirdiyi hallarla bağlı qeyd edir ki, cavabdehin nümayəndəsi onlara təqdim olunmuş inşaat materiallarının keyfiyyətsiz olduğunu və ona maddi ziyan dəydiyini qeyd etsə də həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Məhkəmə, cavabdehin nümayəndəsinin etiraz ilə bağlı digər bir məqamı da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçıdan 2019-cu il tarixində 2.000 manat dəyərində mal alsa da həmin malların keyfiyyətsiz olması barədə qanunla müəyyən edilmiş müddətdə iddiaçıya qarşı hər hansı etirazı və ya iddiası olmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Hazırki işdən cavabdeh tərəfindən malların keyfiyyətsiz olması barədə iddiaçıya etiraz etdiyi müəyyən olunmur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi izahatında qeyd etdiyi hallara dair məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etmədiyindən cavabdehin nümayəndəsinin etirazı əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Göründüyü kimi, hazırkı mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək, razılaşdırılmış malları cavabdehə satmış, bunun nəticəsində iddiaçının cavabdehdən satdığı malların dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 1.800 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli üzləşmə aktı imzalanmışdır. Həmin akt İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin üzləşmə aktında cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixə 1.800 manat borcunun olması əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan 1.800 manat borcunu xx.xx.2021-ci il tarixli qarşılıqlı borclar üzrə üzləşmə aktı ilə etiraf etmişdir. Məhkəmə, həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1.800 manat məbləğində əsas borc və 60 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 1.860 (bir min səkkiz yüz altmış) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar