Məhkəmə qərarları › İş №e-2-2(121)-1843/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1843/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1843/2021 15.11.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı müqavilə üzrə yaranmış borc tələbi barədə iddiasına dair işə Şirvan şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC (bundan sonra “iddiaçı”, "xxxx" və ya "xxxx" MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – 1584,25 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1614,25 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 15.12.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə əsasən 1 hektar sahədə şəkər çuğunduru əkməyi və 40 ton məhsul istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Əgər təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında geri alınacaqdır. Bundan başqa Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 15.12.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 digər Cavabdeh1 müqavilə üzrə yaranacaq borcunu ödəyə bilməyəcəyi halda onun əvəzinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh ümumilikdə 1584,25 manat məbləğində borclanmışdır. Məhsul təhvil tam verilməmiş, nəticədə cavabdehin iddiaçıya 1584,25 manat məbləğində borcu yaranmışdır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, iddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və təqdim edilmiş maliyyə arayışlarında təsdiq edilir. İddiaçı tərəfindən yaranmış borcla bağlı cavabdehlərə pretenziya məktubu göndərilmiş, lakin cavabdehlər tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 28.09.2021-ci il tarixli qərardadı ilə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərar alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 15.12.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nin surətindən görünür ki, “İstehsalçı/Əkinçi” öz qanuni istifadəsində olan Kürdəmir rayonu, Qarasaqqal kəndi ərazisində yerləşən 1 hektar torpaq sahəsində "xxxx"in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qitmətlə və qaydada 2019-ci ilin noyabr ayının sonunadək "xxxx"ə təhvil verməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 15.12.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə 1 və 2 saylı əlavələr edilmişdir. İş əlavə edilmiş İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 15.12.2018-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, “Birgə Zaminlər” müqavilənin 1.2 bəndində göstərilən müqavilə üzrə “İstehsalçı/Əkinçi”, "xxxx" qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “İstehsalçı/Əkinçi” ilə birlikdə birgə məsuliyyət daşımalı və həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürməli, zaminliklə təmin edilən öhdəlik bir tərəfdən "xxxx" MMC, digər tərəfdən isə “İstehsalçı/əkinçi” qismində Cavabdeh1 arasında şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma haqqında bağlanmış olan 15.12.2018-ci il tarixli müqavilədən irəli gələn öhdəlikdir. Həmin müqaviləyə əsasən “İstehsalçı/Əkinçi” "xxxx"dən aqroservis xidmətləri, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vasitələrinin dəyəri ilə borclandığı 1234 manat məbləğində vəsaiti müqavilədə nəzərdə tutulan müddətdə, şərtlərlə və qaydada qaytarılmasını öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə “Birgə Zaminlər” birlikdə və ayrı-ayrılıqda "xxxx"in tələbinə qarşı “İstehsalçı/Əkinçi”nin irəli sürə biləcəyi etirazları irəli sürmək hüququna malik deyil. İşdən görünür ki, 20.02.2019-cu il tarixli, AS100000620 saylı “Ödəniş tapşırığına” əsasən 8 manat, 05.03.2019-cu il tarixli AS100000890 saylı “Ödəniş tapşırığına” əsasən 70 manat, 12.03.2019-cu il tarixli AS100001172 saylı “Ödəniş tapşırığına” əsasən 8 manat, 10.04.2019-cu il tarixli AS100002280 saylı “Ödəniş tapşırığına” əsasən 159 manat, 01.05.2019-cu il tarixli AS100003564 saylı “Ödəniş tapşırığına” əsasən 200 manat, 04.06.2019-cu il tarixli AS100005365 saylı “Ödəniş tapşırığına” əsasən 34 manat, 05.07.2019-cu il tarixli AS100006492 saylı “Ödəniş tapşırığına” əsasən 34 manat məbləğ "xxxx" MMC tərəfindən şəkər çuğunduru almaq üçün Cavabdeh1 hesabına köçürülmüşdür. İşə əlavə edilmiş elektron qaimələrdən görünür ki, 031410 nömrəli, 29.05.2019-cu il tarixli Elektron qaiməyə əsasən 126 manat, 108079 nömrəli, 30.05.2019-cu il tarixli Elektron qaiməyə əsasən 126 manat, 234276 nömrəli, 03.06.2019-cu il tarixli Elektron qaiməyə əsasən 625 manat, 316418 nömrəli, 04.06.2019-cu il tarixli Elektron qaiməyə əsasən 161,25 manat, 530284 nömrəli, 02.07.2019-cu il tarixli Elektron qaiməyə əsasən 15 manat, 530286 nömrəli, 02.07.2019-cu il tarixli Elektron qaiməyə əsasən 6 manat, 617639 nömrəli, 04.07.2019-cu il tarixli Elektron qaiməyə əsasən 6 manat, 933777 nömrəli, 11.07.2019-cu il tarixli Elektron qaiməyə əsasən 6 manat dəyərində "xxxx" MMC tərəfindən Cavabdeh1 xidmətlər göstərilmişdir. İşə əlavə edilmiş 21.05.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 21.05.2021-ci il tarixə iddiaçıya olan borcu 1584,25 manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış REF№205/21 saylı, 31.05.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehin iddiaçıya şəkər çuğunduru məhsulu təhvil vermədiyi və iddiaçıya 1584,25 manat borclu olduğu bildirilmişdir. Həmin borc məbləği cavabdehlərdən tələb edilmişdir. İş materiallarına əlavə olunan cavabdehlərin məhkəməyə ünvanladığı 02.09.2021-ci il tarixli ərizədən görünür ki, iddianı qəbul edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Beləliklə, məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15.12.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə və ona əlavələrə əsasən cavabdeh 1 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 40 ton məhsul əldə etməklə 40 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən həmin sahəyə 1584,25 manat dəyərində xərc çəkilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya şəkər çuğunduru məhsulu təhvil verilməmiş və cavabdehin 1584,25 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə(lər) üzrə cavabdeh(lər) üzər(lər)inə götürdü(kləri)yü öhdəli(klər)yi yerinə yetirməmişdir(lər). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda sahədə şəkər çuğunduru əkmək və hər hektardan məhsul əldə etməklə şəkər çuğunduru istehsal edib iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 qarşı iddia tələbi on(lar)a aid hissədə rədd olunmalıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdeh(lər)ə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 1584,25 manat borc və 25 manat dövlət rüsumu, cəmi 1609,25 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə, o cümlədən Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar