Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1849/2024 31.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi-vəkili Vəkil, Cavabdehlər X1 və Cavabdeh1 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – avtomobil istifadədə olduğu müddətdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5482.11 manat əsas, 4775.85 faiz borcu, 1314.48 dəbbə pulu, “Mercedes Benz” ML 63 markalı, ** JU *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 42325.49 və əlavə 18% ƏDV yəni, 7618.59 manat məbləğində pulun və ödənilmiş 275 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil izahatında “Mercedes Benz” ML 63 markalı avtomobilin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə cavabdehə verilməsini təsdiq edən sənədləri əldə edə bilmədiyini qeyd edərək işin məhkəmə aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 izahatında vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN) malik olsa da sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, həmçinin “Mercedes Benz” ML 63 markalı avtomobili ümumiyyətlə təhvil almadığını qeyd edərək işin məhkəmə aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 işin məhkəmə aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 13-cü bəndinə əsasən Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Məhkəmə, işdə olan sənədlərə əsasən müəyyən edir ki, hazırki iş üzrə mübahisə tərəflər (lizinq verən və lizinq alan) arasında lizinq müqaviləsindən əmələ gələn öhdəliklərin icrası ilə əlaqədardır. Belə ki, tərəflər arasında məhkəmə mübahisəsi kommersiya hüquqi şəxsi ilə fərdi sahibkar statusuna malik olan fiziki şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsindən irəli gəlir. Həmin müqavilənin predmetini isə “Mercedes Benz ML63” markalı avtomobil təşkil edir. Məhkəmə qeyd edir ki, sözügedən müqavilənin tərəfləri hüquqi şəxs və fərdi sahibkar statusuna malik fiziki şəxs olmasına baxmayaraq hüquq münasibətinin xarakteri baxımından hazırki mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz. Çünki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla, iddia ərizəsinə əlavə olunan sənədlərlə, həmçinin tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərindən lizinq obyektinin lizinq alan tərəfindən məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə alınması müəyyən edilmir. Tərəflər arasında bağlanılan lizinq müqaviləsi əsasında yaranan münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə lizinq predmetinin yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verilməsi məhdudlaşdırılmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrində lizinq alanın sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə hər hansı tələb mövcud deyildir. Mülki Məcəllənin 747-1.3-cü maddəsinin tələbləri baxımından lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh Əkbərov X2 şəhəri, 21-ci məhəllə, döngə 2, ev.5 ünvanında rəsmi qeydiyyatdadır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh (lizinq alan) Əkbərov X2 şəhəri, 21-ci məhəllə, döngə 2, ev.5 ünvanında qeydiyyatda olduğundan və tərəflər işin Lənkəran Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərindən iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. - 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 32.3, 32.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Ləkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1849/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1849/2024
31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver