Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-186/2022 10.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəbiyev Nicat Salavat oğlunun katibliyi Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı - 04.12.2017-ci il tarixli 1796-L/17 nömrəli müqaviləyə əsasən 8716.00 (səkkiz min yeddi yüz on altı) manat gecikdirilmiş əsas borcu və 2565.54 (iki min beş yüz altmış beş manat manat 54 qəpik) manat cərimə borcu, 26.02.2018-ci il tarixli 238-L/18 nömrəli müqaviləyə əsasən 3240.00 (üç min iki yüz qırx) manat gecikdirilmiş əsas borcu və 771.66 (yeddi yüz yetmiş bir manat 66 qəpik) manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi: 15643,2 (on beş altı yüz qırx üç manat 20 qəpik) manat pul vəsaitinin cavabehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Saatlı Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmənin hazırlıq iclasını iştirakı olmadan keçirilməsini və işi şifahi məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil vəsatəti təmin edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Saatlı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 03 aprel 2019-cu il tarixli, 604 saylı Fərmanında sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması nəzərdə tutulmuşdur. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində qeyd olunur ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən normalarının məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə Cavabdeh 04.12.2017-ci il tarixli, 1796-L/17 nömrəli və 26.02.2018-ci il tarixli, 238-L/18 nömrəli müqavilələr bağlanılarkən vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdan keçmədiyindən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, hazırki iş üzrə meyar olan “mübahisənin subyekt tərkibi” işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 04 dekabr 2017-ci il tarixli, 196-L/17 saylı və 26.02.2018-ci il tarixli, 238-L/18 saylı müqavilələrdən görünür ki, Cavabdeh kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. İş materiallarından olan “Elektron Məhkəmə İnformasiya Sistemindən” çıxarışdan görünür ki, Cavabdeh 11 sentyabr 2019-cu il tarixində vergi orqanında qeydiyyatdan keçmiş və ona ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir (VÖEN) verilmişdir. İş materiallarında olan fiziki şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışdan görünür ki, Cavabdeh 28.10.2019-cu il tarixdən 28.10.2024-cü il tarixədək sahibkarlıq fəaliyyətini dayandırmışdır. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemindən” çıxarışdan görünür ki, Cavabdeh Saatlı rayonu, Heydərabad kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə hesab edir ki, tərəflər arasında müvafiq müqavilələr bağlanılarkən, o cümlədən iş üzrə cavabdeh hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, həmçinin Cavabdeh Saatlı rayonu, Heydərabad kəndində qeydiyyatda olduğundan Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Saatlı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 32.3, 32.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Saatlı Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-186/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-186/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver