Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1861/2023 12.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6500 (altı min beş yüz) manat pul vəsaitinin və 100 manat məbləğində mediasiyaya dair xərcin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, RAZ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığorta müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən 10000 (on min) manat sığorta haqqı təşkil etmişdir. Sığortalı tərəfindən ödənilməyən (yaranmış öhdəlik) sığorta haqqı məbləği cəmi 6500 (altı min beş yüz) manat təşkil edir. xx.xx.2023-cü il tarixində 6500 (altı min beş yüz) manat pul vəsaitinin İddiaçı ASC-yə ödənilməsi cavabdehdən mediasiya qaydasında tələb edilmişdir. Lakin cavabdeh yenə də yaranmış öhdəliklərini icra etməmişdir. Cavabdeh tərəfindən iddiaya dair etiraz təqdim olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi sığorta müqaviləsini əsas götürüb və iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında 1 nömrəli sənəd kimi sığorta müqaviləsini qeyd edib. Ancaq qeyd edilən müqavilə iş materiallarına və iddia ərizəsinə əlavə edilməyib. İşə baxan məhkəmə qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsinə əlavə edilməsi qeyd edilən sənədlər, yəni sığorta müqaviləsi iddia ərizəsinə əlavə edilmədiyini nəzərə alaraq iddia ərizəsini geri qaytarmalı idi. Bundan əlavə məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında belə bir müqavilə bağlanmamışdır. İddiaçının qeyd etdiyi müqaviləni təqdim edə bilməməsi bu səbəbdəndir. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi, tərəflər arasında 6500 manat dəyərində əlavə sığorta haqqının ödənilməsi barədə ikitərəfli təsdiq edilmiş müqavilə mövcud deyil. İddiaçının ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus əmlakların sığortalanmasına gəldikdə isə təxminən ən azı beş ildir ki, cəmiyyətə məxsus əmlaklar iddiaçı tərəfindən sığortalanır və həmin illərdə sığorta məbləği 3500 manatdan az olub. İddiaçının son beş il üzrə bizə məxsus əmlakların sığorta haqları ilə bağlı məbləğlərə baxılsa qeyd edilənin həqiqətə uyğun olduğunu görərik. Bundan başqa məhkəmənin nəzərinə çatdırırıq ki, biz hətta razılaşdığımız 3500 manatlıq sığorta məbəğini ödəməkdə çətinlik çəkmişik. Belə ki, əmlaklarımızın sığortalanması ilə bağlı razılaşdıqdan sonra müəssisəmizin fəaliyyətində ciddi problemlər yaranmış və istehlak sahələrimizin əksəriyyəti fəaliyyətini tam dayandırımaq məcburiyyətində qalıb. 500 nəfərlik əmək kollektivinin sayı 15 nəfərədək azalmışdır. Hazırda da bu acnacaqlı hal davam edir. Yuxarıda qeyd edilənləri və xüsusi ilə iddiaçı qarşısında 6500 manat sığorta ödənişinin edilməsi ilə bağlı öhdəliyi müəyyən edən müqavilə olmadığını nəzərə alaraq iddia tələbinin tam əsassız və qanunsuzluğuna görə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında xx.xx.2022-c il tarixli, RAZ********** saylı icbari sığorta şəhadətnaməsinə əsasən cavabdeh tərəfindən 500 manat ödəniş edildikdən sonra həmin şirkətə sığorta haqqı məbləği 7.000 manat olan icbarı sığorta şəhadətnaməsi verildiyini, lakin cavabdeh tərəfindən qalan 6.500 manatın ödənilmədiyini qeyd edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri, cavabdehi etirazını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, işdən görünür ki, Neftçala rayonu, Qaraqaşlı kəndində yerləşən "xxxx" ASCyə məxsus daşınmaz əmlaka dair xx.xx.2023-cü il tarixədək xx.xx.2022-c il tarixli, RAZ********** saylı icbari sığorta şəhadətnaməsi (BB 695691) verilmişdir. Həmin icbari sığorta şəhadətnaməsinə əsasən sığorta haqqı 7.000 manat təşkil etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, SM-22/46 saylı hesab faktura tərtib olunmuşdur. Həmin faktura üzrə hesablanmış 7.000 manat sığorta haqqı məbləğinin 5 iş günü ərzində göstərilən rekvizitlər üzrə bank hesabına ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan EBCB seriyalı, 170269 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ümumilikdə 10.000 manat dəyərində sığorta xidməti təqdim edilmişdir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, SM-22/46 saylı hesab faktura tərtib olunaraq hesablanmış 10.000 manat sığorta haqqı məbləğinin 5 iş günü ərzində göstərilən rekvizitlər üzrə bank hesabına ödənilməsi xahiş edilmişdir. Daha sonra cavabdeh 500 manat ödəniş etdikdən sonra iddiaçı tərəfindən Neftçala rayonu, Qaraqaşlı kəndində yerləşən "xxxx" ASC-yə məxsus daşınmaz əmlaka dair sığorta haqqı 7.000 manat təşkil edən xx.xx.2022-ci il tarixli, RAZ********** saylı icbari sığorta şəhadətnaməsi (BB 695691) verilmişdir. Cavabdeh tərəfindən ödənilməyən sığorta haqqı məbləği 6.500 manat təşkil edir. 6.500 manat pul vəsaitinin ödənilməsi cavabdehdən tələb edilsə də cavabdeh yaranmış öhdəliklərini icra etməmişdir. Məhkəmə, ilk öncə daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş normaları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.1-ci maddəsinə görə icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Həmin Qanunun 901.3-cü maddəsinə əsasən əgər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda və sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta şəhadətnaməsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən 3 iş günü müddətində verilməlidir. Qeyd olunan Qanunun 903.3-cü maddəsinə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Həmin Qanunun 903.7-ci maddəsinə əsasən elektron sənəd formasında olan sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. -9.1-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir. -9.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsi sığorta haqqının ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ödənilməsindən 3 iş günü müddətində verilir. -11.1-ci maddəsinə görə icbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə bu Qanunun Xüsusi hissəsində başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla, birdəfəlik ödənilir. - 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məhkəmə, qanunverciliyin yuxarıda qeyd olunan normalarının hazırki mübahisəyə tətbiqi baxımından hesab edir ki, icbari sığorta şəhadətnaməsində icbari sığorta haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulmadığı halda sığorta haqqı sığortaçıya birdəfəlik ödənilməlidir. Lakin, işdə olan sənədlərdən tərəflər arasında icbari sığorta haqqının hissəhissə ödənilməsinin şərtləndirildiyi müəyyən olunmur. Bununla belə, elektron sənəd formasında olan xx.xx.2022-ci il tarixli, RAZ********** saylı icbari sığorta şəhadətnaməsinin verilməsi üçün 7.000 manat sığorta haqqının ödənilməsi tələb olunduğu halda cavabdeh tərəfindən 500 manat ödəniş edilməklə sözügedən icbari sığorta şəhadətnaməsinin verilməsi qanunvericiliyin yuxarıda sadalanan tələblərinə zidd qiymətləndirilməlidir. Eyni zamanda, 7.000 manat məbləğində sığorta haqqı birdəfəlik və tam ödənilmədən elektron icbari sığorta şəhadətnaməsinin hansı qaydada tərtib edildiyi də məhkəmə tərəfindən anlaşılan deyildir. Bundan başqa, məhkəmə qeyd edir ki, icbari sığorta şəhadətnaməsi qanunvericiliyin tələblərinə uyğun tərtib olunsa da belə iş materiallarından cavabdehin iddiaçıya 6.500 manat borcunun olduğu sübuta yetirilmir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə, həmçinin bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsaslılığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən, mövcud iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin, hesab edir ki, iddia rədd edildiyindən 100 manat məbləğində mediasiya xərci iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1861/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1861/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver