Məhkəmə qərarları › İş №e-2-2(121)-1868/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1868/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1868/2022 01.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh vəkili X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – 14928,40 manat borcun, 886,66 manat icarə haqqının, cəmi 15815,06 manat məbləğində borcun, 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış 10/**********-S/20 saylı, xx.xx.2020-ci il tarixli distribütor müqavilələrinə əsasən iddiaçının istehsal etdiyi süd və süd məhsullarını Lənkəran regionu üzrə satışını həyata keçirməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh müəssisəsədən təhvil aldığı süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 14928,40 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Məsələni həll etmək məqsədilə dəfələrlə həmin borcun ödənilməsi ilə əlaqədar cavabdehə cəriməsiz olaraq borcun ödənişlərini həyəta keçirilməsi barədə şifahi və yazılı xəbərdarlıqlar edilsə də (pretenziya isə xx.xx.2022 tarixlərdə təqdim edilmişdir) borc bu günə kimi tam ödənilməmişdir. Əlavə olaraq qeyd edirlər ki, pretenziya göndərilərkən borc məbləği 21528,41 manat təşkil etmişdir, lakin sonradan qaytarma əməliyyatları nəzərə alındıqdan sonra 14928,40 manat təşkil etmişdir. Nəqliyyat vasitələri xx.xx.2021-ci il tarixində təhvil verilmişdir. Odur ki, borc 2021-ci il aprel ayına görə tam 760 manat (2 ədəd * 380 manat) və 2021-ci il may ayının 5-nə qədər hesablanmışdır (2 ədəd * 25,33= 126,66 manat). Toplam olaraq 760 + 126,66 = 886,66 manat. Qeyd edilən icarə müqaviləsinə əsasən cavabdehin şirkətə 886,66 manat borcu yaranmışdır. Beləliklə, cavabdehin ümumi borcu - 15815,06 manat təşkil edir. İlkin mediasiya sessiyasına görə 200 manat ödəniş edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh vəkili X4 məhkəmə iclasında iddianı qismən qəbul edərək, göstərdi ki, iddiaçının özünün cavabdehə 4000 manat məbləğində borcu vardır. Buna görə də, iddiaçının cavabdehə olan 4000 manat borcu ümumi borcdan çıxılmalıdır. Odur ki, iddianın 10928,40 manat hissəsini qəbul edir, 886,66 manat icarə haqqının cavabdehdən tutulmasına dair hissəsinə isə etiraz edir. Belə ki, 2 ədəd yük avtomobillərin iddiaçıya qaytarılması cavabdeh tərəfindən təklif edilmiş, lakin, iddiaçı həmin avtomobilləri geri götürməmişdir. Hətta cavabdeh avtomobillərin dayanacaqda saxlanılması üçün nəzərdə tutulan xidmət haqqını ödəməklə əlavə ziyana düşmüşdür. Soyuducunun iddiaçı tərəfindən 5000-7000 manat arası alınması barədə təkifləri də vardır. Göstərilənləri nəzərə alaraq iddianın qismən təmin edilməklə 10928,40 manat hissəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehin vəkilinin izahatlarını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10**********-S/20 saylı xx.xx.2020-ci il tarixli distribütor müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən Şirkət tapşırır, Distribütor isə, Şirkətin istehsal etdiyi süd və süd məhsullarının Azərbaycan Respublikasının Lənkəran regionu üzrə satışını həyata keçirməyi öz öhdəsinə götürür. Göstərilən malların adı, miqdarı çeşidi və qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda (Əlavə 1) göstərilir. Bu Müqavilə əsasında göstərilən malların siyahısı və qiymətlər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişdirilə bilər. İşdə olan xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsinin surətindən görünür ki, bu müqavilə üzrə istifadəyə verən ona məxsus olan “İSUZU NPR 75L YÜK” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı və “İSUZU NPR 75L YÜK” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini icarəçiyə verməyi, icarəçi isə həmin nəqliyyat vasitələrini öz müvəqqəti istifadəsinə qəbul etməyi və bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öz öhdəsinə götürür. Bu müqavilədə qeyd edilən nəqliyyat vasitələrinin icarəyə verilməsi ona mülkiyyət hüququnun verilməsinə səbəb olmur. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsinin təhviltəslim aktının surətindən görünür ki, bu müqavilə üzrə istifadəyə verən ona məxsus olan “İSUZU NPR 75L YÜK” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı və “İSUZU NPR 75L YÜK” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini “İcarəverən” tərəfindən “İcarəçi”yə təhvil verilmişdir. İş materiallarına əlavə olunan elektron qaimələrin surətindən görünür ki, iddiaçı tərəfindən EBBA seriyalı, 492262 nömrəli, xx.xx.2021-ci tarixli e-Qaimə ilə 3280,92 manat, EBBA seriyalı, 488292 nömrəli, xx.xx.2021-ci tarixli e-Qaimə ilə 3712,3 manat, EBBA seriyalı, 529024 nömrəli, xx.xx.2021-ci tarixli e-Qaimə ilə 3357,55 manat, EBBA seriyalı, 934035 nömrəli, xx.xx.2021-ci tarixli e-Qaimə ilə 5207,32 manatlıq mal(lar) cavabdehə göndərilmişdir. İşdə olan “Malların təhvil-qəbul akt”larının surətlərindən görünür ki, mallar cavabdehə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə 14928,40 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə 886,66 manat məbləğində borcu vardır. İşdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya göndərmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış distribütor müqavilə(lər)si üzrə cavabdeh müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən müqavilə üzrə tələb edilən pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçının tapşırığı əsasında sonuncunun istehsal etdiyi süd və süd məhsullarının Azərbaycan Respublikasının Lənkəran regionu üzrə satışını həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh göstərilən müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilə üzrə tələb edilən pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1 və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məhkəmə həmçinin iddianın 886,66 manat məbləğində icarə haqqının cavabdehdən alınmasına dair hissələrini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsinə əsasən “İSUZU NPR 75L YÜK” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı və “İSUZU NPR 75L YÜK” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri 3 ay müddətinə hər birinin icarəsinə görə icarə haqqı hər ay 380 manat olmaqla cavabdehə icarəyə verilmiş, lakin cavabdeh üzərinə götürmüş öhdəlikləri lazımi qaydada yerin yetirməyərək, icarə haqqını ödəməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh icarə müqavilə(lər)si əsasında icarə obyekt(lər)ini icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş icarə haqqını ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh icarə haqqını ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 14928,40 manat borc, 886,66 manat icarə haqqı, cəmi 15815,06 manat məbləğində borc, 200 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar