Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-187/2024 04.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi ilə, İddiaçı “X11 Ekspedesiyası Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı yük daşıma xərcinin ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı “X11 Ekspedesiyası Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı yük daşıma xərcinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 2000 (iki min) ABŞ dolları (3400 manat) məbləğində yükün daşınma xərcinin tutularaq “X11 Ekspedesiyası Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “X11 Ekspedesiyası Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə məxsus yük (mal) Rusiya Federasiyası, Belqorod vilayətindən götürülmüş, daşımanı həyata keçirən “DAF” markalı, **-XV-***, **-ZG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasında olmuş, lakin cavabdeh təşkilatın sənədləşmə işləri ilə əlaqədar xx.xx.2023-cü il tarixədək yükün təhvil alınmasını gecikdirilmiş, nəhayət xx.xx.2023-cü il tarixdə yükün təhvil alınması başa çatmışdır. Qeyd olunan yük cavabdehin göstərişi üzrə Azərbaycan Respublikası, Lənkəran rayonunda yerləşən ünvana çatdırılmaqla təhvil verilmiş, bununla da yükün daşınması başa çatmışdır. Yükün təhvil alınmasını sürücüyə özünü Cavabdeh rəhbəri kimi təqdim edən Nurlan Nurəliyev adlı şəxs qeyd olunan yükə dair 000810 nömrəli CMR-ə imza etməklə təsdiq etmişdir. Yükün daşınma xərci 2000 (iki min) ABŞ dolları (3400 manat) məbləğində razılaşdırılmış və cavabdeh tərəfindən yük təhvil alındıqdan sonra 15-20 gün müddətində iddiaçı “X11 Ekspedesiyası Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli idi. Lakin cavabdeh bununla əlaqədar elektron qaimə və xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehnə 2000 (iki min) ABŞ dolları (3400 manat) məbləğində yükün daşınma xərcinin ödənilməsi ilə bağlı xx.xx.2023-cü ildə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, “Sizin müəssisə tərəfindən Cavabdeh MMC-nə göstərilən xidmət xx.xx.2023-cü ildə "xxxx" MMC-i tərəfindən EBDJ № 248918 saylı qaimə ilə 3060 manat təqdim olunub və xx.xx.2023-cü il tarixdə dəyəri 3060 manat tam ödənilib. Xahiş edirik 15 avqust 2023-cü il ildə təqdim etdiyiniz EBDM № 077367 saylı qaiməni siləsiniz” Göründüyü kimi ““X11 Ekspedesiyası Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə məxsus yükün daşınması üzrə xidmət göstərilməsi inkar olunmur. Cavabdehin cavabında qeyd etdikləri “xx.xx.2023-cü ildə "xxxx" MMC-i tərəfindən EBDJ № 248918 saylı qaimə ilə 3060 manat təqdim olunub və xx.xx.2023-cü il tarixdə dəyəri 3060 manat tam ödənilib” ilə əlaqədar olaraq bildirilir ki, "xxxx" MMC ilə “X11 Ekspedesiyası Kompaniyası” MMC arasında hər hansı bir müqavilə yoxdur, nə də ki, iddiaçı tərəfindən cavabdeh müəssisəyə "xxxx" MMC-yə ödəniş edilməsi ilə əlaqədar hər hansı bir tapşırıq verilməmişdir. Cavabdehin bu hərəkəti məsuliyyətdən yayınma kimi qiymətləndirilməlidir. Cavabdeh qanuni nümayəndəsi X5 iddia ərizəsinə qarşı yazılı etiraz verərək iddia tələbini qəbul etmədiklərini, onlara göstərilmiş yük daşıma xidmətinə görə ödənişi bununla əlaqədar 28 iyun 2023-cü il tarixdə bağlanılmış müqaviləyə əsasən "xxxx" MMC-nə tam şəkildə ödədiklərini, iddia ərizəsindən də göründüyü kimi xx.xx.2023-cü il tarixdə daşımanın tam həyata keçirilməsinə baxmayaraq iddiaçı tərəfindən onlara xidmət haqqının ödənilməsi barədə məktubun xx.xx.2023-cü il tarixdə göndərildiyini, xx.xx.2023-cü il tarixdə iddiaçıdan növbəti məktubu aldıqlarını, həmin məktubda ödənişin başqa şirkətə deyil, onlara ödənilməsi xahiş olunmuş, əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən onlardan xidmət haqqının başqa şirkətə ödənilməsi xahiş olunmamış və aralarında bu barədə razılıq olmamışdır, lakin onlarla iddiaçı şirkət arasında yük daşınması ilə bağlı hər hansı bir razılaşma olmadığını, yükün məhz iddiaçı tərəfindən daşınmasından xəbərsiz olduqlarını, bütün daşınma ilə bağlı əməliyyatların X13 tərəfindən aparıldığını, sifarişi də həmin şəxsə verdiklərini, onun da müqavilənin "xxxx" MMC ilə bağlanıb ödənişlə bağlı məsələlərin bu şirkətlə həll ediləcəyini bildirdiyini, nəticədə həmin şirkətlə müqavilə bağladıqlarını və ödənişi də həmin şirkətə etdiklərini, bütün bi müqavilə və ödəniş dövründə iddiaçı şirkəti tanımadıqlarını, onlarla əlaqələrinin olmadığını, iddiaçı şirkətin yalnız yükün daşınmasını həyata keçirdiyini, iddiaçı ilə aralarında hər hansı bir razılaşma olmamasına baxmayaraq yükün iddiaçı tərəfindən daşınmasının X7 və "xxxx" MMC-nin ekspeditor fəaliyyətini həyata keçirdiklərini təsdiq etdiyini, işin hallarından göründüyü kimi onlarla daşınma müqaviləsi bağlayan "xxxx" MMC-nin əslində ekspeditor şirkəti olduğunun, onların yükünün daşınmasının öz adından, lakin onların hesabına həyata keçiridiyinin müəyyən edildiyini, bu zaman "xxxx" MMC-nin iddiaçı ilə ona məlum olmayan hər hansısa formada əlaqəyə girdiklərini, həmin münasibətdə "xxxx" MMC-nin yük göndərənin hüquq və vəzifələrinə malik olduğunu, yəni iddiaçı onlara məxsus olan yükü daşıyıb təhvil versə də, onlardan pul tələb etmək hüququna sahib olmadığını, çünki iddiaçının X1 ilə "xxxx" MMC-nin sifarişini yerinə yetirdiyini, iddiaçının onlara ünvanladığı məktubun yükün təhvil verilməsindən 45-50 gün sonra pul tələb etməsinin, iddiaçının məktublarında “başqa şirkətə deyil, ödənişin onlara ödənilməsinin xahiş edilməsinin” də iddiaçının sifarişi onlardan deyil, başqa şirkətdən aldıqlarını təsdiq etdiyini bildirmiş və iddiaçı qarşısında heç bir öhdəliklərinin olmamasına görə iddianın rədd edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı “X11 Ekspedesiyası Kompaniyası” MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı “X11 Ekspedesiyası Kompaniyası” MMC tərəfindən Cavabdeh MMC-yə məxsus yük (mal) Rusiya Federasiyası, Belqorod Vilayətindən götürülmüş, daşımanı həyata keçirən “DAF” markalı, **-XV-***, **-ZG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasında olmuş, xx.xx.2023-cü il tarixdə Astara Gömrük İdarəsinin “Lənkəran” Gömrük postuna çatmış, xx.xx.2023-cü il tarixdə “Lənkəran” Gömrük postundan buraxılmış və nəhayət xx.xx.2023-cü il tarixdə tarixdə yükün daşınması və təhvil alınması prosesi bununla da başa çatmışdır. Qeyd olunan yükün “X11 Ekspedesiyası Kompaniyası” MMC tərəfindən “DAF” markalı, **-XV-***, **-ZG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən daşınması və xx.xx.2023-cü il tarixdə çatdırılması iddia ərizəsinə əlavə edilmiş sənədlərlə, o cümlədən 000810 nömrəli CMR (qaimə), əldə edilmiş sorğuların cavabları ilə, həmçinin cavabdehin etiraz ərizəsində bu faktın mübahisə edilməməsi ilə tam olaraq sübut edilmişdir. Bundan başqa iddia ərizəsində daşıma xərci olaraq cavabdehdən 2000 (iki min) ABŞ dolları tələb edilir və məbləğin 2000 ABŞ dolları olması cavabdeh tərəfindən mübahisələndirilmir. Əksinə cavabdeh həmin məbləğə yaxın bir məbləğin "xxxx" MMC-yə ödənilməsini göstərməklə, həmçinin cavabdehin EBDM №077367 elektron Qaiməyə qanunla müəyyən edilmiş müddətdə etiraz etməməsi iddiaçı “X11 Ekspedesiyası Kompaniyası” MMC tərəfindən daşınan yükün daşıma xərcinin 2000 ABŞ dolları məbləğində olmasını tam olaraq sübut edir. Etirazda göstərilən guya iddiaçı “X11 Ekspedesiyası Kompaniyası” MMC ilə Cavabdeh MMC arasında hər hansı bir müqavilənin olmaması ilə bağlı qeyd edilənləri, hüquqi əsası olmayan öhdəliyin icrasından qanunsuz yayınmağa yönəlmiş formal mülahizə olaraq qiymətləndiririk. Cavabdeh tərəf qanunvericiliyin tələblərindən tam məlumatlı olmadığından “000810 nömrəli CMR (Qaimə)”nin müqavilə qüvvəsinə malik olmasını nəzərə almamışlar. Bundan əlavə cavabdeh tərəf etiraz ərizələrinə xidmət müqaviləsi, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı və ödəniş qəbzi əlavə etməklə iddia ərizəsinə olan etirazlarını onunla əsaslandırmağa çalışmışlar ki, bununla onlar “X11 Ekspedesiyası Kompaniyası” MMC qarşısında hər hansı bir formada məsuliyyət daşımırlar. Qeyd olunanlarla əlaqədar olaraq Məhkəmənin nəzərinə çatdırırıq ki, cavabdehin "xxxx" MMC ilə göstərilən xidmət müqaviləsi bağlaması, həmin hüquqi şəxslə təhvil təslim aktı tərtib etməsi və müəyyən məbləğdə ödəniş edilməsi cavabdehi iddiaçı qarşısında risk dairəsinə daxil olan öhdəliyinin icrasından azad etmir. Ona görə ki, iddiaçının ödənişin "xxxx" MMC-yə edilməsi ilə bağlı razılığı və məlumatı olmamışdır. Cavabdehin təqdim etdiyi həmin müqavilənin, təhvil təslimin və ödəniş qəbzinin məhz 000810 nömrəli CMR üzrə daşınan yüklə əlaqədar olması sübut edilmir, bu da həmin sənədlərin formal olmasını və ya daşınan digər başqa bir yüklə əlaqədar olmasını istisna etmir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi “Görülmüş işlərin təhvil təslim Aktı” xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Halbuki gömrük orqanından əldə edilmiş sorğunun cavabından da görünür ki daşımanı həyata keçirən “DAF” markalı, **-XV-***, **-ZG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023cü il tarixdə Astara Gömrük İdarəsinin “Lənkəran” Gömrük postuna çatmış, xx.xx.2023-cü il tarixdə “Lənkəran” Gömrük postundan buraxılmış və nəhayət xx.xx.2023-cü il tarixdə tarixdə yükün daşınması və təhvil prosesi başa çatmışdır. Göründüyü kimi cavabdehin xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə hansı yükü təhvil təslim etməsi bəlli deyil. Formalaşmış işgüzar qaydalara əsasən malı qəbul edən tərəf real təhvil təslim edilməyincə daşımanı həyata keçirən tərəfə hər hansı bir ödəniş etmir. Çünki daşınan yükün daşıma qaydalarının pozulması ilə əlaqədar olaraq yararsız olma ehtimalı vardır. Göstərilənlərə əsasən hesab edirik cavabdehin etirazı tam olaraq əsassızdır. Qeyd olunanları nəzərə alaraq heesab edirik iddiaçı tərəf daşımanı vicdanla və daşıma qaydalarına müvafiq olaraq yerinə yetirmişdir. Bu işin mübahisə edilməyən halıdır. Cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı “X11 Ekspedesiyası Kompaniyası” MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi elektron ərizəsində məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin etirazından da görünür ki, Elçin adlı şəxs onların adından hərəkət etmişdir. Hesab edirik cavabdehin adından yükün daşınması məsələsinin Elçin yaxud başqa şəxs tərəfindən danışılması cavabdehi məsuliyyətdən azad etmir. Ona görə ki, həmin şəxs də məhz cavabdehin adından hərəkət etmişdir. Bundan əlavə cavabdeh tərəf etirazda "xxxx" şirkətinə tapşırıq vermələrini bildirsələr də bununla əlaqədar nə özləri, nə də onları təmsil edən şəxs tərəfindən heç bir məlumat verilməmişdir. İddiaçı malın daşınması üzrə cavabdeh qarşısında məsuliyyət daşımışdır. Bu gün iddiaçının "xxxx" şirkətinə qarşı tələb irəli sürməsi üçün heç bir hüquqi əsas yoxdur. Eyni zamanda cavabdeh iddiaçı qarşısında yükün daşınması öhdəliyi üzrə borclu şəxs olduğundan, hesab edirik ki, iddiaçının razılığı olmadan öhdəliyini üçüncü şəxsə verə bilməz. Qeyd olunanlara əsasən belə nəticəyə gəlirik ki, cavabdeh vicdanlılıq prinsipinin tələbinə müvafiq olaraq hərəkət etməmişdir. Belə ki, yükü təhvil almamışdan öncə iddiaçıya "xxxx" şirkəti ilə bağlı hər hansı bir məlumat verməmişdir. Bununla əlaqədar hər hansı bir sübutu bu günə kimi məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, iddiaçı tərəf daşımanı vicdanla və daşıma qaydalarına müvafiq olaraq yerinə yetirmişdir. Bu işin mübahisə edilməyən halıdır. Cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq iddiaçı ilə hüç bir müqavilə bağlamadıqlarını, aralarında heç bir öhdəlik olmadığını, daşınma ilə bağlı bir dəfə malı təhvil almaqları barədə sənədin müəssisələrinin direktoru tərəfindən malı təhvil aldıqlarına görə imzalandığını, yükün daşınması ilə bağlı sifarişi daşınma sahəsində ekspeditor kimi fəaliyyət göstərən X10 verdiklərini, ödənişi qaiməyə əsasən "xxxx" MMC-nin hesabına etdiklərini, "xxxx" MMC-nin yükün gətirilməsi ilə bağlı iddiaçı ilə razılaşdığını hesab etdiklərini, "xxxx" MMC ilə təhvil təslimi yükü qəbul etməmişdən 2 gün əvvəl həyata keçirdiklərini, iddiaçı “X11 Ekspedesiyası Kompaniyası” MMC-nin yükü 7 iyul 2023-cü il tarixdə onlara təhvil verdiyini, iddiaçı tərəfindən onlara göndərilmiş elektron qaiməni növbəti sifariş qaiməsi olduğunu düşünərək qəbul etdiklərini bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş yeni sənədlərlə tanış olması və yük daşınmasını sifariş etdikləri X9 şahid qismində dindirilməsinin zəruri olduğunu nəzərə alaraq X9 şahid kimi məhkəmə iclasında gətirmələrinə şərait yaradılması məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixə təxirə salınmış məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “X11 Ekspedesiyası Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2009-cu il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır, qanuni təmsilçisi X6r. İş materiallarından görünür ki, Cavabdeh ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2020-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır, qanuni təmsilçisi X4r. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası Belqorod vilayətinin Alekseyevka şəhərində tərtib edilmiş 000810 nömrəli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) surətindən görünür ki, sifarişçi Cavabdehnə məxsus olan yük daşıyıcı “X11 Ekspedesiyası Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “DAF” markalı, 99XV725/10ZG725 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Rusiya Federasiyası Belqorod vilayətinin Alekseyevka şəhərindən xx.xx.2023-cü il tarixdə yüklənərək Azərbaycan Respublikası Lənkəran şəhərinə daşınmışdır və həmin əmtəənəqliyyat qaiməsi (CMR) Cavabdeh qanuni təmsilçisi X5 tərəfindən “qəbul etdim” qeydi ilə imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EBDM seriyalı 077367 nömrəli elektron qaiməyə əsasən “X11 Ekspedesiyası Kompaniyası” MMC tərəfindən 000810 nömrəli CMR əsasında 99XV725, 10ZG725 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh MMC-nə göstərilən yük daşınma xidmətinin dəyəri 3400 manat təşkil edir. İş materiallarında olan Cavabdeh (Sifarişçi) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Daşıyıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə ilə tərəflər müqaviləyə əlavələrdə nəzərdə tutulan şərtlər əsasında nəqliyyat-ekspeditor xidmətlərinin yerinə yetirilməsində və beynəlxalq yük daşımalarının təşkilində Sifarişçi və Daşıyıcı arasında qaydalar təyin edilir və onların arasında münasibətləri tənzimləyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli müqaviləyə əlavə olaraq Cavabdeh (Sifarişçi) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Daşıyıcı) arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Görülmüş işlərin təhvil-təslim aktı”na əsasən, xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli müqavilə üzrə Belqorod-Lənkəran istiqaməti üzrə 1 yük maşınından ibarət nəqliyyat vasitəsi ilə Daşıyıcı yük daşıma xidməti göstərmiş, Sifarişçi isə göstərilən yük daşıma xidmətlərini qəbul etmişdir. Xidmət haqqı Daşıyıcıya Sifarişçi tərəfindən tam 3060 manat ödənilmişdir və gələcəkdə tərəflərin bir-birlərinə qarşı heç bir iddiası olmayacaqdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Ödəmə qəbzi”nin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 3060 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X2-X15 tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, 000810 nömrəli CMR əsasında 99XV725, 10ZG725 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh MMC tərəfindən idxal olunmuş yük partiyasına xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sertifikatı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, “X11 Ekspedesiyası Kompaniyası” MMC tərəfindən Cavabdeh MMCnə məxsus Rusiya Federasiyası, Belqorod vilayətindən götürülmüş, daşımanı həyata keçirən “DAF” markalı, 99XV725/10ZG725 qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2023-cü il tarixdə Astara Gömrük İdarəsinin “Lənkəran” gömrük postuna çatmış və xx.xx.2023-cü il tarixdə “Lənkəran” gömrük postundan buraxılmışdır. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı “X11 Ekspedesiyası Kompaniyası” MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (yük daşınması müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı üzərinə düşən öhdəliyi icra edərək cavabdehə məxsus yükü təyinat yerinə daşıyaraq cavabdehə təhvil verdiyini, lakin cavabdehin daşımanın dəyərini ödəmədiyini, nəticədə cavabdehin ödənilməmiş 2000 (iki min) ABŞ dolları (3400 manat) məbləğində borcunun qaldığını iddia edir. Cavabdeh sözügedən yükün iddiaçı tərəfindən ona təhvil verildiyini qəbul etsə də, daşımanın dəyərini yük daşınması barədə müqavilə bağladığı digər hüquqi şəxsə ödədiyini əsas tutaraq iddianı qəbu etmir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını ilk növbədə yük daşınması müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46-cı fəslinin 2-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850-ci maddəsində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə ilk növbədə yük daşınması müqaviləsinə dair maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Baxılan işdə yük avtomobil nəqliyyatı vasitəsi ilə daşındığına görə mübahisəyə həmçinin yüklərin avtomobil nəqliyyatı ilə daşınmasına dair münasibətləri tənzimləyən sahəvi normativ aktların tələbləri tətbiq edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, işin hallarına əsasən yük başqa ölkənin ərazisindən Azərbaycan Respublikasının ərazisinə daşındığına görə mübahisə beynəlxalq yük daşınmasından irəli gələn mübahisə hesab edildiyi üçün mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydalar tətbiq edilməlidir. Belə ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.6-cı maddəsində verilən anlayışa əsasən, beynəlxalq daşımalar – avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən sərnişin və ya yük daşımaları hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 40.4-cü bəndinə əsasən, beynəlxalq yük daşınmasından irəli gələn mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyində və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada baxılır. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə məxsus olan yükün Rusiya Federasiyasından Azərbaycan Respublikasının ərazisində nəzərdə tutulmuş təyinat yerinə daşınması, yükün təyinat yerində cavabdehə təhvil verilməsi (əmtəə nəqliyyat qaiməsinə (CMR) və tərəflərin nümayəndələrinin izahatlarına əsasən) və göstərilmiş daşınma xidmətinin dəyərinin 3400 manat məbləğində olması (elektron qaiməyə əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış yükün daşınması xərcinin ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı yükün daşınmasına görə ödənilməmiş 3400 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin yük daşınması xidməti üzrə öhdəliyini icra etməyərək göstərilən xidmətin dəyərini ödəməməsi haqqında tələbininin faktiki əsası kimi yükün Rusiya Federasiyasından Azərbaycan Respublikasının ərazisinə daşınmasını təsdiq edən aidiyyəti dövlət orqanlarının arayışlarına, cavabdehin qanuni təmsilçisi tərəfindən “qəbul etdim” qeydi ilə imzalanmış əmtəə-nəqliyyat qaiməsinə (CMR), daşınma xidmətinin göstərilməsinə dair elektron qaiməyə, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən istifadəsində olan nəqliyyat vasitəsi ilə cavabdehə məxsus yükün Rusiya Federasiyasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə daşınmasının həyata keçirilməsi və həmin yükün cavabdehin qanuni nümayəndəsinə təhvil verilməsi yuxarıdakı abzasda sadalanan sübut vasitələri ilə, həmçinin cavabdehin etirafı ilə tam təsdiqini tapmışdır və iddiaçı bu xüsusatları mötəbər dəlillərlə sübut edə bilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan yük daşınması xidmətinin göstərilməsi ilə əlaqədar yaranmış borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşür. Cavabdeh sözügedən yükün iddiaçı tərəfindən ona təhvil verildiyini etiraf etsə də, iddiaçı ilə aralarında yük daşınması barədə müqavilənin bağlanmadığını, daşımanın dəyərini yük daşınması barədə müqavilə bağladığı digər hüquqi şəxsə ödədiyini, buna görə də iddiaçıya borcunun olmadığını iddia edir. Cavabdeh etirazının faktiki əsası kimi "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə, "xxxx" MMC ilə aralarında tərtib edilmiş “Görülmüş işlərin təhviltəslim aktı”na və yenə "xxxx" MMC-nin bank hesabına pul vəsaitinin köçürülməsinə dair ödəniş qəbzinə istinad edir. Məhkəmə hesab edir ki, cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallar iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Məhkəmə, ilk növbədə cavabdehin iddiaçı ilə aralarında yük daşınmasına dair müqavilə öhdəliyinin yaranmaması ilə bağlı arqumentinə tənqidi yanaşaraq qeyd edir ki, işdə olan əmtəə-nəqliyyat qaiməsi (CMR) tərəflər arasında beynəlxalq yük daşınmasına dair müqavilə münasibətlərinin mövcud olmasına dəlalət edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 854.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.6-cı maddəsinə əsasən, beynəlxalq avtomobil yük daşımaları yerinə yetirilərkən beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi tərtib olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 38.1-ci bəndinə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — CMR) bu Qaydaların 22 nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. “Qaydalar”ın 38.6-cı bəndinə əsasən, daşıma bir neçə daşıyıcı tərəfindən yerinə yetirilərkən, CMR daşıma müqaviləsinin bağlanmasını təsdiq edən, mübahisə edilməyən sübutdur. Beləliklə müəyyən olunur ki, tərəflərin münasibətlərinin hüquqi əsasını şifahi formada bağlanmış yük daşıma müqaviləsi təşkil edir və sözügedən münasibətlərin mövcudluğu əmtəə-nəqliyyat qaiməsi (CMR) ilə tam təsdiq olunur. Buna görə də, iddiaçı ilə müqavilə münasibətlərinin olmaması barədə cavabdehin etirazı əsassızdır. Məhkəmə, cavabdehin etirazının daşımanın dəyərini yük daşınması barədə müqavilə bağladığı digər hüquqi şəxsə ödədiyi və buna görə də iddiaçıya borcunun olmadığı haqqında digər dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, işdə olan sənədlərdən cavabdehlə "xxxx" MMC arasında nəqliyyat-ekspeditor xidmətinin göstərilməsi haqqında müqavilənin bağlandığı, tərəflər arasında təhvil-təslim aktının imzalandığı və cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına 3060 manat məbləğində pul vəsaitinin köçürüldüyü müəyyən olunur. Lakin, qeyd olunan sənədlər və həmin sənədlərə əsasən müəyyən edilən hallar cavabdehi yük daşınması xidmətinin göstərilməsinin müqabilində xidmət haqqının ödənilməsinə dair iddiaçı qarşısında olan öhdəlikdən azad etmir. Belə ki, əvvəla iddiaçı cavabdehə məxsus olan yükün daşınması ilə bağlı "xxxx" MMC ilə aralarında hər hansı bir razılaşmanın olmadığını, tərəflərindən həyata keçirilən daşınmanın dəyərinin ödənişinin "xxxx" MMC-yə edilməsi ilə bağlı razılığının və məlumatının olmadığını bildirir. Cavabdeh isə öz etirazında iddiaçı ilə "xxxx" MMC arasında, sonuncunun ekspeditor xidmətinin göstərilməsi barədə razılaşmalarının olmasını ehtimal etdiyini bildirsə də, bu barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, cavabdehin "xxxx" MMC ilə xidmət müqaviləsi bağladığını və həmin hüquqi şəxsə ödəniş etdiyini nəzərə alaraq, tərəflər arasında yaranmış münasibətlərə aydınlıq gətirilməsi üçün mülki qanunvericiliyin yük daşınması haqqında münasibətləri, xüsusilə yük göndərən, yük alan, daşıyıcı və ekspeditor arasında olan münasibətləri tənzimləyən müddəalarına nəzər yetirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən, yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Həmin Məcəllənin 852.1 və 852.2-ci maddələrinə əsasən, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. Baxılan işin müəyyən edilmiş faktiki hallarını qeyd olunan maddi hüquq normalarına əsasən təhlil edərək məhkəmə müəyyən edir ki, hazırki işdə 000810 nömrəli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) surətindən göründüyü kimi yük göndərən "xxxx" MMC, yük alan Cavabdeh MMC, daşıyıcı isə iddiaçı “X11 Ekspedesiyası Kompaniyası” MMC-dir. Mülki Məcəllənin 850.1-ci maddəsinin tələbinə əsasən, daşıyıcı yükü haqq müqabilində daşımağa dair, yük göndərən, yükü alan və onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyə dair öhdəliklərin daşıyıcılarıdırlar. 000810 nömrəli CMR üzrə yük göndərən qismində "xxxx" MMC, yükü alan qismində isə Cavabdeh MMC qeyd edildiyinə görə, daşımanın dəyərini də ödəmək öhdəliyi onların üzərinə düşür. Göründüyü kimi bu münasibətlərdə "xxxx" MMC yer almır və hər hansı bir hüquq və ya vəzifənin daşıyıcısı deyildir. "xxxx" MMC daşımanı təşkil edən şəxs olaraq ekspeditor xidmətini göstərmişsə də, bu barədə onunla iddiaçı arasında müvafiq razılıq, müqavilə olmalı, həmçinin CMR-də yük göndərən qismində qeyd edilməli idi (MM-nin 852.2-ci maddəsi). Məhkəmə şərh olunanları yekunlaşdıraraq qeyd edir ki, cavabdehlə "xxxx" MMC arasında olan münasibətlərin, iddiaçı ilə cavabdeh arasında mövcud olan mübahisəyə aidiyyəti müəyyən edilmir, cavabdeh bu barədə öz etirazını əsaslandıra bilmir. Buna görə də məhkəmə, daşımanın dəyərini yük daşınması barədə müqavilə bağladığı digər hüquqi şəxsə ödədiyi və buna görə də iddiaçıya borcunun olmadığı haqqında cavabdehin dəlilini əsassız hesab edir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı üzərinə düşən öhdəliyi icra edərək cavabdehə məxsus yükü təyinat yerinə daşıyaraq cavabdehə təhvil vermişdir, lakin cavabdeh daşımanın dəyərini təşkil edən 2000 (iki min) ABŞ dolları (3400 manat) məbləğində daşıma haqqını iddiaçıya ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 850.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Mülki Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 39.1-ci bəndinə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına görə ödənişin məbləği və hesablaşma qaydası sifarişçi və daşıyıcı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Həmin “Qaydalar”ın 39.2-ci bəndinə əsasən, yük daşımalarının yerinə yetirilməsinə görə sifarişçi və daşıyıcı arasında hesablaşmalar müqavilə ilə hesablaşmanın başqa qaydası müəyyən edilmədikdə, yükgöndərən və yükalan tərəfindən müvafiq qeydin edildiyi CMR-in əlavə olunduğu daşıyıcının hesabatı əsasında həyata keçirilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı “X11 Ekspedesiyası Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı yük daşıma xərcinin ödənilməsinə dair tələbi əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdehndən 2000 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) məbləğində pul tutularaq iddiaçı “X11 Ekspedisiyası Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-187/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-187/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver