Məhkəmə qərarları › İş №e-2-2(121)-1881/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1881/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1881/2021 20.12.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1.829,40 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1.859,40 manat pulun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 02.11.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqavilə”sinə əsasən, cavabdeh 4 hektar sahədə şəkər çuğundur əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə 140 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Əgər təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında geri alınacaqdır. Cavabdeh ümumilikdə 1.829,40 manat məbləğində borclanmışdır. Məhsul təhvil tam verilməmiş, nəticədə cavabdehin İddiaçınə 1.829,40 manat məbləğində borcu yaranmışdır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, iddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarında təsdiq edilir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmiş və mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət olunmuşdur. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, onun təmin olunmamasını xahiş etdilər. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh1 (istehsalçı/əkinçi) öz qanuni istifadəsində olan 1,20 ha torpaq sahəsində İddiaçı MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə öz növbəsində Cavabdeh1 təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği Cavabdeh1 bank hesabına köçürməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış 02.11.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış 02.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə Cavabdeh1 İddiaçı MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “İstehsalçı/əkinçi” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin öhdəliyi tamamilə icra etməyi birgə zaminlər (Cavabdeh1 və Cavabdeh2) öhdələrinə götürürlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh1 ünvanlanmış elektron qaimələrdən (cəmi 15 ədəd) görünür ki, görülmüş işlərə görə ümumilikdə 3.497,50 manat pulun ödənilməsi Cavabdeh1 tələb edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 12.03.2019-cu il tarixdə 42 manat, 02.04.2019-cu il tarixdə 366 manat, 24.04.2019-cu il tarixdə 400 manat və 32 manat, 21.05.2019-cu il tarixdə 148 manat, 30.05.2019-cu il tarixdə 68 manat, 05.07.2019-cu il tarixdə 40 manat olmaqla, cəmi 1.096 manat pul ödənilmişdir. İş materiallarında olan 21.05.2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh1 21.05.2021-ci il tarixə İddiaçı MMC-yə borcu 1.829,40 manat təşkil edir. Cavabdeh1 3.497,50 manat məbləğində mal və xidmət satılmış, 1.096 manat avans verilmiş, 2.764,10 manat dəyərində çuğundur təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 31.05.2021-ci il tarixli, REF-209/2021 saylı pretenziya məktubundan görünür ki, cavabdehlərdən çəkilmiş xərc olaraq, 1.829,40 manat pulun 10 gün ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. İş materiallarında olan Cavabdeh1 tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ünvanlanmış 20.12.2021-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, şəkər çuğundurunun kökləri anormal böyümüş, onlar tərəfindən bu barədə zavoda məlumat vermiş, lakin heç bir tədbir görülməmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 02.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, Cavabdeh1 (istehsalçı/əkinçi) öz qanuni istifadəsində olan 1.2 ha torpaq sahəsində İddiaçı MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə öz növbəsində Cavabdeh1 təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği Cavabdeh1 bank hesabına köçürməyi öhdələrinə götürmüşlər. Həmçinin İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 02.11.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanılmış, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış 02.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə Cavabdeh1 İddiaçı MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “İstehsalçı/əkinçi” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin öhdəliyi tamamilə icra etməyi birgə zaminlər (Cavabdeh1 və Cavabdeh2) öhdələrinə götürmüşlər. İddiaçı MMC tərəfindən Cavabdeh1 üçün cəmi 3.497,50 manat dəyərində işlər görülmüş (herbisidin səpilməsi, gübrə, çuğundur yarpağının biçilməsi, ziyanvericilərə qarşı dərmanlama, kultivasiya işləri, toxum və onun səpilməsi və s.), həmçinin ona işlərin görülməsi üçün 1.096 manat avans verilmişdir. Lakin Cavabdeh1 tərəfindən İddiaçı MMCyə 2.764,10 manat məbləğində çuğundur təhvil verilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 pretenziya məktubları göndərilərək 1.829,40 manat pulun 10 gün ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. Pul ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh1 üçün cəmi 3.497,50 manat dəyərində işlər görülmüş, həmçinin ona işlərin görülməsi üçün 1.096 manat avans verilmişdir (cəmi 4.593,50 manat xərc çəkilmişdir). Hazırda iddiaçı 1.829,40 manat pulun cavabdehlərdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə hesab edir ki, iddia ərizəsi 1.829,40 manat ödənilmiş pul vəsaitinin cavabdehlərdən tutulması hissəsində iddia qismən, yəni pul vəsaitinin yalnız Cavabdeh1 tutulması hissəsində təmin edilməli, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanılmış 02.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, Cavabdeh1 tərəfindən çuğundur 2019-cu ilin dekabr ayının sonunadək iddiaçıya təhvil verilməli idi. İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış 02.11.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminliklə təmin edilən öhdəlik İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış 02.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsindən irəli gələn öhdəlikdir. Göründüyü kimi, əsas öhdəliyin icrası vaxtı 31.12.2019-cu il tarixdə başa çatmış, lakin iddiaçı yalnız 20.09.2021-ci il tarixdə icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır. Məhkəmə həmçinin toxumun keyfiyyətsiz olmasına dair cavabdehin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər iş materialları ilə öz təsdiqini tapmadığından, əsassızdır. Toxumun keyfiyyətsiz olması ilə bağlı cavabdehlər tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş fotoşəkillərin hazırki işlə əlaqəsini, cavabdehlərə aidiyyətini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1.829,40 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.859,40 (bir min səkkiz yüz əlli doqquz manat, qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar