Məhkəmə qərarları › İş №e-2-2(121)-1890/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1890/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1890/2022 15.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və qeyrisinin Cavabdeh qarşı – borc tələbi barəsində iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh – 7329 manat borcun, 105 manat mediasiya xərcinin, cəmi 7435 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq faəliyyəti ilə məşğul olurlar. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin icrası ilə bağlı ona ayrıayrı vaxtlarda sahibkarlıq məqsədi ilə satmaq üçün tikinti materialları vermişlər. Həmin tikinti materiallarının dəyərindən 7329 manat ödənilməmiş borc qalmış, borcun ödənilməsi üçün müraciətlər olunmuş, lakin öhdəlik cavabdeh tərəfindən icra olunmamışdır. Nəhayət xx.xx.2021-ci il tarixdə borcun ödənilməsi məqsədi ilə cavabdehə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş və borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Sözügedən xəbərdarlıq cavabdehə müvafiq qaydada təqdim olunmuş, lakin xəbərdarlığa heç bir münasibət bildirilməmiş, həmçinin borcun ödənilməsi təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Eyni zamanda göstərdi ki, xx.xx.2022-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqavilə İddiaçı2 ilə Cavabdeh arasında bağlanmışdır. Digər İddiaçı1 onun həyat yoldaşıdır. Müqavilə İddiaçı2 ilə bağlanmış olsa da, materialların təhvil verilməsini onun adından İddiaçı1 həyata keçirmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi. Bakı İstintaq Təcridxanasında saxlanılan və məhkəmə iclasında iştirakı təmin edilmiş Cavabdeh məhkəmədə iddianı qəbul edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçıların nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqavilədən, ona “Əlavə 1”dən və qaimə kitabçasından görünür ki, “Sifarişçi” “İcraçı”ya bu müqaviləyə əsasən tikinti-təmir materiallarının satışı və çatdırılması xidmətlərinin görülməsini tapşırır və göstərilən xidmətlərin müqabilində “İcraçı”ya bu müqavilədə nəzərdə tutulmuş miqdarda və qaydada muzd ödəyir. Bu müqaviləyə qoşma “Əlavə1”də xidmətlər növü müəyyən edilir. Tərəflər razılaşır ki, bu müqavilə üzrə xidmətlər dedikdə, “İcraçı”nın bu müqaviləyə qoşma “Əlavə 1”də müəyyən edilən xidmətlər başa düşülür. “İcraçı” bu müqavilə ilə görülən xidmətlər xidmətləri üçüncü şəxslərə həvalə edilə bilməz. İşdən görünür ki, iddiaçılar cavabdehə xəbərdarlıq (pretenziya) məktubu göndərmişlər. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, iddiaçılara olan borcunu qəbul etdiyini, borcunu bir il müddətinə hissə-hissə ödəməyə söz verdiyini bildirməklə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, bu barədə ərizə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı2 borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iddianın İddiaçı1 aid hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin İddiaçı1 qarşısında hər hansı bir öhdəliyinin yaranması sübut olunmur. Ona görə ki, cavabdehin İddiaçı1 qarşısında hər hansı bir vəzifələrin daşıyıcısı olmadığından, bununla da, İddiaçı1 münasibətdə cavabdehin vəzifələrini icra etməyərək, öhdəliklərini yerinə yetirməməsi müəyyən edilmədiyindən, mövcud iddia tələbi göstərilən hissədə əsassızdır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddianın 105 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə İddiaçı2 qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, İddiaçı2 məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh alınaraq İddiaçı2 ödənilməli, iddia tələbi İddiaçı1 münasibətdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 7329 manat borc, 105 mediasiya xərci, cəmi 7434 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə, İddiaçı1 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar