Məhkəmə qərarları › İş №e-2-2(121)-1890/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1890/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1890/2023 28.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 311,33 manat əsas borc, 251,44 manat cərimə borcu olmaqla, ümumilikdə 562,77 manat məbləğində borcun və əlavə olaraq ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş 20 manat və dövlət rüsumu olaraq ödənilmiş 10 manat məbləğlərində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli, M2020 0307 saylı alqısatqı müqaviləsinə əsasən İddiaçı MMC (Satıcı) (əvvəlki adı "xxxx" MMC) istehsal etdiyi süd və süd məhsullarını Cavabdeh (Alıcıya) satmağı, Alıcı isə öz növbəsində həmin malları qəbul etməyi və müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan aldığı süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq ödəməmiş və nəticədə 311,33 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.3. bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 30 təqvim günü ərzində həyata keçirilməli idi, lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir və hal-hazırda cavabdehin borc məbləği 311,33 manat təşkil edir. Həmin Müqavilənin 5.2. bəndinə əsasən, alıcı bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. 01 avqust 2023-cü il tarixinə olan cərimənin məbləği 251,44 manat təşkil edir. Beləliklə malların alqı-satqısına görə cavabdehin ümumi borcu 562,77 manat təşkil edir. Bundan əlavə iddiaçı tərəfindən ilkin mesiasiya sessiyasına görə 25 manat və dövlət rüsumu olaraq 5 manat ödəniş edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-1890/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatı mümkün hesab edilmişdir. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2023-cü tarixində Cavabdeh poçt vasitəsi ilə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2006-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır və Cəmiyyətin qanuni təmsilçisi X2r. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, halhazırda Saatlı rayonu, Mircəlalkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2020-ci il tarixli, M2020 0307 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, Satıcı özünün istehsal etdiyi məhsulları (malları) Alıcıya satır, Alıcı isə öz növbəsində həmin malları qəbul edir və dəyərini nəğd və ya müqavilənin ayrılma tərkib hissəsi olan 2 saylı Əlavənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə satılan malların qiyməti, adları, miqdarı, çeşidi, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə (X1) göstərilir; 2.3-cü bəndinə əsasən, sifariş verilən mallar 5 iş günü ərzində Satıcının nəqliyyat vasitələri ilə və öz hesabına Alıcının anbarında təhvil verilir; 2.4-cü bəndinə əsasən, mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını və (və ya) təhvil-təslimi təsdiq edən müvafiq qaiməni imzalayırlar; 2.6-cı və 2.7-ci bəndlərinə əsasən, malların təhvil tarixi Alıcının anbarında malların Alıcıya təqdim edildiyi gün hesab edilir. Satılan mallara dair mülkiyyət hüququ malların Alıcıya təhvil verildiyi andan Alıcıya keçir; 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, hazırki müqavilənin ümumi dəyərini elektron qaimələrin cəmi təşkil edir. Mallar sifariş olunduqdan sonra Satıcı Alıcıya elektron qaimə təqdim edir; 3.3-cü və 4.2.1-ci bəndlərinə əsasən, malların ödənişi Alıcı tərəfindən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavənin şərtlərinə əsasən həyata keçirilir. Alıcı qəbul etdiyi malların dəyərini bu müqavilənin ayrılmaz tərkib hisəsi olan 2 saylı Əlavədə müəyyən edilmiş müddətdə Satıcıya ödənilməsini öz öhdəsinə götürür; 5.1-ci bəndinə əsasən, Alıcı bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Malların təhvil-qəbul aktı”na əsasən ƏDV daxil olmaqla ümumi dəyəri 216,88 manat olan və xx.xx.2021-ci il tarixli “Malların təhvil-qəbul aktı”na əsasən ƏDV daxil olmaqla ümumi dəyəri 101,48 manat olan mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 361646 nömrəli elektron qaiməyə əsasən ƏDV daxil yekun dəyəri 216,88 manat olan və xx.xx.2021-ci il tarixli 671786 nömrəli elektron qaiməyə əsasən ƏDV daxil yekun dəyəri 101,48 manat olan mal İddiaçı tərəfindən Cavabdeh göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Maliyyə arayışı”nda qeyd olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixindən alqı-satqı müqaviləsi əsasında fiziki şəxs Cavabdeh süd məhsulları ilə təchiz etmişdir. xx.xx.2019-cu il tarixdən müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh elektron-qaimə fakturalar əsasında 380,37 manat dəyərində süd məhsulları verilmişdir. Həmin dövr ərzində Cavabdeh İddiaçı MMC-nin hesabına ƏDV daxil 69,03 manat ödəniş etmişdir. Nəticədə xx.xx.2023-cü il tarixinə Cavabdeh İddiaçınə qaimə-fakturalar üzrə 311,34 manat (EBBC 361646 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə ödənilməyən 209,86 manat, EBBC 671786 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 101,48 manat) debitor borcu yaranmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsasən yaranmış 311,34 manat məbləğində borcun pretenziyanın alındığı tarixdən 5 iş günü ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “Ödəniş qəbzi”nin surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 20 manat vəsait ödəmişdir. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən aparılan araşdırma nəticəsində məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçı alqı-satqının obyekti olan malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə aldığı malların qiymətini təşkil edən pul məbləğini malı aldıqdan sonra müqavilədə nəzərdə tutulan müddətdə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra edərək sifariş olunan malı cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini tam yerinə yetirmədiyini bildirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını alqı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-ci paraqrafında yer alan normalar təşkil edir. Belə ki, tərəflər arasında yaranmış münasibətin xarakterini müəyyən edən işin faktiki hallarına Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış alqı-satqı müqaviləsindən (əşyaların nisyə satışından) irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alqısatqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı və iddiaçının müqavilənin obyekti olan malları cavabdehə təhvil verməsi iş materialları ilə təsdiq olunur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etsə də, cavabdehin təhvil aldığı malların dəyərini tam ödəmədiyini, nəticədə cavabdehin 311,33 manat borcunun yarandığını iddia edir. İddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, malların təhvil-təslim aktına, elektron qaimələrə və işin digər hallarına istinad edir. Məhkəmə qeyd edir ki, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçının qeyd olunan tələbinə etiraz, tələbin tam və ya qismən əsassızlığına dair sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, təhvil-təslim aktlarını, elektron-qaimələri və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların dəyərini təşkil edən 311,33 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə iddiaçıya ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc kimi tələb olunan 311,33 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. İddiaçının həmin tələblə çıxış etməsinə əsas verən subyektiv hüququ aşağıda sadalanan maddi hüquq normalarının tələblərindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə ödəmək öhdəliyini Cavabdeh öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən təhvil aldığı mallara görə ödənişi gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Məhkəmə qeyd edir ki, hazırki işdə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 251,44 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 25 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin iddianın 20 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin iddia tələbi qismən təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməli, dövlət rüsumunun qalıq hissəsi isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddiaçı ödədiyi 10 manat dövlət rüsumundan əlavə 20 manat (cəmi 30 manat) rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 311,33 manat borc məbləği, 25 manat cərimə məbləği və 20 manat ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş rüsum olmaqla, cəmi 356,33 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin, dövlət rüsumunun 20 manat məbləğində qalıq hissəsi cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar