Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1897/2025 04.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalar əsasında yaranmış 7040,28 manat borcun və 90,40 manat ödənilən dövlət rüsumunun, cəmi 7130,68 manat pulun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə şifahi razılaşma əsasında İddiaçı MMC tərəfindən cavabdehə spirtli içkilərin satışı həyata keçirilmiş, cavabdeh həmin malları qəbul edərək dəyərini şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən 7040,28 manat (ƏDV daxil olmaqla) malın dəyərini, tərəflərin razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlıalıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq məhkəmənin suallarına cavab olaraq bildirdi ki, cavabdeh ilə iddiaçı arasında yazılı müqavilə bağlanmamışdır. İş materiallarında olan qaiməfakturalarda və kassa mədaxil orderlərində olan imzalar cavabdehə məxsus deyildir. Lakin malların təhvil verildiyi obyekti işlədən şəxs cavabdehə məxsus “VÖEN” ilə fəaliyyət göstərdiyi üçün elektron qaimələr üzrə mallar həmin “VÖEN” üzrə təqdim edilmişdir. Çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Hesab edir ki, iddia tələbi əsaslıdır və qeyd etdiklərinə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı əsassız hesab edərək, bildirdi ki, o, iddia tələbi üzrə borcu qəbul etmir. İddia ərizəsində qeyd edilən borc onun borcu deyil. Belə ki, o özü aptek işlədirmiş. Aptekdə işləyən zaman onun Rahib adında işçisi olmuşdur. O, da aralarında olan işçi müdür münasibətinə görə VÖEN-ni Rahibə vermişdir. İddiaçının Rahibə verdiyini iddia etdiyi malların ona aidiyyatı yoxdur. Onunla iddiaçı arasında hər hansı bir formada bağlanmış müqavilə yoxdur. İddiaçı tərəfindən ona hər hansı məbləğdə mal verilməmişdir. İddia ərizəsinə əlavə edilmiş qaimə-faktura və sifariş qəbzlərində olan imzalar ona məxsus deyil. Onun tərəfindən mal almasına dair iddiaçıya ünvanlanmış sifariş belə olmamışdır. Rahibin iddiaçıya verdiyi VÖEN onun adına olub deyə, ona 7040,28 manat məbləğində borc yazıblar. İddiaçı əsassız olaraq hesab edir ki müqaviləni onunla bağlamışdır. Halbuki iddiaçının hər hansı əməkdaşı onunla mal alqı-satqısına dair ünsiyyətdə olmamışdır. Alınan satılan mallardan xəbərsizdir. Onunla iddiaçı arasında alqısatqı münasibətləri mövcud deyil. Rahib adlı şəxs özü üçün fəaliyyət göstərir. O, ümumiyyətlə iddiaçı tərəfi tanımır və heç bir münasibəti olmayıb. O, həmçinin Qaiməfakturada adı qeyd edilən Adil Həsənov adlı şəxsi də tanımır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
İddia ərizəsinə etiraz:
5. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı yazılı qaydada etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
6. Elektron Məhkəmə İnformasiya sistemində vergi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdə süd məhsullarının pərakəndə satışı üzrə vergi ödəyicisi kimi qeydiyyata alınaraq, ona VÖEN: ********** verilmişdir.
7. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qaimə-fakturadan 59,04 manat, Müştəri qrafasında “Rahib” adlı şəxs qeyd olunan, xx.xx.2023-cü il tarixli qaimə-fakturadan 480 manat, “Həsənov Adil” adlı şəxs tərəfindən imzalanmış, xx.xx.2023-cü il tarixli qaiməfakturadan 4975,20 manat manat olmaqla, ümumilikdə 5514,24 manat dəyərində spirtli içkilərin satışı həyata keçirilmişdir.
8. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sifariş qəbzindən 466,80 manat, xx.xx.2023-cü il tarixli sifariş qəbzindən 108,20 manat, xx.xx.2023-cü il tarixli sifariş qəbzindən 1111,04 manat olmaqla, cəmi 2686,04 manat məbləğində spirtli içkilər sifariş edilmişdir.
9. İş materiallarında olan “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” EBCN 992700 nömrəli, xx.xx.2023-cü il tarixli Elektron qaimə-fakturadan (1111,02 manat), EBCO 144164 nömrəli, xx.xx.2023-cü il tarixli Elektron qaimə-fakturadan (108,20 manat), EBDA 381518 nömrəli, xx.xx.2023-cü il tarixli Elektron qaimə-fakturadan (466,80 manat), EBDH 502428 nömrəli, xx.xx.2023-cü il tarixli Elektron qaimə-fakturadan (480 manat), EBDH 646118 nömrəli, xx.xx.2023-cü il tarixli Elektron qaimə-fakturadan (59,04 manat) və EBDN 077663 nömrəli, xx.xx.2023-cü il tarixli Elektron qaimə-fakturadan (4975,20 manat) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 7200,26 manat məbləğində mal verimişdir.
10. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında yaranmış 7040,28 manat borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.
11. **********55 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət etmək üçün 90,40 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər məhsulların alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər məhsulların alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərarı:
Plenumun nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
17. Məhkəmə iddianın faktiki hüquqi əsasını nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə mülki qanunvericiliyin alqı-satqı müqaviləsini tənzimləyən müddəalarının tələbləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Ona görə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə şifahi razılaşma əsasında cavabdehə spirtli içkilərin satışı həyata keçirilmiş, cavabdeh həmin malları qəbul edərək dəyərini şirkətə ödəməyi öhdəsinə götürmüşdür.
18. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürdüyündən, AR MPM_nin 77.1-ci maddəsinin tələbinə əsasən, ilk növbədə iddiaçı tərəf olaraq İddiaçı MMC öz tələbinin əsasını, yəni cavabdeh ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmasını, cavabdehə alqı-satqı müqaviləsi üzrə mal (mallar) verilməsini, cavabdehin alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsini mötəbər dəlillərlə sübut etməlidir.
19. Məhkəmə araşdırması zamanı İddiaçı MMC ilə Cavabdeh arasında hər hansı bir formada bağlanmış alqı-satqı müqaviləsinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında onunla iddiaçı arasında hər hansı bir formada bağlanmış müqavilənin olmadığını, iddiaçının ona hər məbləğdə mal vermədiyini, ümumiyyətlə iddiaçı tərəfi tanımadığını və heç bir münasibətlərinin olmadığını, iddia ərizəsinə əlavə edilmiş qaimə-faktura və sifariş qəbzlərində olan imzaların ona məxsus olmadığını, iddiaçının Rahibə verdiyini iddia etdiyi malların ona aidiyyatının olmadığını, özünün əvvəllər aptek işlətdiyini və Rahib adlı şəxsin də əvvəllər onun yanında işlədiyini, daha sonra Rahibin ona məxsus VÖEN-i istədiyini və Rahibin əvvəllər onun yanında işləməsini nəzərə alaraq, VÖEN-i ona verdiyini, Rahibin iddiaçıya verdiyi VÖEN onun adına olub deyə, ona əsassız olaraq 7040,28 manat məbləğində borc yazıldığını bildirmiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddiaçının nümayəndəsi isə, adıçəkilən sənədlərdəki imzaların cavabdehə məxsus olmadığını təsdiq etmiş, lakin elektron qaimə göndərilən VÖEN cavabdehə məxsus olduğuna görə hazırki iddianı cavabdeh qismində Cavabdeh qarşı qaldırdıqlarını bildirmiş və iddianı əsaslı hesab edərək mövcud dəlillər əsasında iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
20. Məhkəmə iş materiallarında olan qaimə-faktura və sifariş qəbzlərində olan imzaların Cavabdeh aid olmadığını iddiaçı tərəf də təsdiq etdiyinə görə, həmin imzaların cavabdeh tərəfindən icra edilib-edilməməsini müəyyən etmək məqsədi ilə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsinə prosessual qənaət prinsipi baxımından lüzum görmür.
21. Məhkəmə, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron-qaimə fakturalara münasibətdə isə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən çıxış edərək qeyd edir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Lakin, işdə olan digər sübutlar da iddiaçının cavabdehə 7040,28 manat məbləğində mal verdiyini sübut etmir. Bu halda, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı münasibətlərinin mövcudluğu, həmçinin iddiaçının cavabdehə 7040,28 manat məbləğində mal verməsi mötəbər dəlillərlə sübut edilmədiyinə görə iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir.
Məhkəmə xərcləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 90,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş 90,40 (doxsan manat, qırx qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev