Məhkəmə qərarları › İş №e-2-2(121)-191/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-191/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-191/2022 10.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı – 06.04.2017-ci il tarixli, 293-L/17 nömrəli müqavilə üzrə 20421 manat gecikdirilmiş borc, 4467,67 manat cərimə borcu, 18.10.2017-ci il tarixli, 1494-L/17 nömrəli müqavilə üzrə 4638 manat gecikdirilmiş borc, hesablanmış 2263,90 manat cərimə borcu, 350 manat hüquqi yardımla bağlı ödənilmiş xərc, 200 manat mediasiyaya dair xərc, cəmi 32160,57 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 06.04.2017-ci il tarixli 293-L/17 nömrəli və 18.10.2017-ci il tarixli 1494-L/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nətcədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi 10.09.2021-ci il tarixə 06.04.2017-ci il tarixli 293-L/197 nömrəli müqavilə üzrə 20241 manat gecikdirilmiş borcu və hesablanmış 4467,67 manat cərimə borcu, eləcə də 18.10.2017-ci il tarixli 1494- L/17 nömrəli müqavilə üzrə 4638 manat gecikdirilmiş borcu və hesablanmış 2263,90 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş, xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursavə ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilmiş ilkin mediasiya sessiyasında tərəflərdən yalnız Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iştirak etmiş, iş üzrə Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 07716 nömrəli, 06.12.2021-ci il tarixli arayış tərtib edilmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci də Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilib. (07716 nömrəli 06.12.2021-ci il tarixli arayış ərizəyə əlavə edilir). Hesab edirlər ki, bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda bildirirlər ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardımagörə haqqın məbləği 350 (üç yüz əlli) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbini dəqiqləşdirərək, 06.04.2017-ci il tarixli 293-L/17 nömrəli müqavilə üzrə (293-L/17 nömrəli, 06.04.2017-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə D-293-L/17 saylı 14.04.2017-ci il tarixli razılaşma nəzərə alınmaqla) 20421 manat gecikdirilmiş borcun və 4467,67 manat cərimə borcunun, 18.10.2017-ci il tarixli 1494-L/17 nömrəli müqavilə üzrə 4638 manat gecikdirilmiş borcun və 2263,90 manat cərimə borcunun, 350 manat hüquqi yardımla bağlı çəkilmiş xərcin, 200 manat mediasiyaya dair xərcin, cəmi 32160,57 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dəqiqləşdirilmiş tələb onunla əsaslandırılmışdır ki, texniki səhv olaraq iddia ərizəsində 293-L/17 nömrəli, 06.04.2017-ci il tarixli nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə D-293-L/17 nömrəli, 14.04.2017-ci il tarixli razılaşmanın mövcudluğu göstərilməmişdir. Texniki səhv olaraq iddia ərizəsində sözügedən dəyişikliyə istinad edilməsə də, müqavilənin tərkib hissəsi olduğundan razılaşma daha öncədən iş materiallarına əlavə edilmişdir. Sözügedən müqaviləyə dair tərtib edilmiş maliyyə arayışı məhz 06.04.2017-ci il tarixli 293-L/17 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə D- 293-L/17 nömrəli, 14.04.2017-ci il tarixli razılaşma (razılaşmanın əlavəsi olan ödəniş qrafiki) nəzərə alınmaqla tərtib edilmişdir. Qeyd edilmiş səbəblərdən iddiaya dəqiqləşmə verilməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o(onlar), məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh(lər)in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 293-L/17 saylı 06.04.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının (Kultıvator (Pambıq üçün)-4 cərgəli ACM5) qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 293-L/17 saylı 06.04.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə dəyişiklik edilməsi barədə D-293-L/17 nömrəli, 14.04.2017-ci il tarixli razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının (traktor pambıqçılıq üçün Belarus-80x, Çiyidsəpən (Pnevmatikdiskli-4 cərgəli)-dərmanlayan-Can-T.S.P.D-4P.Ü.L, Çiyidsəpən (Pnevmatik-diskli-4 cərgəli)dərmanlayan-Can-T.S.P.D-4P.Ü.L) qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 1494-L/17 saylı 18.10.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının (Taxılsəpən gübrəsəpənlə AGHBM-N24) qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İşə əlavə olan 06.04.2017-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, kənd təsərrüfatı texnikası (Pnevmatik-4 cərgəli çiyid səpən dərman səpən) Cavabdeh təhvil verilmişdir. İşə əlavə olan 06.04.2017-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, kənd təsərrüfatı texnikası (2 ədəd Pnevmatik-4 cərgəli çiyid səpən dərman səpən) Cavabdeh təhvil verilmişdir. İşə əlavə olan 19.10.2017-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, kənd təsərrüfatı texnikası (2 ədəd taxılsəpən gübrəsəpən) Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə bağlanmış 06.04.2017-ci il tarixli, 293-L/17 nömrəli müqavilə üzrə 20421 manat gecikdirilmiş borc, hesablanmış 4467,67 manat cərimə borcu, 18.10.2017-ci il tarixli, 1494-L/17 nömrəli müqavilə üzrə 4638 manat gecikdirilmiş borc və hesablanmış 2263,90 manat cərimə borcu yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan Sabirabad Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(056)-993/2019 saylı məhkəmə əmri ilə 14.04.2017-ci il tarixli, D-293-L/17 nömrəli və 18.10.2017-ci il tarixli, 1494-L/17 nömrəli lizinq müqavilələri üzrə yaranmış 18287 manat əsas, 2211,95 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, ümumilikdə 20518,95 manat pul vəsaiti xx.xx.1968-ci il təvəllüdlü Sabirabad rayonu, Çöl-Dəllək kəndində yaşayan Cavabdeh tutulub "xxxx" ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. İşdə olan 10.09.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC arasında bağlanmış 14.04.2017-ci il tarixli, D-293-L/17 müqavilə üzrə (Sabirabad Rayon Məhkəməsinin 23.05.2019-cu il tarixli, 2(056)-993/2019 saylı əmri üzrə ödənilməmiş 12382 manat gecikdirilmiş borc daxil olmamaqla, həmçinin ödənilmiş 2863 manat daxil olmaqla) 20421 manat gecikdirilmiş gecikdirilmiş borc və hesablanmış 4467,67 manat cərimə borcu vardır. İşdə olan 10.09.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC arasında bağlanmış 18.10.2017-ci il tarixli, 1494-L/17 müqavilə üzrə (Sabirabad Rayon Məhkəməsinin 23.05.2019-cu il tarixli, 2(056)-993/2019 saylı əmri üzrə ödənilməmiş 2905 manat gecikdirilmiş borc daxil olmamaqla, həmçinin ödənilmiş 137 manat daxil olmamaqla) 4638 manat gecikdirilmiş gecikdirilmiş borc və hesablanmış 2263,90 manat cərimə borcu vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq məbləğ(lər)ini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17.08.2020-ci il tarixli, 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqavilə(lər)si əsasında lizinq obyekt(lər)ini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğ(lər)ini, o cümlədən cərimə(lər)ni ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğ(lər)inin və cərimə(lər)nin ödənilməsi tələb etməkdə haqlıdır. Lakin, iş üzrə tələb olunan cərimə(lər) borcu tənasübsüz surətdə yüksək olduğundan, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğ(lər)dir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimə(lər)nin həmin məbləğ(lər)də deyil, 293-L/17 saylı (D293-L/17 saylı) müqavilə üzrə 400 manat, 1494-L/17 saylı müqavilə üzrə 200 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 350 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia isə qismən təmin edilməli olduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 200 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh(lər)dən mediasiya xərcinin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddia tələbi qismən təmin edilməli olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehdən 150 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 293-L/17 nömrəli 06.04.2017-ci il tarixli müqavilə (həmin müqaviləyə dəyişiklik edilməsi barədə D-293-L/17 nömrəli 14.04.2017-ci il tarixli razılaşma nəzərə alınmaqla) üzrə 20421 manat gecikdirilmiş borc və 400 manat cərimə, 1494-L/17 nömrəli 18.10.2017ci il tarixli müqavilə üzrə 4638 manat gecikdirilmiş borc və 200 manat cərimə borcu, 200 manat hüquqi yardımla bağlı xərc, 150 manat mediasiyaya dair xərci, cəmi 26009 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar