Məhkəmə qərarları › İş №e-2-2(121)-192/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-192/2020

05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-192/2020 05.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh MMC-yə qarşı elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1.491 manat əsas borcun, 260 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 1.781 manat pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə veilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2503- GL/15 nömrəli lizinq müqaviləsinə əsasən ümumi dəyəri 9.700 manat olan kənd təsərrüfatı texnikası üçün ödəniş qrafiki tərtib olunmuşdur. Borclu üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, ödəniş qrafikinə əsasən 1.400 manat ödəniş olunmuş, müqavilə üzrə 1.491 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 260 manat borcu qalmışdır. Cavabdeh öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbardarlıqlara baxmayaraq borc ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh MMC-yə bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmə hüququ izah olunmuş, həmçinin Yardımlı rayon İcra Hakimiyyəti başçısının Honuba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məktub ünvanlanaraq Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən tərtib olunmuş məktubun Cavabdeh MMC-yə təqdim edilməsi qeyd olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəmənin bildirişinə münasibət bildirilməmiş və məhkəməyə heç bir etiraz təqdim edilməmişdir. Ona görə də işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 2503-GL/15 nömrəli lizinq müqaviləsindən görünür ki, İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh MMC (lizinq alan) arasında lizinq müqaviləsi bağlanmış, tərəflər dəyəri 9.700 manat olan spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra “lizinq alanın mülkiyyətinə verilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 2503-GL/15 nömrəli müqaviləyə əsasən lizinqə götürdüyü dəyəri 9.700 manat olan kənd təsərrüfatı texnikası üçün bu məbləğə ödəniş qrafiki tərtib olunmuşdur. Bu ödəniş qrafiki üzrə xx.xx.2018-ci il tarixədək 2.891 manat ödəməli olduğu halda 1.400 manat ödəniş etmişdir. Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixə borcu 1.491 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 283 manat təşkil edir. İş materiallarına əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cərimənin hesablanması qrafikindən görünür ki, Cavabdeh MMC-nə xx xxxxxx 2015-ci il tarixli, 2503- GL/15 saylı lizinq müqaviləsi üzrə 283,32 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh MMC-nin ödəniş qrafiki üzrə xx.xx.2018-ci tarixədək 1.491 manat borc yaranmışdır. Bağlanmış müqavilələrin 4.2ci maddəsinə görə ödəniş qrafiki üzrə bir dəfədən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-yə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkmə baxışı keçirilmədən və tərəflərin izahtları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, Cavabdeh MMC xx xxxxxx 2015-ci il tarixli, 2503-GL/15 nömrəli müqaviləyə əsasən lizinqə götürdüyü güzəşt dəyəri 9.700 manat olan kənd təsərrüfatı texnikası üçün ödəniş qrafiki üzrə 1.400 manat ödəniş etmiş, müqavilə üzrə 1.491 manat və ona lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən qrafik üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 283,32 manat cərimə hesablanmışdır. Hazırda iddiaçı cavabdehdən əsas borcu və 260 manat cərimə borcunu tələb edir. Cavabdehə borc məbləğinin ödənilməsi barədə xx.xx.2019-cu il tarixli, ASC/2-4770 nömrəli xəbərdarlıq göndərilsə də, sonuncu lizinq müqaviləsi üzrə yaranmış borcunu ödəməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 1.491 manat əsas borc hissəsində təmin edilməlidir. İddiaçı əsas borc məbləği ilə yanaşı həmin borca görə hesablanmış 260 manat cərimə pulunun tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş vaxt ərzində ödənişin həyata keçirilməməsinə görə cərimənin ödənilməsi müəyyən edildiyindən, iddiaçı cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, tələbin cavabdehdən 260 manat cərimə məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2503-GL/15 nömrəli müqavilə üzrə yaranmış 1.491 manat əsas borc, 260 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1.781 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 233, 284.6 və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1.491 (bir min dörd yüz doxsan bir) manat əsas borc, 260 (iki yüz altmış) manat cərimə borcu (dəbbə pulu) və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1.781 (bir min yeddi yüz səksən bir) manat pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar