Məhkəmə qərarları › İş №e-2-2(121)-1951/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1951/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1951/2021 02.12.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12,224,80 manat borcun, 331 manat faizin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (iddia tələbi həcminin azaldılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10.360 manat borcun, 331 manat faizin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 14 yanvar 2021-ci il tarixli ECO/FBS/14/01/21 saylı müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə tərəflər arasında imzalanmış razılaşma protokollarına uyğun olaraq, müqavilədə göstərilən mallar satılmış və həmin mallar cavabdeh tərəfindən qəbul edilmişdir. Müqavilə üzrə mallar qarşı tərəfə təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bugünədək həmin mallar üzrə hər hansı ödəniş həyata keçirilməmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, 74.000 ədəd maska məhsulları iddiaçı tərəfindən cavabdehə təqdim təqdim edilmişdir. Bugünədək cavabdehin təqdim edilən mala görə iddiaçıya borcu qalmaqdadır. Lakin borclu Cavabdeh MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina edir. Beləliklə də, Cavabdeh MMC müqavilənin şərtlərini pozaraq borcun qaytarılmasına dair öhdəliyini vaxtında və lazımi qaydada icra etmir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, həmin pretenziya məktubu qəbul edilsə də, pretenziya qaydasında həll olunma heç bir fayda verməmişdir. Həmçinin İddiaçı MMCnin nümayəndəsi mediasiya prosesində iştirak etsə də, qarşı tərəf mediasiya prosesində iştirak etməmiş, bu səbəbdən də mediasiya baş tutmamışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələri iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 14.01.2021-ci il tarixli, ECO/FBS/14/01/21 saylı alqı-satqı müqaviləsindən görünür ki, alıcının tələbi ilə qiymət razılaşmasında və/və ya müvafiq sifariş formasında tam göstərilən şəkildə satıcı malları təchiz etməyi və alıcıya satmağı öhdəsində götürür. Müqavilənin 4.4-cü bəndinə əsasən, qiymətə bütün vergilər (ƏDV daxil olmaqla), tutmalar, bütün xərclər, məsrəflər və müqavilə üzrə ödənilməli olan istənilən növ digər haqlar daxildir. İş materiallarında olan 14.01.2021-ci il və 18.01.2021-ci il tarixli, 01, 02 və 03 saylı təhvil-təslim aktlarından görünür ki, 14.01.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən, İddiaçı MMC tərəfindən bir ədədinin dəyəri 0,14 manat olmaqla, cəmi 74.000 ədəd (24.000 + 10.000 + 40.000) maska Cavabdeh MMC-yə təhvil verilmişdir. Təhvil-təslim aktları tərəflərin nümayəndələri tərəfindən imzalanmış və möhürlənmişdir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə elektron qaimələr göndərilərək, təqdim olunmuş mallara görə borcun ödənilməsi tələb edilmşdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış 14.01.2019-cu il tarixli, ECO/FBS/14/01/21 saylı alqı-satqı müaviləsinə əsasən, 12.224,80 manat borcun 20.05.2021-ci il tarixə kimi İddiaçı MMC-nin hesabına ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh MMC məlumatlandırılmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 30.08.2021-ci il tarixli, PM-A/34/2021 saylı arayışdan görünür ki, İddiaçı MMC-nin rəhbəri X1 ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh MMC-nin nümayəndəsi həmin sessiyada iştirak etməmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 14.01.2019-cu il tarixli, ECO/FBS/14/01/21 saylı alqı-satqı müaviləsi bağlanılmış, müqaviləyə əsasən, alıcının tələbi ilə qiymət razılaşmasında və / və ya müvafiq sifariş formasında tam göstərilən şəkildə satıcı malları təchiz etməyi və alıcıya satmağı, alıcı öz növbəsində müqavilə ilə nəzərdə tutulan şərtlərdə malları təhvil almağı öhdəsinə götürmüşlər. Həmin alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə bir ədədinin dəyəri 0,14 manat olmaqla, 74.000 ədəd maska təhvil verilmş, lakin cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu göndərilərək həmin borcun 20.05.2021-ci il tarixə kimi İddiaçı MMCnin hesabına ödənilməsi tələb edilmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri 14.01.2019-cu il tarixli, ECO/FBS/14/01/21 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdeh MMC-nin 14.01.2019-cu il tarixli, ECO/FBS/14/01/21 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 10.360 manat (74.000 X 0,14) borcunun mövcud olduğu iş materialları ilə tam təsdiq olunduğundan və borcun ödənilməsi ilə bağlı məhkəməyə hərhansı sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə İddiaçı MMC-nin ödənişin gecikdirilməsinə görə Mərkəzi Bankının müəyyən etdiyi 15% bank uçot dərəcəsi ilə 331 manat pulun tutulmasına münasibətdə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. İddiaçı qeyd olunan tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun 09 iyul 2009-cu il tarixli qərarınnda göstərilmişdir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MMnin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı ona məxsus pul vəsaitinin cavabdehdə qanunsuz saxlanılması nəticəsində ondan faydalanmasını (gəlir, artım, bəhər əldə etdiyini) məhkəmə araşdırması zamanı sübuta yetirə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 1 manatı iddiaçıya aid edilməli, 29 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 10.360 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 29 manat olmaqla, cəmi 10.389 (on min üç yüz səksən doqquz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən oğlundan 10.360 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29 manat olmaqla, cəmi 10.389 (on min üç yüz səksən doqquz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar