Məhkəmə qərarları › İş №e-2-2(121)-196/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-196/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-196/2025 13.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat əsas borcun, 8000 manat təzminat pulunun, 5840 manat dəbbə pulunun və 156 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Məhsulların güzəştli alğı-satqı” müqaviləsinin 1 saylı Əlavəsinə uyğun olaraq Satıcı ("xxxx" MMC) istehsal etdiyi 6000 kasset müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Alıcıya (Cavabdeh) onun mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1 saylı Əlavəsinin 8.2.1-ci bəndinə əsasən Satışı ilk öncədən Alıcıya 8000 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.13cü bəndinə əsasən Alıcı bu müqaviləni predmeti ilə müəyyən olunmuş öhdəliklərini pozarsa Satıcıya 8000 manat (ƏDV xaric) təzminat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC tərəfindən fiziki şəxs Cavabdeh xx.xx.2022-ci il tarixli Hesab-faktura və Ödəmə qəbzi əsasında ƏDV xaric ümumilikdə 8000 manat məbləğində pul verilmişdir. Cavabdeh öhdəliyini icra etməmiş və aldığı borc məbləğini də geri ödəməmişdir. “Məhsulların güzəştli alğı-satqı” Müqaviləsinin 6.13-cü bəndinə əsasən Alıcı bu müqaviləni predmeti ilə müəyyən olunmuş öhdəliklərini pozarsa Satıcıya 8000 manat (ƏDV xaric) təzminat ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 6.3-ci bəndinə görə X1 faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1 (sıfır tam,onda bir) % miqdarında, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2 (sıfır tam,onda iki) % miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh rəsmi pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuşdur. Əksi təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul olunsa da, bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır. Buna görə iddiaçı "xxxx" MMC olaraq pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların işitrakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan onun məhsullarının satılması üçün əvvəlcədən 8000 manat məbləğində pul vəsaitini aldığını, sonradan səhhətində yaranmış problemlərlə əlaqədar fəaliyyət göstərə bilmədiyini, iddia tələbini əsas borca münasibətdə qəbul etdiyini bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli məhsulların güzəştli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə Satıcı özünün istehsal və satışını təşkil etdiyi müxtəlif çeşidli spirtsiz içkiləri və çayları (bundan sonra "Məhsul") Alıcıya satmağı, Alıcı isə öz növbəsində həmin məhsulları qəbul etməyi, öz mağazasında (satış nöqtəsi, restoran, otel, yemək xidməti sahəsi və s.) Satıcının təklif etdiyi yerdə yerləşdirməyi və əvəzində faktura (elektron qaimə və ya mailarm təhvil- qəbul aktı və s.) və ya mədaxil qəbzi (və ya digər sənədlər) ilə müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürür (tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin 8-ci bəndində əlavə şərtlər də nəzərdə tutula bilər). İş materiallarında olan xx.xx.2022-ci il tarixli məhsulların güzəştli alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavənin: 8.1.1-ci bəndinə əsasən, Alıcı satışını təşkil etdiyi qazlı içkilər, soyuq çay, meyvə şirəsi və plastik qablaşdırılmış su çeşidlərini "xxxx" MMC-dən (Coca-cola, Coca-Cola Şəkərsiz, Fanta və Fanta çeşidləri, Sprite, Bonaqua, Damla, Schweppes, Сарру meyvə şirəsinin çeşidlərini, Fuse tea soyuq çay çeşidlərini) alacağını SATİCİ-nm ona istifadə üçün verdiyi soyuducuları təmiz və səliqəli saxlayacağını, Satıcıya aid olan soyuducularda yad məhsullar saxlamayacağmı, soyuducuları mümkün qədər dolu saxlayacağını və müddəti ərzində soyuducuları hər zaman bu Müqavilə üzrə razılaşdırılmış obyektlərdə saxlayacağını; 8.1.2-ci bəndinə əsasən, bu Müqavilədə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş bütün öhdəliklər qarşılığında müqavilə müddəti arzində Satıcıdan satın aldığı 6000 kaset məhsulu satacağını; 8.1.2-ci bəndinə əsasən, satıcı alıcıya müqavilə müddəti ərzində, satıcının istehsal və satışını təşkil etdiyi məhsullardan satacağına görə, ilk öncədən 8000 AZN (Ədv xaric) ödəniş etməyi öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci tarixli “Ödəmə qəbzi”nin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 8000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları belədir ki, iddiaçı istehsal etdiyi malları cavabdehin mülkiyyətinə vermək, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul məbləğini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. Tərəflər arasında əlavə olaraq razılaşdırılmışdır ki, alqı-satqı müqaviləsinin qüvvədə olduğu müddətdə cavabdeh iddiaçının istehsal və satışını təşkil etdiyi məhsullardan satacağına görə, iddiaçı əvvəlcədən 8000 manat məbləğində pul vəsaitini cavabdehə verəcəkdir. Bu razılaşmanı tərəflər öz aralarında Əlavə saziş imzalamaqla rəsmiləşdirmişlər və iddiaçı yuxarıda göstərilən məqsədlə cavabdehin bank hesabına 8000 manat məbləğində pul vəsaiti köçürmüşdür. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış malların güzəştli alqısatqısına dair müqaviləyə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulan alqı-satqı müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə, tərəflər arasında imzalanmış əlavə sazişə hüquqi qiymət verərək hesab edir ki, həmin saziş qüvvədə olan qanunvericilik normalarının tələbləri pozulmaqla bağlandığına görə əhəmiyyətsiz əqd hesab edilməli və əlavə saziş üzrə mübahisə əhəmiyyətsiz əqdlərə dair müddəalar tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, işin hallarında göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə verilmiş 8000 manat məbləğində pulun təyinatı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin qüvvədə olduğu müddətdə cavabdehin yalnız iddiaçının istehsal və satışını təşkil etdiyi məhsulları satmasına yönəlmişdir. Bu isə həmin əqdin mahiyyət etibarı ilə rəqabəti məhdudlaşdıran saziş olmasına dəlalət edir. Belə ki, tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş anlayışlara əsasən, haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri, qanunsuz ödənişlər — rəqabət mübarizəsində əsassız (haqsız) üstünlüklər əldə etmək məqsədi ilə dövlət orqanlarının vəzifəli şəxslərini, siyasi partiyalarda rəhbər vəzifə tutan şəxsləri, media subyektləri işçilərini, bazar subyektlərinin rəhbərliyini və əməkdaşlarını öz tərəfinə çəkmək üçün nəzərdə tutulan maddi və ya qeyri-maddi xarakterli ödənişləri ehtiva edir. Həmin Qanunun sahibkarlıq fəaliyyətində qanunsuz ödənişlərin yolverilməzliyini 10cu maddəsinə əsasən, rəqabətdə birtərəfli üstünlük qazanmaq məqsədilə, həmçinin aşağıdakı hərəkətlərə görə qanunsuz ödənişlərə yol verilmir: bu və ya digər təsərrüfat subyektinə süni surətdə əlverişli mühit yaradılmasına, o cümlədən əlverişli sazişlərin, kreditlərin, subsidiyaların verilməsi, güzəştli gömrük rüsumunun və vergi rejiminin müəyyən edilməsi; müəyyən sifarişlər əldə olunmasında fərdi güzəştlər edilməsi və ya onların verilməsinin ümumi şəraitinin süni surətdə yaxşılaşdırılması; rəqiblə müqayisədə müqavilənin bağlanmasının süni surətdə sürətləndirilməsi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, bu Məcəllənin 13-cü maddəsi nəzərə alınmaqla, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi sazişlər və uyğunlaşdırılmış hərəkətlər, o cümlədən aşağıdakı hədəflərdən birinə və ya bir neçəsinə çatmaq məqsədilə bağlanılan kartel sövdələşmələri və uyğunlaşdırılmış hərəkətlər qadağan edilir və bağlanıldığı andan əhəmiyyətsizdir: 11.1.8. digər təsərrüfat subyektlərinin saziş iştirakçısı olmayan bir sıra təsərrüfat subyektləri ilə kommersiya münasibətləri qurmamağa və ya müqavilə bağlamamağa sövq edilməsi; Beləliklə, şərh olunanları baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış əlavə saziş imzalandığı zaman və hal-hazırda qüvvədə olan qanunvericilik aktlarının tələblərini pozmaqla bağlandığına görə əhəmiyyətsiz əqddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3 və 337.4-cü maddələrinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə, tərəflər arasında imzalanmış əlavə sazişin əhəmiyyətsiz əqd olması nəticəsinə gəlməklə yanaşı hesab edir ki, həmin saziş üzrə cavabdehə verilmiş pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1091.1-ci və 1091.2-ci maddələrinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə, iddia tələbini cavabdehdən 8000 manat təzminat pulunun tutulması hissəsində əsassız hesab edərək qeyd edir ki, iddiaçı həmin tələbini əsaslandıran hallarla bağlı sübutu məhkəməyə təqdim etməmişdir. Müqavilədə cavabdehin müqavilə şərtlərini pozması halında öhdəliyin icrasının təmini üsulu kimi cərimə ödəmək öhdəliyi nəzərdə tutulduğuna görə, müqavilə şərtlərinin pozulmasına görə əlavə olaraq təzminat ödənilməsi yalnız o halda əsaslı hesab edilə bilər ki, iddiaçı həmin təzminatın hansı əsaslarla yaranmasını mötəbər sübutlarla təsdiq edə bilsin. Lakin qeyd olunduğu kimi işdə belə sübutlar mövcud deyildir. Buna görə də, həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən öhdəliyin pozulması halında dəbbə pulu ödənilməsi vəzifəsini cavabdeh öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdehin müqavilə üzrə öhdəliklərindən yayındığı müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə, cərimə tələbinin əsaslılığı ilə bağlı məsələyə qiymət verərkən tərəflər arasında razılaşdırılmış cərimənin hüquqi təbiətinə aydınlıq gətirilməsini də vacib hesab edir. Mülki qanunvericilikdə dəbbə (cərimə, penya) həm öhdəliyi icra etməməyə görə mülki məsuliyyət sanksiyası, həm də öhdəliyin lazımınca icra edilməsinin təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Birinci halda, yəni mülki məsuliyyət tədbiri kimi nəzərdə tutulan dəbbə pulu (cərimə, penya) öhdəlik münasibətinin bir tərəfinə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə digər tərəfin məruz qaldığı zərərin kompensasiya edilməsi məqsədi ilə tətbiq edilən mülki hüquq sanksiyası funksiyasını, təminat üsulu kimi nəzərdə tutulan digər halda isə dəbbə pulu (cərimə, penya) öhdəliyin lazımınca icra edilməsinə borclunun kreditor qarşısında əlavə öhdəliyi funksiyasını yerinə yetirir. Mülki hüquq sanksiyası olaraq nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsinin başlıca şərtləri, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələb hüququ yaranan tərəfə zərər vurulması (1-ci şərt) və öhdəliyi lazımınca icra etməyən tərəfin təqsirinin müəyyən edilməsidir (2-ci şərt). Bu iki şərtin mövcud olduğu təqdirdə mülki məsuliyyət tədbiri qismində dəbbənin (cərimə, penya) tətbiq edilməsi üçün əsas yaranır. Öhdəliyin təmin üsulu kimi nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsi üçün isə tələb hüququ yaranan tərəfin zərərə məruz qalması mühüm şərt deyildir. Burada əsas olan borclunun öhdəliyini icra etmədiyi, lazımınca icra etmədiyi və ya icranı gecikdirməsi faktının və dəbbə pulu ödənilməsi barədə müqavilə şərtinin olmasının kreditor tərəfindən sübut edilməsidir. Dəbbə pulunun anlayışını verən Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə puluna verilən leqal tərifdən müəyyən olunur ki, dəbbə pulunun ödənilməsi tələbi borclu tərəfindən öhdəliyin pozulması ilə yaranır. Bunun üçün əlavə olaraq kreditora zərər vurulması faktının baş verməsi tələb olunmur. Qeyd olunanları hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan cərimə öhdəliyi, cavabdehin üzərinə götürdüyü öhdəliyin lazımınca icra olunmasının təmin edilməsi üsulu kimi nəzərdə tutulmuşdur. Buna görə də, cərimə ödənilməsi üçün iddiaçının öhdəliyin pozulması nəticəsində zərərə məruz qalmasını sübut etmək vəzifəsi yaranmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun iddiaçının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 5840 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.” Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləğinin təmin edilmiş iddiaya uyğun hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, artıq ödənilmiş hissəsi isə dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 8000 manat məbləğində əsas, 500 manat məbləğində cərimə borcu və 105 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 8605 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən artıq ödənilmiş 51 manat dövlət rüsumu məbləği iddiaçıya geri qaytarılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar