Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1960/2024 25.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 341 saylı alğı-satqı müqaviləsi üzrə ödənilməmiş, 7346 manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üzrə hesablanmış 752.2 manat məbləğində dəbbə pulunun və 100.98 manat təşkiledən məhkəmə xərclərinin tutularaq barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – “İddiaçı”) ilə Cavabdeh2 (bundan sonra – “Cavabdeh”) arasında 28 mart 2022-ci il tarixində, 341 №-li alğı-satqı müqaviləsi (bundan sonra – “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində nəzərdə tutulmuş malları (bundan sonra – “Mallar”) dəyəri nağd və ya hissə-hissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə Malları qəbul edib Müqavilədə və ya əlavələrdə müəyyən edilmiş məbləğdə və şərtlərlə İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər İddiaçı tərəfindən icra olunmuş və eyni tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh Müqavilə üzrə nəzərdə tutulmuş Malları İddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə Müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçıya cəmi 17 ay müddətində 16 ayda 588 (beş yüz səksən səkkiz) manat, sonuncu (on yeddinci) ayda 592 (beş yüz doxsan iki) manat olmaqla, ümumilikdə 12000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh ödənişləri ödəniş cədvəlində nəzərdə tutulduğu məbləğdə və qaydada icra etməmiş, bu günədək Müqavilə üzrə ödənilməli məbləğdən yalnız 4654 (qırx altı min əlli dörd) manat ödəmiş, Cavabdehin İddiaçıya 7346 (yeddi min üç yüz qırx altı) manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən Müqavilə üzrə son ödəniş xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş, son ödəniş tarixindən indiyədək 1 il 5 aydan çox müddət keçmiş, tərəfimizdən dəfələrlə xəbərdarlıqlar və bildirişlər edilməsinə baxmayaraq, Cavabdeh öhdəliyinin icrasından yayınmış, satın aldığı Malların ödənişini həyata keçirməmişdir. Habelə, Müqavilənin 4.2-ci bəndinə əsasən, Alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.02% həcmində Satıcıya cərimə ödəyir. Belə olan halda, cavabdehin ödənişin icra edilməli olduğu gündən (xx.xx.2022) xx.xx.2024-cü il tarixinədək 752.2 manat (7346 x 0.02% x 512 gün) məbləğində cərimə borcu yaranmışdır. Bundan əlavə, İddiaçı ilə Cavabdeh1 (bundan sonra – “Zamin”) arasında 28 mart 2022-ci il tarixində Zaminlik Müqaviləsi bağlanmış, zamin iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh ilə birlikdə İddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Sonradan iddiaçının nümayəndəsi “iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 341 saylı alğı-satqı müqaviləsi üzrə ödənilməmiş, 4300 manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üzrə hesablanmış 752.2 manat məbləğində dəbbə pulunun və 100.98 manat təşkil edən məhkəmə xərclərinin tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasınını iştirakları olmadan baxılıb, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 341 saylı alqı-satqı müqaviləsinə əsasən, “Satıcı” sifariş əsasında ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokollarında əks olunan texniki avadanlıqların (bundan sonra “Mal” adlanacaq) dəyərini nağd və ya hissə-hissə ödənilməklə “Alıcı”ya satmağı, “Alıcı” isə malı qəbul edib və qaiməfakturalarda əks olunan qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 firma ilə borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 341 saylı müqavilə üzrə Cavabdeh2 firma qarşısında öz öhdəliklərini yerinə yetirməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. - Qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması haqqında protokol imzalamışlar. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Akt tərəflərin imzaları ilə təsdiq edilmişdir. - 01.05.2024-cü il tarixli nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 100,98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 15.02.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məktub ünvanlayaraq, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən 7.346 manat borcunun olduğunu bildirmiş, həmin borcun 3 gün ərzində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 341 saylı malların alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən təhvil-təslim aktna əsasən cavabdehə mallar verilsə də, cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda iddiaçı ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsinin bağlanması işin mübahisəsiz halını təşkil edir. İddiaçı məktubla cavabdehlərə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdehlər həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırkı işdə iddiaçının alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 malları təhvil verməsi, sonuncunun həmin malları təhvil alması işin mübahisəsiz halını təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. - 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göründüyü kimi, cavabdehlər iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən 4.300 manat məbləğində əsas borcun olması iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin 752,20 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələb tərəflər arasında bağlanılmış kredit müqaviləsindən irəli gəlir. Yəni, həmin müqavilənin 4.2.2-ci bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə 752,20 manat deyil, 40 manat cərimə borcu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, eyni zamanda cavabdeh (zamin) Cavabdeh1 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, zamin Cavabdeh2 alğı-satqı müqaviləsi üzrə alınmış mallara görə zamin olduğundan, qeyd edilən əsas məbləğin və həmin məbləğə hesablanmış cərimə borcunun ödənilməməsi üçün birgə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Qeyd olunan Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. Cavabdeh2 alğı-satqı müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında olan pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1 alğı-satqı müqaviləsi üzrə alınmış mallara görə zamin olduğundan, bununla da Cavabdeh2 iddiaçı qarşısında olan pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərlərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə, həmçinin məhkəmə xərclərinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Bundan əlavə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məcburi köçkün statusuna malik şəxslərdir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia cərimə borcuna münasibətdə qismən təmin edildiyindən və cavabdehlər məcburi köçkün statusuna malik şəxslər olduğu üçün dövlət rüsumunu ödəməkdən azad edildiyindən iddia dövlət rüsumunun tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 341 saylı alqı-satqı müqaviləsinə əsasən 4.300 manat məbləğində əsas borc və 40 manat cərimə borcu olmaqla, ümumilikdə 4.340 (dörd min üç yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1960/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1960/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver