Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1972/2025 01.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cahangir oğlunun cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cahangir oğlu cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli, 01/001 nömrəli müqaviləyə əsasən verilmiş 6000 (altı min) zeytun tinginin dəyərini təşkil edən 18.000 (on səkkiz min) manat borcun və 1.800 (bir min səkkiz yüz) manat cərimə məbləğinin, cəmi 19.800 (on doqquz min səkkiz yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 təsisçiliyi əsasında yaranmış və balansında olan "xxxx" MMC-dən və Cavabdeh2ndən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Cavabdeh2 təsisçiliyi əsasında yaranmışdır və balansındadır. Salyan rayon ərazisində aparılan yaşıllaşdırma və abadlıq işləri ilə əlaqədar mənimlə Cavabdeh2 "xxxx" MMC-nin sabiq direktoru X4 arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanılmış və müqavilənin şərtlərinə görə MMC Hövsan qəsəbəsində istifadəsində olan torpaq sahəsində yetişdirilmiş tinglərdən hər biri 3 manat olmaqla 6000 ədəd zeytun tingi verməyi, MMC isə malın dəyərini onun bank hesabına köçürməyi öhtələrinə götürmüşlər. Müqavilənin şərtlərinə uyğun olaraq 23 fevral 2016-cı il tarixli qaimə ilə 1 ədədi 3 manat olan 9.750 manat dəyərində olan 3250 ədəd, 01 mart 2016-cı il il tarixli qaimə ilə 1 ədədi 3 manat olan 8.250 manat dəyərində olan 2750 ədəd (cəmi 18.000 manat dəyərində) zeytun tingi tərəflərindən “Salyan şəhər Yaşıllaşdırma “X2 direktoru Bayram Muradova təhvil verilmişdir. Təhvil götürülmüş 6000 ədəd zeytun tinginin 18.000 manat dəyəri bu vaxtadək ona ödənilməmişdir. Onunla Cavabdeh2 Salyan şəhər Yaşıllaşdırma MMC arasında olan 03 mart 2016-cı il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, təhvil verilmiş zeytun tinglərinə görə MMC-nin ona olan borcu 18.000 manat təşkil edir. Bununla bağlı, dəfələrlə cavabdehə müraciətlər etməyimə baxmayaraq, pulun ödəniləcəyi barədə ona verilən vədə əməl olunmamışdır. 19 fevral 2016-ci il tarixli 01/001 No-li müqavilənin 4.3 maddəsinə əsasən "Sifarişçi" malların dəyərini müqavilədə göstərilən müddətdə ödəmədikdə, "İcraçı" malların dəyərinin ödənilməsini gecikdirdiyi hər gün üçün müqavilə dəyərinin 0.1%-i lakin ümumi məbləğin 10%-dən çox olmamaqla cərimə ödənilməsini tələb edə bilər. Müqavilə üzrə zeytun tingləri Salyan şəhər Yaşıllaşdırma MMC-yə 23 fevral 2016-cı il və 1 mart 2016-ci il tarixlərində təhvil vermişdir ki, bundan 7 ildən artıq müddət keçmişdir və cərimənin məbləği tinglərin dəyəri olan 18.000 manatın 10%-i olmaqla 1.800 manat təşkil edir. Qeyd olunmuş əsaslara uyğun olaraq xx.xx.2016-cı il tarixli, 01/001 nömrəli müqaviləyə əsasən verilmiş 6000 zeytun tinginin dəyərini təşkil edən 18.000 manat və 1.800 manat cərimə məbləğini, cəmi 19.800 manat məbləğində pulun ona ödənilməsi “tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə qarşı yazılı etirazda bildirmişdir ki, İddiaçı ilə 19 fevral 2016-cı il tarixli 01/001 saylı müqavilə Yaşıllaşdırma MMC-nin sabiq direktoru X4 tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Azərbaycan Respublikası “Dövlət satınalmaları haqqında” Qanuna əsasən mal satan təşkilatla mal alan təşkilat arasında kotirovka sorğusu keçirlmədən satınalma müqaviləsi qüvvəyə minə bilməz. Salyan şəhər "xxxx" MMC tərəfindən kotirovka sorğusunun keçirilməsinə dair komissiya yaradılmamış və bu barədə sözü gedən müəssisədə hec bir əmr mövcud deyil. Qanuna əsasən bu iş üçün Kotirovka sorğusunun keçirilməsi üçün komissiya yaradılmalı və ən azı 3 (üç) təşkilat arasında kotirovka sorğusu keçirilməlidir. Lakin Salyan şəhər "Yaşıllaşdırma” MMC ilə icraçı şəxs İddiaçı arasında heç bir kotirovka sorğusu keçirilməmiş və mərkəzi mühasibatlıqda bu barədə heç bir sənəd mövcud deyil. Azərbaycan Respublikası “Dövlət satınalmaları haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanının 2-ci hissəsinin və “Normativ hüququ aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun tətbiq edilməsi barədə” Aərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının qərarına əsasən dövlət satınalmalarının kotirovka sorğusu üsulu ilə aparılması üçün malların, işlərin və xidmətlərin ehtimal olunan qiymətinin minimum məbləği 5,0 (beş) min manat müəyyən edilir. İddiaçı malların, işlərin və xidmətlərin məbləği 5 (beş) min manatdan yuxarı olduğu üçün kotirovka sorğusu keçirilməli idi. Lakin kotirovka sorğusu keçirilməmiş və satınalma müqaviləsi imzalanmamışdır. Salyan şəhər "Yaşıllaşdırma” MMC-nin sabiq direktoru X4 2021-ci ildə vəfat etmişdir. “Dövlət satınalmaları haqqında” Qanunun 37-ci maddəsinin 37.5 bəndinə əsasən tender komissiyası tərəfindən tenderin nəticələri haqqında yekun protokol tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Yekun protokolu satınalma müqaviləsinin bağlanması üçün əsas götürülür. Yekun prokolunun surəti onun imzalanmasından sonra 3(üç)bank günü ərzində “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinə uyğun olaraq Satınalmalar üzrə Dövlət Agentliyinə təqdim olunur. Lakin belə bir bir müqavilə tərtib edilməmiş və X1 təqdim edilməmişdir. Məlumat üçün bildirilir ki, müəssisədə kotirovka sorğusu keçirilməsi ilə əlaqədar heç bir komissiya yaradılmamış, sorğu keçirilməmiş və imza və möhürlə təsdiq edilmiş satınalma müqaviləsi mövcud deyil. Bildirilir ki, “Dövlət Satınalmaları haqqında” Qanunun tələbləri gözlənilmədən dövlət büdcəsindən maliyyələşən təşkilatla bağlanması iddia edilən müqaviləin hər hansı bir hüququ əsası yoxdur və belə bir müqavilə əsasında birbaşa malların alınması və dəyərinin ödənilməsi mövcud qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması deməkdir. Fiziki şəxs tərəfindən işə əlavə edilmiş 23 fevral 2016-cı ildə 664301 saylı və 01 mart 2016-cı il tarixli 664302 saylı Qaimə-Fakturalarda mal alan təşkilat Cavabdeh2 göstərilmişdir. Lakin İcra hakimiyyəti tərəfindən belə malın alınması üçün maddi məsul şəxs tərəfindən imzalanmış sənəd mövcud deyil. Müvafiq təlimata əsasən həmən tinglərin gətirilməsi üçün heç bir avtomobilə yol qaiməsi və yol vərəqəsi fiziki şəxs tərəfindən tərtib edilməmiş və malı təqdim edən sürücünün şəxsiyyət vəsiqəsi mövcud deyil. Ona görə onlara qarşı qaldırılmış iddia əsassızdır və heç bir sübuta söykənmir. Həmçinin İddiaçı iddia etdiyi və sübut olunmadığı zeytun tingləri 2016-cı ildə verilmiş olsaydı belə iddia müddəti ötürülmüşdür. Bu səbəbdən iddia əsassız olduğndan və sübuta yetirilmədiyindən həmçinin iddia müddəti tətbiq olunmaqla iddianın əsassız olduğunun nəzərə alınması xahiş olunur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil izahatında iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun olmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi X5 izahatında iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Cahangir oğlu xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Cahangir oğlu (İcraçı) ilə Salyan Şəhər Yaşıllaşdırma MMC-nin direktoru X4 (Sifarişçi) arasında bağlanmış 19 fevral 2016-cı il tarixli 01/001 nömrəli müqavilənin: 1-ci bəndinə əsasən, bu müqaviləyə görə İcraçı müqavilənin 3.1-ci bəndində göstərilən məbləğdə malları Salyan şəhər Yaşıllaşdırma MMC-yə təhvil verməyi, Sifarişçi isə bu müqavilənin şərtlərinə uyğun olaraq malların dəyərini şərtləşdirilmiş vaxtda və həcmdə ödəyib və hazırlanmış malları qəbul edəcəyini öz öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən, tərəflər malların qiymətini aşağıdakı qaydada müəyyən edirlər: İcraçı Sifarişçiyə 18000 manat məbləğində zeytun tingi təhvil verəcək (1 ədədi 3 AZN təşkil edir). 3.2 və 3.3-cü bəndlərinə əsasən, tərəflər bu müqaviləni təsdiq etdikdən sonra Sifarişçi malın dəyərini tam olaraq İcraçının bank hesabına köçürür. İcraçı 1 ay iş günü ərzində malı təqdim edir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Belə ki, məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəflər arasında xx.xx.2016-cı il tarixdə zeytun tinglərinin alqı-satqısına dair müqavilə bağlandığını, həmin müqaviləyə əsasən cavabdehə ümumi dəyəri 18000 manat təşkil edən 6000 ədəd zeytun tingi təhvil verdiyini, lakin təhvil verdiyi tinglərin dəyərinin ödənilmədiyini iddia edir, cavabdeh təşkilat isə tərəflər arasında zeytun tinglərinin alqı-satqısına dair müqavilənin, həmçinin həmin müqavilə üzrə tinglərin təhvil-təsliminə dair hər hansı bir sənədin müəssədə mövcud olmadığını bildirir. Cavabdeh həmçinin, adı çəkilən müqavilə üzrə iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü iddia edir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlandığını iddia etdiyi müqaviləyə istinad etdiyi halda, cavabdeh onların arasında belə bir müqavilənin mövcud olmadığını iddia etdiyinə görə, ilk növbədə mübahisə tərəfləri arasında hər hansı bir müqavilə və ya digər öhdəlik hüquq münasibətlərinin yaranıbyaranmamasının müəyyən edilməsi zəruridir. Belə ki, iddiaçının hazırki tələblə çıxış edə bilməsi üçün subyektiv hüququnun mövcudluğu qeyd edilən məsələnin aydınlaşdırılmasından asılıdır Məhkəmə qeyd edir ki, iddiaçı tərəflər arasında alqı-satqı münasibətləri üzrə öhdəliyin yaranmasının təsdiqi olaraq xx.xx.2016-cı il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlandığını iddia etdiyi yazılı müqaviləyə istinad edir və həmin müqaviləni yazılı sübut qismində məhkəməyə təqdim edir. Cavabdeh adı çəkilən müqavilənin mövcudluğunu mübahisələndirsə də, həmin müqavilənin etibarsızlığına dair tələb irəli sürməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı sözügedən müqavilənin etibarsızlığına dair əsaslar müəyyən edilməmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış alğı-satqı müqaviləsindən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə zeytun tinglərini verməyi, cavabdeh isə alınan mallara görə razılaşdırılmış qiyməti şərtləşdirilmiş vaxtda ödəməyi öhdəliklərinə götürmüşlər. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə alğı-satqı müqaviləsi üzrə münasibətləri tənzimləyən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə, tərəflər arasında alqı-satqı müqaviləsi üzrə hüquq münasibətlərinin yarandığını təsbit etməklə yanaşı qeyd edir ki, baxılan işdə əsas mübahisəli hal qeyd edilən müqavilə üzrə öhdəliklərin onun iştirakçıları tərəfindən lazımi qaydada icra edilibedilməməsinin müəyyən edilməsi ilə bağlıdır. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərin onun tərəfindən tam şəkildə icra olunmasına baxmayaraq, cavabdehin üzərinə düşən öhdəliyi icra etmədiyini iddia edir. Məhkəmə müəyyən edir ki, adı çəkilən müqavilə üzrə öhdəliklərin iddiaçı tərəfindən yerinə yetirilməsini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır, iddiaçı öz öhdəliklərini lazımi şəkildə icra etməsini sübut edə bilməmişdir. Belə ki, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq 23 fevral 2016-cı il tarixli və 01 mart 2016-cı il il tarixli qaimələrə əsasən ümumi dəyəri 18.000 manat olan zeytun tinginin tərəflərindən “Salyan şəhər Yaşıllaşdırma“ X2 direktoru Bayram Muradova təhvil verildiyini, bu barədə onunla Cavabdeh2 Salyan şəhər Yaşıllaşdırma MMC arasında 03 mart 2016-cı il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı tərtib edildiyini bildirsə də, qeyd edilən qaimələri və üzləşmə aktını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı da iddiaçı tərəfindən alqı-satqı obyekti olan tinglərin cavabdehə təhvil verilməsinə dair təkzibedilməz dəlillər aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 570.1 və 570.1.1-ci maddələrinə əsasən, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Alqı-satqı müqaviləsinə verilən leqal tərifdən, həmçinin alqı-satqı müqaviləsi üzrə satıcının vəzifələrini müəyyən edən normaların tələblərindən göründüyü kimi qeyd edilən müqavilənin iştirakçılarının əsas öhdəlikləri satıcıya münasibətdə müqavilənin obyekti olan əşyanı alıcının mülkiyyətinə verməkdən, alıcıya münasibətdə isə həmin əşyanın dəyərini ödəməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə sübutetmə yükünün bölüşdürülməsi prinsipinin tələblərinə görə alqı-satqı müqaviləsinin iştirakçıları arasında mübahisə yarandığı təqdirdə müqavilənin obyekti olan əşyanın qarşı tərəfin mülkiyyətinə verilməsini (əşyanın təhvil verilməsini) sübut etmək vəzifəsi satıcının üzərinə düşür. Lakin yuxarıda göstərildiyi kimi, baxılan işdə iddiaçı alqı-satqı müqaviləsinin obyekti olan malların cavabdehin mülkiyyətinə verilməsini sübut edə bilməmişdir, bu barədə dəlilləri məhkəməyə təqdim etməmişdir. Halbuki, yuxarıda şərh olunduğu kimi alğı-satqı obyekti olan malların cavabdehə təhvil verilməsi iddiaçının müqavilə üzrə əsas öhdəliyini təşkil edir. Buna görə də mübahisə olduğu təqdirdə həmin xüsusatı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə onu da qeyd edir ki, işdə cavabdehin sözügedən malları təhvil almasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Halbuki, iddianın əsaslı hesab edilə bilməsi üçün mübahisə obyekti olan malların cavabdehə təhvil verilməsi, onun mülkiyyətinə keçirilməsi faktı ən başlıca sübutetmə predmetidir. Bu faktın sübuta yetirilə bilinməməsi halında heç bir şəkildə iddianın uğurluluq ehtimalından söhbət gedə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsasını təşkil edən halı mötəbər dəlillərlə sübut edə bilməmişdir. Məhkəmə qeyd edilənlərin yekunu olaraq bu nəticəyə gəlir ki, iddiaçı tələbini əsaslandıran halları mötəbər və yetərli dəlillərlə sübut edə bilməmişdir. Buna görə də iddia əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 14.1, 77, 88, 217.1 və 217.3-cü maddələri). Mübahisəyə iddia müddətinin tətbiqi məsələsi ilə əlaqədar məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" MMC ona qarşı yönəldilmiş iddia tələbi üzrə borcun tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dair məhkəməyə ərizə vermişdir. Məhkəmə, cavabdeh "xxxx" MMC-nin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 377.1, 377.2, 377.3 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüququ normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddəti isə müqavilə tələbləri üzrə üç illə məhdudlaşır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olubolmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, baxılan iş üzrə iddia müddətinin axımı alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verildiyi andan etibarən başlamalıdır. İddiaçı həmin malların 23 fevral 2016-cı il və 01 mart 2016-cı il il tarixlərində cavabdehə təhvil verildiyini iddia etdiyinə görə, iddia müddətinin axımı da həmin tarixlərdən başlayaraq hesablanmalıdır. Lakin, məhkəmənin gəldiyi nəticəyə əsasən iddiaçı tərəfindən öz tələbinin əsası kimi istinad etdiyi hallar (ilk növbədə alqı-satqı müqaviləsinin obyekti olan malların cavabdehə təhvil verilməsi) sübut edilə bilinmədiyinə görə, iddiaçının həmin malların dəyərinin ödənilməsinə dair tələb hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, yuxxarıda şərh olunanlar nəzərə alındıqda, mövcud olmayan tələb üzrə iddia müddətinin tətbiqinin əsaslılığının araşdırıması üçün hüquqi əsas, baxılan iş üzrə iddia tələbinə münasibətdə iddia müddətinin tətbiqi məsələsi ilə bağlı hüquqi dəyərləndirmənin aparılmasına zərurət yoxdur. Məhkəmə yuxarıda göstərilənlərə yekun vuraraq bu nəticəyə gəlir ki, İddiaçı Cahangir oğlunun cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı pul tələbinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1972/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1972/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver