Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1975/2025 04.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalar əsasında yaranmış 7383,84 manat borcun və 93,84 manat ödənilən dövlət rüsumunun, cəmi 7477,68 manat pulun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə şifahi razılaşma əsasında İddiaçı MMC tərəfindən cavabdehə spirtli içkilərin satışı həyata keçirilmiş, cavabdeh həmin malları qəbul edərək dəyərini şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən 7383,84 manat (ƏDV daxil olmaqla) malın dəyərini, tərəflərin razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu göndərilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, onun nümayəndəsi-vəkili məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir. Lakin, cavabdehin nümayəndəsivəkili Vəkil2 məhkəməyə mülahizə təqdim edərək, bildirmişdir ki, İddiaçı MMC tərəfindən nümayəndəsi olduğu Cavabdeh qarşı 7603,84 manat məbləğində borcun ödənilməsi ilə bağlı iddia qaldırılmışdır. İddiaçı MMC tələbi əsassızdır və iş materiallarında təqdim edilmiş sübutlarla da təsdiqini tapmır. İlk növbədə qeyd edilməlidir ki, Cavabdeh “X10” adlı müəssisəsini idarə etmiş, həmin fəaliyyət çərçivəsində İddiaçı MMC-dən müəyyən mallar almış və onların ödənişlərini də müntəzəm şəkildə həyata keçirmişdir. Lakin 2023-cü ilin sentyabr ayında artıq İddiaçı MMC-nin ekspeditoru (X4) tərəfindən müəssisənin bağlanıldığı bildirilmiş, bu səbəbdən əvvəlcədən təhvil verilmiş mallar da geri tələb olunmuşdur. Qeyd olunur ki, cavabdeh malı heç vaxt birbaşa iddiaçı şirkətdən almamışdır. Bütün mallar hər zaman İddiaçı MMC-nin ekspeditoru X2 vasitəsilə təhvil alınmış, ödənişlərdə müstəsna olaraq həmin ekspeditora edilmişdir. Bu fakt tərəflərin əvvəlki kommersiya münasibətlərinin xarakterini aydın şəkildə göstərir. Deməli, cavabdehlə iddiaçı arasında birbaşa müqavilə münasibəti mövcud olmamış, öhdəliklər ekspeditor vasitəsilə icra olunmuşdur. Cavabdeh həmin vaxt aldığı malların yalnız 165 manatlıq hissəsini satmağa müvəffəq olmuş, bu məbləği dərhal ekspeditora (X4) təhvil vermiş, qalan bütün malları isə bütöv şəkildə şirkətə qaytarmışdır. Bu fakt cavabdehin izahatları və malların geri qaytarılması barədə sübutlarla təsdiqlənir. Digər mühüm məqam ondan ibarətdir ki, İddiaçı MMC tərəfindən iş materiallarına təqdim olunmuş elektron qaimələr həqiqəti əks etdirmir. Bu qaimələr birtərəfli qaydada tərtib edilmiş, lakin nə cavabdeh tərəfindən təsdiqlənmiş, nə də qarşılıqlı üzləşmə aktı ilə dəqiqləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (77 maddə) tələblərinə görə, hər hansı tələb yalnız etibarlı sübutlarla təsdiqlənməli, tərəflərin qarşılıqlı razılaşmasını,öhdəliklərin həcmini və qalığını dəqiq müəyyən edən sənədlərlə əsaslandırılmalıdır. Halbuki, Cavabdeh ilə “X6 Company” MMC arasında yazılı müqavilə mövcud olmamış, həmçinin borcun qalığı ilə bağlı heç bir üzləşmə aktı tərtib edilməmişdir. Məhkəmə təcrübəsində dəfələrlə qeyd edilmişdir ki, ticarət əməliyyatlarında əsaslı sübut kimi qarşılıqlı təsdiqlənmiş sənədlər, müqavilələr və üzləşmə aktları çıxış edir. Tələbkər tərəfindən təqdim edilən elektron qaimələr isə öhdəliyin real mövcudluğunu sübuta yetirmir, xüsusilə də cavabdeh tərəfindən həmin sənədləri tanımır və onların reallığa uyğun olmadığını bildirir. Üstəlik, cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri vicdanla icra etmiş, satılmış mallara görə əldə edilən məbləği ekspeditora (X4) çatdırmış, satılmamış bütün malları isə bütöv şəkildə iddiaçıya təhvil vermişdir. Bu halda hər hansı borc qalığından danışmaqdan söhbət gedə bilməz. Əksinə, iddiaçının əsassız olaraq yalnızca elektron qaimələrə istinad etməsi onun iddiasının hüquqi baxımdan etibarsız olduğunu göstərir. Qeyd olunan bütün hallardan belə nəticəyə gəlmək olar ki, Cavabdeh iddiaçı “X6 Company” MMC qarşısında heç bir borcu mövcud deyil. İddiaçının məhkəməyə təqdim etdiyi tələblər və sənədlər real kommersiya münasibətlərini əks etdirmir, sübut yükünü daşımır və hüquqi qüvvəyə malik deyil. Qeyd olunanlara əsasən, İddiaçı MMC tərəfindən verilmiş iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. Elektron Məhkəmə İnformasiya Sistemində olan Vergi məlumatlarından görünür ki, Cavabdeh alkoqollu içkilərin pərakəndə satışı üzrə vergi ödəyicisi kimi qeydiyyata alınaraq, ona xx.xx.2018-ci il tarixdə VÖEN:********** verilmişdir.
10. İş materiallarında olan EBCN 964132 nömrəli, xx.xx.2023-cü il tarixli (991,32 manat), EBDC 269298 nömrəli, xx.xx.2023-cü il tarixli (758,20 manat), EBDH 106695 nömrəli xx.xx.2023-cü il tarixli (299,04 manat), EBDJ 006899 nömrəli, xx.xx.2023-ci il tarixli (1258,08 manat), EBDN 077659 nömrəli, xx.xx.2023-cü il tarixli (4297,20 manat) malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan və cavabdehin sifariş etdiyi malların siyahısından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 7603,84 manat məbləğində sipirtli içki vasitələri təqdim edilmişdir.
11. xx.xx.2025-ci il tarixli №65/25 saylı maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə təqdim olunan qaimələr üzrə borcu 7603,84 manat, ödənilmiş 220 manat, qalıq borc 7383,84 manat təşkil edir.
12. “X6 Company” MMC tərəfindən Cavabdeh ünvanlanmış 12 may 2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, iddiaçı “X6 Company” MMC Cavabdeh yaranmış 7383,84 manat borcun 3 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.
13. **********33 ödəniş qəbzindən görünür ki, "xxxx" QSC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 93,84 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddiaçın nümayəndəsinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
18. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında faktiki olaraq alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, işin araşdırılan hallarından görünür ki, “X9 Company” MMC iş üzrə cavabdehə spirtli içkilər (bundan sonra “mallar”) vermiş, cavabdeh isə aldığı malları qəbul edib razılaşdırılmış qaydada onların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
19. Məhkəmə qeyd edir ki, malların verilməsini sübut etmək vəzifəsi iddiaçının, alınan malların dəyərinin ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. İddiaçının cavabdehə iddia ərizəsində göstərilən malları verməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Eyni zamanda cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi “mülahizə”də cavabdehin iddiaçıdan mal alması etiraf olunur. Belə ki, həmin “mülahizə”də qeyd olunur ki, “lk növbədə qeyd edilməlidir ki, Cavabdeh “X10” adlı müəssisəsini idarə etmiş, həmin fəaliyyət çərçivəsində İddiaçı MMC-dən müəyyən mallar almış və onların ödənişlərini də müntəzəm şəkildə həyata keçirmişdir. Lakin 2023-cü ilin sentyabr ayında artıq İddiaçı MMC-nin ekspeditoru (X4) tərəfindən müəssisənin bağlanıldığı bildirilmiş, bu səbəbdən əvvəlcədən təhvil verilmiş mallar da geri tələb olunmuşdur. Qeyd olunur ki, cavabdeh malı heç vaxt birbaşa iddiaçı şirkətdən almamışdır. Bütün mallar hər zaman İddiaçı MMC-nin ekspeditoru X2 vasitəsilə təhvil alınmış, ödənişlərdə müstəsna olaraq həmin ekspeditora edilmişdir”.
20. İşin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəf iddiaçıdan alınan malların dəyərinin müntəzəm ödənildiyini, əvvəlcədən təhvil verilmiş malların cavabdehdən geri alındığını bildirsə də, bu xüsusatları təsdiq edən mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.
21. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh İddiaçı MMC-yə təqdim olunan qaimələr üzrə borcu 7603,84 manat, ödənilmiş 220 manat, qalıq borc 7383,84 manat təşkil edir.
22. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları sübut etdiyindən hazırki cavabdehə qarşı hazırki tələbi irəli sürməkdə haqlı olmuşdur. Ona görə görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 7383,84 manat məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
Məhkəmə xərcləri:
23. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumuna görə 93,84 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh 7383,84 (yeddi min üç yüz səksən üç manat, səksən dörd qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 93,84 (doxsan üç manat, səksən dörd qəpik) manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev