Məhkəmə qərarları › İş №e-2-2(121)-1977/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1977/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1977/2025 21.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19591,90 manat əsas, 2206 manat zərər, 1095,60 manat dəbbə pulu, vəkilə xidmət haqqı olaraq ödənilmiş 850 manat pulu və ümumilikdə 23743,50 manat pulun və iş üzrə ödənilmiş 162 manat dövlət rüsumunun alınıb İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC xx.xx.1996-cı il tarixdən kənd təsərrüfatı sahəsində dərman pereparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı QSC kənd təsərrüfatı sahəsində istifadə olunan dərman pereparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. İddiaçı QSC Cavabdeh ilə aralarında 27 mart 2024-cü il tarixli, 1/24-136 saylı müqavilə imzalanmışdır. Müqavilə üzrə tərəfindən cavabdehə ümumilikdə 28091,90 manat dəyərində məhsul verilmişdir. Cavabdeh tərəfindən onlara olan borcdan 8500 manat ödəniş edilmiş və bu günə 19591,90 manat borcu qalmışdır. Dəfələrlə cavabdehə "xxxx" QSC-yə İddiaçı QSC-yə olan 19591,90 manat borcunun ödəməsini bildirsədə, cavabdeh bu günə qədər onlara olan borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən tərəfindən cavadehə müraciət göndərilmişdir. Lakin, cavabdeh yenə də İddiaçı QSC-yə olan borcunu ödəməmişdir. Hazırda Cavabdehdan 19591,90 manat pul məbləğini başqa qayda da ilə ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-cimaddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərəri ödəməyə borcludur. Məcəllənin 448.1-ci maddəsinə görə, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qanunların izahından göründüyü kimi Cavabdeh yuxarıda sadaladığımız məsulların alışı üzrə 19591.90 manat pulumuzu qanunsuz olaraq özündə saxlamaqla İddiaçı QSC-yə zərər vurmuşdur. Biz bu zərəri Azərbaycan Respublikası Mərkəzi Bankının Uçot faiz dərəcəsinə uyğun hesablamaqla 2206 manat olaraq dəyərləndirirlər. Hesab edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1cimaddəsinin tələbinə əsasən, 2206 manat pulu Cavabdeh alınıb İddiaçı QSC-yə ödənilməlidir. Bundan başqa Müqavilənin 8.3-cü bəndinə əsasən razılaşdırılan ödəniş müddətinin pozulmasına görə gecikdirilən məbləğin 0,01% olaraq qeyd edilmişdir. Belə olan təqdirdə cavabdeh tərəfindən müqavilə üzrə razılaşdırılmış ödəniş müddətini pozduğunuza görə 19591.90 manat məbləğinin hər gecikmə günü üçün faiz hesablanmışdır. Hazırki günə 1095.60 manat dəbbə pulu hesablanmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması məhkəmədən xahiş edilir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının cavabdehə iddia ərizəsində göstərilən qaydada mal verməsi iş materialları, vhats up yazışmaları, səs qeydləri və şahid ifadəsi ilə tam təsdiq olunur. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin əsli cavabdehdə qaldığı üçün məhkəməyə təqdim edə bilmirlər. Qanunda alqı-satqı müqaviləsi üçün xüsusi norma nəzərdə tutulmamışdır. Hesab edir ki, iş materialları ilə tərəflər arasında alqı-satqı münasibətlərinin mövcudluğu öz təsdiqini tapır. O, qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, 8000- 8500 manat dəyərində yalnız korbomid gübrəsi almış, onun da pulunu ödəmişdir. O, məhkəməyə təqdim edilən alqı-satqı müqaviləsini imzalamamışdır. Hesab edir ki, iddia tələbi əsassızdır.

Şahid İfadələri:

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləyir. Azərbaycan dilində sərbəst danışır və başa düşür. Tərcüməçiyə ehtiyyacı yoxdur. O, Cavanşiri tanıyır, onun Salyanda yerləşən mağazasına gertmiş, dərmanları ilə tanış etmiş və Cavanşirə kataloq vermişdir. Daha sonra Cavanşir onun iş nömrəsinə zəng edərək karbomit gübrəsi istəmiş, “166 yük daşıma” xidməti ilə istədiyi məbləğdə gübrəni göndərmiş, ödəmələri gecikdirdi, lakin edirdi. Ona görə də o, Cavanşirə güvənmişdir. Cavanşir Şirkətin digər mallarından da istəmiş, o da istədiyi malları göndərmişdir. Cavanşir onlardan təkcə karbomit almayıb, əlavə bir çox dərman almışdır. Onların Cavanşirə mal göndərməsi və Cavanşirin onlara borclu olması "xxxx" yazışmaları ilə də tam təsdiq olunur. Onlar aralarındakı müqaviləni imzalaması üçün sürücü vasitəsilə Cavanşirə göndərmişlər, lakin sürücü geri dönəndə müqaviləni gətirməmiş və müqavilənin Cavanşirdə qaldığını bildirmişdir. Ümumilikdə Cavanşirə təxminən 28 min manatlıq mal vermişlər. ***-***-**-** mobil nömrə onun iş nömrəsidir. Cavanşirin onunla əlaqə saxladığı mobil nömrə ***-***-**-** olmuşdur. Ondan başqa şirkətdən Yazgül xanım Cavanşirlə əlaqə saxlamışdır. Məhkəməyə təqdim etdiyi "xxxx" yazışmalarında profil şəklində görünən xanımın adı Yazgül xanımdır. Şirkətin mühasbidir və müştərilərlə əlaqədə olur. Cavanşir sadəcə karbomidin pulunu ödəmişdir. Belə ki, 8 000 (səkkiz min) manat və əlavə 500 (beş yüz) manat şirkətin kart hesabına pul göndərmişdir. Həmin kart şirkətin kartıdır və Zaur müəllimin adına olan kartdır.

İddia ərizəsinə etiraz:

9. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

10. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə “elektron kabinet” vasitəsi ilə Ərizə ilə müraciət edərək bildirmişdir ki, 8000 (səkkiz min) manat karta ödənilib və 500 (beş yüz ) manat sürücüyə nağd ödəniş olunub. Alınmış karbonit məhsulu üçün aramızda heç bir rəsmi sənəd olmamışdır. Qeyd olunanların nəzərə alınması xahiş olunur.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

11. İş materiallarından görünür ki, İddiaçı QSC (satıcı) ilə Cavabdeh (Alıcı) arasında xx.xx.2024-cü il tarixli, 1/24-136 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflər təsdiq edirlər ki, bu Müqavilənin şərtlərinə asasan Satıcı Müqavilənin əlavəsi hesab edilən və Alıcı tərəfindən rəsmiləşdirilən İ saylı Əlavədə göstərilən malları (bundan sonra Mallar) razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istilada məqsədləri üçün yararlı halda Alıcıya salmağı, Alıcı isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya Ödəməyi öhdəsinə götürür. 3.1. Malların Alıcıya çatdırılması müvalıq Əlavədə müəyyənləşdirilən qaydada həyata keçiriləcək. 3.2. Malların təhvil verilməsi Alıcının Müqavilənin müvalıq əlavələrində göstərilən (ünvanda həyata keçiriləcək. Alıcının həmin mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına qənaətbəxş səviyyədə bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tam təhvil verilmiş olsun. 3.3. Satıcı Malların çatdırılması zamanadək aşkar edilmiş qüsurlar hər iki tərəfin birgə tərtib edəcəyi və imzalayacağı Qüsur Aktında əks olunacaq. 3.4. X3 təhvil verilməsini Tərəflər arasında müvaliq qaydada imzalanacaq Təhvil- Təslim Aktı (Qaimə-Faktura) əsasında həyata keçirəcək. Tərəflər razılaşırlar ki. malların çaldırlması zamanı hər-hansı bu kimi qüsur aşkar olunduqda onların Satıcı tərəfindən aradan qaldırılması yuxarıdakı 3.3-cü bənddə istinad olunan Qüsur Aktında müəyyən olunmuş müddətdə təmin edilmiş olsun. 3.5. Malların Satıcı tərəfindən Alıcıya faktiki təhvil verilməsi anmadəkMallarm təsadüfən və ya qəsdən məhv olması və ya zədələnməsi riskini Salıcı özü daşıyır. 3.6. Malların Alıcıya çaldırılması, təhvil verilməsi müddətləri və yeri İ saylı Əlavə də müəyyən edilir. 3.7. Mallar müvafiq standart və tələblərə uyğun qablaşdırılmalı, markalanmalı və müəyyənləşdirilmiş təyinat məntəqəsinə çatdırılmalıdır. 3.8. Qablaşdırma Malların təyin olunan yerə zədələnmədən və korlanmadan çatdırılmasını təmin elməlidir. Qablaşdn manın ümumi (müvafiq standartlara cavab verən) şənləri və (və ya) xüsusi (Alıcının əlavə tələblərinə cavab verən) şərtləri Müqavilənin əlavəsində müəyyən oluna bilər 4.1. bəndinə əsasən Bu Müqaviləyə əsasən Satıcı tərəfindən təchiz olunacaq Malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri Alıcı ilə razılaşdırılır və müvafiq saylı Əlavədə müəyyən edilir. Malların qiymətlərinin sonradan dəyişməsi, azalması və ya anması l'ərəflər arasında yenidən hesablaşmaya səbəb olmayacaq. Qiymət, say və konfiqurasiya dəyişikliyi yalnız, tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqaviləyə əlavə olunmaqla (Əlavə 2) müəyyənləşdiriləcək. 4.2. Bu Müqaviləyə əsasən ödənişlər Azərbaycan manatı ilə həyala keçiriləcək. Xarici valyutada göstərilmiş qiymətlər müvafiq hesab-faktura üzrə ödənişin həyala keçiriləcəyi tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş tarixi üçün müəyyən eldiyi rəsmi məzəmi, uyğun olaraq Azərbaycan manatı ilə hesablanacaq. 4.3. Tərəflər bu Müqaviləyə uyğun olaraq təqdim olunacaq Mallar ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş özlərinə aid olan vergilərin, rüsumların və digər məcburi ödənişlərinin edilməs, öhdəli) inin icrasına görə özləri məsuliyyət daşıyırlar. 10 “Elektron Məhkəmə İnformasiya Sistemində vergi məlumatlarından görünür ki, Cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınaraq ona VÖEN:********** verilmişdir.

12. İş materiallarında olan sifarişlər, hesab faktura və elektron qaimə fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 28091,90 (qırx beş min dörd yüz on dörd manat, səksən qəpik) manat məbləğində mal verilmişdir.

13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) ilə Cavabdeh Zakir oğlu (VÖEN: **********) arasında 27 mart 2024-cü il tarixli 1/24-136 AZ saylı müqaviləyə əsasən aşağıdakı elektron qaimələr üzrə mallar təqdim edilmişdir: xx.xx.2024-cü il tarixli, MT**********80 nömrəli elektron qaimə üzrə 9 702,00 AZN məbləğində, xx.xx.2024-cü il tarixli, EBEB 139365 nömrəli elektron qaimə üzrə 11 210,90 AZN məbləğində, xx.xx.2024cü il tarixli, EBEB 139367 nömrəli elektron qaimə üzrə 270,00 AZN məbləğində, xx.xx.2024-cü il tarixli, EBEB 139368 nömrəli elektron qaimə üzrə 5 698,00 AZN məbləğində, xx.xx.2024-cü il tarixli, EBEB 139370 nömrəli elektron qaimə üzrə 675,00 AZN məbləğində, xx.xx.2024-cü il tarixli, EBEB 382457 nömrəli elektron qaimə üzrə 536,00 AZN məbləğində mallar verilmişdir. Yuxarıda qeyd edilən qaimələr üzrə təqdim edilmiş malların ümumi dəyəri 28 091,90 AZN təşkil edir. Qeyd olunan məbləğin ödənilməsi məqsədilə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 8 000,00 AZN və xx.xx.2024-cü il tarixdə 500,00 AZN məbləğində ödəniş həyata keçirilmişdir. Bununla da xx.xx.2025-ci il tarixə ödənilməmiş borc qalığı 19 591,90 AZN təşkil edir. Cavabdeh İddiaçı QSC-yə 19591,90 manat qalıq borcu təşkil edir.

14. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, İddiaçı QSC-dən 8000-8500 manat civarında karbomid gübrəsini nəğd şəkildə aldığını, pulu kart hesablarına köçürdüyünü bildirmişdir.

15. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 85571 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 417211******1649 nömrəli kart hesabına (müştəərinin adı: A**Z**Ə**) 8000 manat məbləğində vəsait köçürülmüşdür.

16. İş materiallarında əlavə edilmiş “flashcard” əks olunan səs qeydlərindən görünür ki, Cavabdeh “qiymətlərin normal olduğunu, normal satış edəcəyini, daban gübrələri, Abafoz, bir də 3-16 yazdırdığını, mümkün olduğu təqdirdə hərəsindən hissə-hissə 1 maşın götürmək istədiyini, müştərilərin gözlədiyini, yazılan sifarişləri bu günə və ya sabaha götürmək istədiyini” bildirir.

17. İş materiallarında əlavə edilmiş “flashcard” əks olunan "xxxx" yazışmalarından görünür ki, Cavabdeh qeyd edir ki, “20091 (iyirmi min doxsan bir manat) cəmi ödəniş olmalıdır düzdür?” bundan sonra “gələn həftə 10000 ödəniş edəcəm qalığı ayın sonu edəcəm tam nağd şəkildə”. Bundan başqa, həmin yazışmalardan görünür ki, Cavabdeh ona göndərilməli malların siyahısını və və 8000 manat ödəniş etdiyinə dair qəbzi, həmçinin şəxsiyyət vəsiqəsinin və fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin şəkillərini iddiaçı tərəfə göndərmişdir.

18. İş materiallarına əlavə edilmiş “166 yükdaşıma xidməti” tərəfindən verilmiş 001611 nömrəli, xx.xx.2024-cü il tarixli əmtəə nəqliyyat qaiməsindən görünür ki, həmin xidmət tərəfindən Cavabdeh dərman vasitələri daşınmışdır.

19. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı QSC Cavabdeh borcun 3 (üç iş) gün müddətində ödənilməsini tələb etmişdir.

20. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 162 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 324.1--ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. - 324.3-ci maddəsinə əsasən, Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. - 324.4-ci maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 324.5-ci maddəsinə əsasən, İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. - 324.6-ci maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. - 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 329.3-ci maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. - 329.4-ci maddəsinə əsasən, Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. - 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərarı: Plenumun nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarı:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

26. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

27. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, ilk növbədə EMA” QSC (satıcı) ilə Cavabdeh (Alıcı) arasında xx.xx.2024-cü il tarixli, 1/24-136 saylı müqaviləsinin etibarlılığına hüquqi qiymət verilməlidir.

28. İddiaçı tərəf müqavilənin bağlandığını iddia edir, cavabdeh isə məhkəmə müqaviləni imzalamadığını bildirir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuş, lakin müqavilənin əsli təqdim olunmadığından həmin müqavilənin cavabdeh tərəfindən imzalanıb imzalanmadığını müəyyən etmək mümkün deyil. Məhkəmə bu baxımdan hesab edir ki, müqavilənin cavabdeh tərəfindən imzalandığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən və iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən, İddiaçı QSC (satıcı) ilə Cavabdeh (Alıcı) arasında xx.xx.2024-cü il tarixli, 1/24-136 saylı müqavilənin mötəbərliyi şübhə altına düşür. Odur ki, məhkəmə qeyd olunan müqaviləni etibarsız hesab edir.

29. Məhkəmə, həmçinin işin müəyyən olunan hallarına əsasən hesab edir ki, tərəflər arasında faktik alqı-satqı münasibətləri mövcuddur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 29-cu fəslinin 1-ci paraqrafında Alğı-satqı müqaviləsi üçün xüsusi forma şərti nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında faktik alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur.

30. Məhkəmə tərəflərin sahibkarlıq subyekti olmasını, aralarındakı münasibətlərin qarşılıqlı sahibkarlıq fəaliyyətindən irəli gəlməsini nəzərə alaraq hesab edir ki, hazırki mübahisə kommersiya mübahisəsidir.

31. Tərəflər arasında alqı-satqı münasibətləri mövcud olduğundan, alqı-satqı müqaviləsi üzrə “satıcı”ya aid vəzifələrin yerinə yetirdiyini sübut etmək vəzifəsi iddiaçının, “Alıcı”ya aid vəzifələrin yerinə yetirdiyini və yaxud bu vəzifələrin icrasından azad olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.

32. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı AR MPM-nin 77.1-ci maddəsinə uyğun olaraq iddanın əsasını mötəbər dəlillərlə sübut etmişdir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

33. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC tərəfindən ümumi dəyəri 28 091,90 manat məbləğində malları cavabdehə vermiş, qeyd olunan məbləğin ödənilməsi məqsədilə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 8 000,00 manat və xx.xx.2024-cü il tarixdə 500,00 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bununla da Cavabdeh İddiaçı QSC-yə olan qalıq borcu 19591,90 manat təşkil edir.

34. Məhkəmə qeyd olunan qənaətə gələrkən, iş materiallarında olan, elektron-qaimə fakturaları, səs qeydlərini, “Whats up” mobil tətbiqi ilə aparılmış yazışmaları və şahid ifadələrini mötəbər dəlil olaraq nəzərə alır. Ona görə ki, həmin sübutlar bir-biri əlaqəli olub, işin faktiki hallarına uyğun gəlir.

35. Məhkəmə qeyd edir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh iddiaçıdan 8000-8500 manat dəyərində yalnız karbomid gübrəsi aldığını bildirsə də, bu iş materiallarında sadalanan sübutlarla təkzib olunur.

36. Məhkəməyuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməli və Cavabdeh 19591,90 manat alınaraq iddiaçıya verilməlidir.

37. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.

38. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 1095,60 manat məbləğində cərimənin tutulması hissəsində mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 300 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

39. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19591,90 manat məbləğində əsas borc və 300 manat məbləğində cərimə olmaqla, cəmi 19891,90 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

40. Məhkəmə, iddianın 2206 manat zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi əsassızdır. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir.

41. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.

42. Məhkəmə həmçinin, qeyd edir ki, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamasını, onu qaytarmaqdan boyun qaçırmasını, onun ödənilməsini digər şəkildə gecikdirməsini və ya pul vəsaitini əsassız əldə etməsini və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsini sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

43. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir.

44. Məhkəmə eyni zamanda iddia tələbinin “vəkil xidmətləri üçün ödənilmiş 850 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır.

45. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

47. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

48. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı vəkilə xidmət haqqı olaraq 850 manat məbləğində vəsait ödəməsinə dair hər hansı bir sübut təqdim etmədiyindən, iddia bu hissədə əsassızdır. Buna görə də, iddia qeyd edilən hissədə rədd edilməlidir.

Məhkəmə xərcləri:

49. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 149,68 manatı cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 12,32 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Nəticə

50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh 19591,90 manat məbləğində əsas borc və 300 manat məbləğində cərimə olmaqla, cəmi 19891,90 (on doqquz min, səkkiz yüz doxsan bir manat, doxsan qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 149,68 manat pul vəsaiti tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 12,32 manat dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar