Məhkəmə qərarları › İş №e-2-2(121)-2015/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2015/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2015/2024 04.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – cavabdehdən iddiaçının xeyrinə 3.265 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,65 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. İddiaçı MMC tərəfindən məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlanaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi xahiş olunmuşdur. Qeyd olunan ərizə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə X2 tərəfindən imzalanmışdır. Cavabdeh isə gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasının iddiaçının nümayəndəsi olmadan keçirilməsinə dair verilmiş ərizə səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır. Belə ki, İddiaçı MMC tərəfindən X1 iddiaçının nümayəndəsi olmasına dair sənədlər (etibarnamə, əmək müqaviləsi bildirişi və s.) nə iş materiallarına, nə də ki, məhkəmə iclasının iddiaçının nümayəndəsi olmadan keçirilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizəyə əlavə edilməmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69-cu maddəsinə görə, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər (69.1), fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir (69.1-1). Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi qaydasını müəyyən edən MPM-nin 73-cü maddəsi ilə nümayəndənin səlahiyyətinin qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməli olması (73.1), vəkilin səlahiyyətinin qanunla müəyyən olunmuş qaydada təsdiq edilməli olması (73.5) nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə “Elektron məhkəmə” sistemi vasitəsi ilə təqdim olunmuş və X2 tərəfindən imzalanmış ərizə, səlahiyyətsiz şəxs tərəfindən verilmiş ərizə kimi qiymətləndirilməli və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 nömrəli xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndi ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək, 5.1-ci bəndə əsasən 2-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPMin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilən dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzlərdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin hesabına 52,65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 52,65 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar