Məhkəmə qərarları › İş №e-2-2(121)-2017/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2017/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2017/2023 21.11.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 yanvar 2023-cü il tarixli, S 313/23 nömrəli “alqı-satqı müqaviləsi” əsasında yaranmış 490 manat borc və 60 manat mediasiya xərcinin cavabdehə aid edilərək Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 27 yanvar 2023-cü il tarixində İddiaçı MMC ilə Cavabdeh arasında S 313/23 saylı “alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş malları Cavabdeh yəni Alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” tərəfindən çatdırılması hallarında, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaiməfakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin, 27 yanvar 2023-cü il tarixli S 313/23 saylı müqavilə əsasında baş tutmuş alğı-satqı proseslərini təsdiq edən EBDA seriyalı 144192 №-li elektron-qaimə əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı, yəni Cavabdeh elektronqaiməyə əsasən ƏDV daxil 490 manat məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq “Satıcı”ya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin “Tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını pretenziya məktubu göndərilməsinə baxmayaraq, yuxarıda qeyd etdilən elektron-qaimələr əsasında yaranmış, ümumilikdə ƏDV daxil 490 manat borcun ödənilməsi barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Alıcı, yəni Cavabdeh 27 yanvar 2023-cü il tarixli S 313/23 saylı alqı-satqı müqaviləsi üzrə ödəniş öhdəliklərini yerinə yetirməyərək və ondan boyun qaçırmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Müqavilənin tərəflərin məsuliyyətini nəzərdə tutan 5-ci maddəsinin 1-ci bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 4.2ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda “Alıcı” razılaşır ki, “Satıcı” təhvil verilmiş bütün “Mal”lara görə penya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, “Alıcı” razılaşır ki, “Satıcı” bütün çatdırılmış “Mal”ın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi “Alıcı”nı bu “Müqavilə” üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin digər maddələri nəzərə alınmaqla elektron-qaimələrə əsasən 490 (dörd yüz doxsan) manat Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-2017/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-2017/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə məhkəmə baxış iclası 21 noyabr 2023-cü il tarixə, saat 12:00-a Şirvan Kommersiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, zəruri sübutlar tərəflərindən məhkəməyə təqdim edildiyindən, eləcə də iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddialarının tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli S 313/23 saylı “alqı-satqı” müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya “Mal” satır. “Alıcı” isə həmin “Mal”ı qəbul edir və “Müqavilə” ilə razılaşdırılmış qaydada “Mal”ın dəyərini “Satıcı”ya ödəyir. Bu “Müqavilə” çərçivəsində “Mal” termini dedikdə spirtli məhsullar nəzərdə tutulur; 1.2-ci bəndinə əsasən, “Mal”ların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər “Mal”lara əlavə edilən qaimələrlə və hesab fakturalarla “Tərəf”lərin razılaşdığı və hazırki “Müqavilə”nin ayrılmaz hissəsi sayılan “Əlavə”lərdə əks olunur; 2.1-ci bəndinə əsasən, “Mal”ların satışı bu “Müqavilə”nin bütün müddəti ərzində bu “Müqavilə”yə “Əlavə”lər və onun ayrılmaz hissəsi olan “Spesifikasiya”lar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir; 2.4-cü bəndinə əsasən, “Mal”lar “Satıcı” və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən “Alıcı”nın müvafiq lisenziyaya malik olduğu bilavasitə “Alıcı”nın anbarına (mağazaya, digər binalara) çatdırılır. “Mal”ların “Alıcı”ya faktiki təhvil verildiyi və “Mal”lar üçün əlavə hesabfakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən “Mal”lara qulluq yükü və “Mal”ların təsadüfən itirilməsi riski “Alıcı”nın üzərinə düşür; 2.5-ci bəndinə əsasən, “Mal”lara mülkiyyət hüququ “Tərəf”lər səlahiyyətli nümayəndələri tərəfindən “Mal”lar üzrə qaimə sənədlərini imzaladığı andan “Satıcı”dan “Alıcı”ya keçir; 3.1-ci bəndinə əsasən, “Satıcı” Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq “Mal”ları “Alıcı”ya istehlak qablaşdırmasında təhvil verməyə borcludur; 3.2-ci bəndinə əsasən, xarici görünüşü, çeşidi, yer sayı və içlərinin tamlıqla doluluğu üzrə “Mal”ların qəbulu “Alıcı”nın anbarında həyata keçirilir və qaimədə “Mal”ı qəbul etmiş şəxsin vəzifəsi, imzasının açıqlaması qeyd olunmaqla, eləcə də “Alıcı”nın möhürü ilə təsdiqlənərək rəsmiləşdirilir. “Mal”ları qəbul edən şəxsin səlahiyyəti müvafiq qaydada rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq edilməlidir; 3.3-cü bəndinə əsasən, “Tərəflər” razılığa gəldilər ki, “Mal”ların qəbulu və təhviltəslimi zamanı keyfiyyətə dair heç bir pretenziya olmadığı təqdirdə, qaimələrin imzalanması “Mal”ların keyfiyyətinə əsasdır və “Mal”ın təhvil-təslimi üzrə sənədlər imzalandıqdan sonra onun keyfiyyəti ilə bağlı pretenziya qəbul olunmur; 3.4-cü bəndinə əsasən, “Mal”ları yoxlamadan qəbul etmiş “Alıcı” qəbul prosesini bu müqavilə ilə müəyyən edilmiş təhvil-təslim qaydalarına uyğun aparılan zaman çatışmazlığın aradan qaldırıla biləcəyi bəndinə istinad etmə hüququndan məhrum olur. “Tərəflər” razılığa gəldilər ki, “Mal”ların təhvil-təslimi sənədləri imzalandıqdan sonra “Mal”ların sayı, çeşidi, içliklərinin doluluğu, sənədlərin çatışmazlığı barəsində “Alıcı”nın pretenziyası qəbul edilmir; 3.5-ci bəndinə əsasən, “Alıcı” “Mal”ları daşıyıcı şirkətdən qəbul edərkən “Mal”ları yoxlamağa, qabın və qablaşdırmanın bütövlüyünü, eləcə də adı, çeşidi və bağlamaların sayı baxımından daşınma sənədlərinə uyğunluğunu yoxlamağa borcludur; 3.10-cu bəndinə əsasən, “Mal”ların “Alıcı” və\vəya “Alıcı” tərəfindən təyin edilmiş daşıyıcı tərəfindən qəbul edilməsi o deməkdir ki, “Mal”lar onun tərəfindən tam qəbul edilir və “Satıcı” tərəfindən verilmiş göndərmə sənədlərinə tam uyğun gəlir; 4.1-ci bəndinə əsasən, bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” tərəfindən çatdırılması hallarında, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur; 4.7-ci bəndinə əsasən, “Tərəflər” hər 3 təqvim ayından bir Qarşılıqlı hesablaşmaların uyğunluq Aktlarını cari ayın 1-də imzalamağı, eləcə də carı ilin yekunlarına əsasən Qarşılıqlı hesablaşmaların uyğunluq Aktlarını növbəti ilin 15 yanvarınadək imzalamağı öhdəsinə götürür; 5.1-ci bəndinə əsasən, “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtələrinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 4.2-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda “Alıcı” razılaşır ki, “Satıcı” təhvil verilmiş bütün “Mal”lara görə penya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, “Alıcı” razılaşır ki, “Satıcı” bütün çatdırılmış “Mal”ın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi “Alıcı”nı bu “Müqavilə” üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EBDA seriyalı 144192 №-li elektronqaiməyə əsasən 1241,15 manat məbləğində mal İddiaçı tərəfindən Cavabdeh göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh borcu 490,10 manat təşkil edir. İş materiallarında olan İddiaçı direktoru tərəfindən birtərəfli qaydada imzalanaraq həmin hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Qarşılıqlı üzləşmə aktı”nə əsasən Cavabdeh borcu 490,10 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, həmin məktubda İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli S 313/23 saylı “alqı-satqı” müqaviləsi üzrə satılan malların həcmi və məbləği tərtib olunmuş təhvil-təslim sənədlərinə, eləcə də elektron qaimələrə əsasən 390 manat təşkil etdiyi qeyd olunaraq, həmin borcun xx.xx.2023-cü il tarixədək ödənilməsi tələb olunmuş, əks halda həmin borcun, cərimələrin, məhkəmə və mediasiya xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, həmin məktubda İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli S 313/23 saylı “alqı-satqı” müqaviləsi üzrə satılan malların həcmi və məbləği tərtib olunmuş təhvil-təslim sənədlərinə, eləcə də elektron qaimələrə əsasən 490 manat təşkil etdiyi qeyd olunaraq, həmin borcun pretenziya alındığı vaxtdan xx.xx.2023-cü il tarixinədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “Ödəniş tapşırığı”nın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 X2 hesabına 60 manat vəsait ödəmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, iddiaçı tərəfindən cavabdehin sifarişi ilə alqı-satqının obyekti olan malların cavabdehin mülkiyyətinə verilməsinə, cavabdehin isə aldığı malların qiymətini təşkil edən pul məbləğinin malların təhvil verilməsindən müəyyən müddət sonra iddiaçıya ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər öz aralarında bağladıqları xx.xx.2023-cü il tarixli “alqı-satqı müqaviləsi” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək malları cavabdehə təhvil verməsinə baxmayaraq, cavabdehin təhvil aldığı malların dəyərini tam şəkildə ödəmədiyini, nəticədə cavabdehin ƏDV daxil 490 manat məbləğində borcunun qaldığını iddia edir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, tərəflər arasında satılan əşyanın qiymətinin müəyyən müddət sonra ödənilməsi şərti ilə alqı-satqı müqaviləsi bağlanılmışdır və işin müəyyən edilmiş faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqısatqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsasını həmin normalar təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, tərəflər arasında malların nisyə alqı-satqısına dair bağlanmış müqavilə onu iştirakçıları tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən də aşkar edilməmişdir. Tərəflər arasında həmin müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar mübahisənin mövcud olduğu müəyyən edilir. Belə ki, iddiaçı cavabdehə verdiyi malların dəyərinin cavabdeh tərəfindən tam ödənilmədiyini iddia edir. Məhkəmə müəyyən edir ki, göründüyü kimi mübahisənin predmetini satılan malın dəyərinin tam və ya qismən ödənilməsinin müəyyən və sübut edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə üzrə bildirilən dəlillər sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin, yükünün tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə hansı miqdarda və məbləğdə malın təhvil verilməsini sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı təhvil verdiyi malların dəyərinin cavabdeh tərəfindən tam şəkildə ödənilmədiyini iddia edir və bu tələbinin faktiki əsası kimi xx.xx.2023-cü il tarixli, EBDA seriyalı 144192 №-li elektronqaiməyə, qarşılıqlı üzləşmə aktına və cavabdehə ünvanlanmış pretenziya məktublarına istinad edir. Məhkəmə, lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq mübahisə tərəflərinin məhkəmə iclaslarında iştirak etmədiklərini, zəruri sübutların tərəflərindən məhkəməyə təqdim edildiyinə dair iddiaçının ərizəsini, həmçinin cavabdehin iddia tələbinə münasibətini bildirməməsini nəzərə alaraq qeyd edir ki, mübahisə işdə olan sübut qismində təqdim edilmiş sənədlərin qiymətləndirilməsi yolu ilə həll edilməlidir. Məhkəmə onu da vurğulayır ki, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən yazılı müqavilə mövcud olduğuna, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun həmin müqavilə üzrə cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində yarandığı iddia edildiyinə görə, iddia tələbinin faktiki əsası kimi təqdim olunmuş sübutlar qeyd edilən müqavilə şərtləri əsas götürülərək qiymətləndirilməli, tərəflər arasında mövcud olmuş həqiqi münasibətlərin xarakteri də həmin müqavilə şərtləri çərçivəsində müəyyən edilməlidir. İşin hallarından görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi cavabdehə göndərilmiş elektron-qaiməyə istinad edərək hesab edir ki, həmin qaiməyə əsasən cavabdehə 1241,15 manat məbləğində malın təhvil verilməsi öz təsdiqini tapır. İddiaçının bu arqumenti ilə əlaqədar məhkəmə qeyd edir ki, əvvəla adı çəkilən elektron qaimə-faktura öz-özlüyündə iddia edilən məbləğdə malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi faktını sübut etmək üçün kifayət hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın: 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir; 2.5.3-cü yarımbəndinə əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur; 3.2-ci bəndinə əsasən, elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir; 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir. “Qaydalar”ın qeyd olunan bəndlərinə əsasən müəyyən edilir ki, elektron qaiməfaktura Azərbaycan Respublikasının Vergi Məcəlləsinin məqsədləri üçün vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər arasında mal dövriyyəsinin, görülən iş və xidmətlərin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. “Qaydalar”ın 2.5.3-cü bəndinin tələblərindən və “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfaktura”nın forma və məzmununu müəyyən edən “Qaydalar”a 1 nömrəli Əlavədən görünür ki, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulur və onun hansı əsasla tərtib edilməsi elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. Məhkəmə qeyd edir ki, baxılan işdə istinad olunan elektron qaimə-fakturadan görünür ki, həmin qaimədə malların faktiki olaraq daşınaraq cavabdehə təhvil verilməsi və cavabdeh tərəfindən həmin malların alınması öz əksini tapmamışdır. İddiaçının istinad etdiyi həmin elektron qaimənin “Əsas” sətrində (qrafasında) malların təhvil verilməsi və qəbul edilməsi barədə sənədin adı və digər rekvizitləri göstərilməmişdir. Həmçinin elektron qaimənin məzmunu malların təhvil verilmə faktını təsdiq etmir. Buna görə də, həmin elektron qaimə, tərəflər arasında imzalanmış müqavilənin, malların iddiaçı tərəfindən cavabdehə çatdırılaraq təhvil verilməsi və malların cavabdeh tərəfindən qəbulu qaydasını və şərtlərini tənzimləyən müvafiq bəndlərində nəzərdə tutulan malların qəbulu və təhviltəslim aktını əvəz edə bilməz. Məhkəmə nəzərə alınmasını vacib hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, mallar iddiaçı tərəfindən cavabdehin anbarına (mağazaya, digər binalara) çatdırılır, bu zaman malların cavabdehə faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur (2.4-cü bənd), mallara mülkiyyət hüququ qaimə sənədlərinin imzalandığı andan iddiaçıdan cavabdehə keçir (2.5-ci bənd), malların qəbulu cavabdehin anbarında həyata keçirilir və bu barədə qaimə malları qəbul etmiş şəxsin vəzifəsi, imzasının açıqlaması qeyd olunmaqla cavabdehin möhürü ilə təsdiqlənərək rəsmiləşdirilir (3.2-ci bənd), malların təhvil-təslimi üzrə sənədlər imzalandıqdan sonra onun keyfiyyəti, malların sayı, çeşidi, içliklərinin doluluğu, sənədlərin çatışmazlığı barəsində cavabdehin pretenziyası qəbul edilmir (3.3 və 3.4-cü bəndlər). Məhkəmə hesab edir ki, müqavilə şərtlərinə uyğun olaraq malların təhvil-təslim edilməsinə dair müvafiq qaydada tərtib və təsdiq olunan sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyinə, həmçinin tərəflərin şərtləşdirdikləri kimi müqavilə üzrə ödənişin malların təhvil verilməsindən və realizə edilməsindən sonra qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçiriləcəyi nəzərdə tutulduğuna görə, iddiaçının istinad etdiyi elektron qaimədə malların təhvil verilməsi öz təsdiqini tapmalı idi. İstinad olunan elektron qaimədə isə göstərilən məbləğdə malların cavabdehə təhvil verilməsi öz təsdiqini tapmamışdır. Buna görə də, özündə ödəniləcək pul vəsaitinin məbləğləri barədə məlumatı əks etdirən və heç bir halda tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq malların həqiqətən də təhvil verilməsinə dair məlumatları ehtiva etməyən elektron qaydada tərtib edilmiş qaimə ilə iddia edilən məbləğdə malların cavabdehə təhvil verilməsinin müəyyən olunması mümkün deyildir. Məhkəmə qeyd edir ki, bir tərəfin digər tərəfə göndərdiyi elektron qaimə-fakturanın mötəbər və yetərli sübut vasitəsi kimi malların verilməsi, iş görülməsi və ya xidmət göstərilməsini təsdiq etmək üçün kifayət etmədiyi, “HTM Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarında da qeyd edilmişdir. Belə ki, adı çəkilən Qərarda əks edilmiş hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilənin yuxarıda şərh olunan bəndlərində nəzərdə tutulmuşdur ki, malların satılması müqabilində ödənişlər təhvil-təslim aktı imzalandıqdan və təhvil verilmiş mallara dair hesab-faktura təqdim olunandan sonra həyata keçiriləcəkdir. Göründüyü kimi tərəflərin qarşılıqlı razılığa gələrək şərtləşdirdikləri qaydaya əsasən, malların təhvil verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilməli idi. Lakin iş materiallarında belə təhvil-təslim aktı mövcud deyildir və məhkəmə prosesinin gedişində iddiaçı tərəfindən adı çəkilən sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tələbində göstərdiyi məbləğdə malı cavabdehə verməsini təhvil-təslim sənədlərindən əlavə digər sübut vasitələri ilə, müqavilədə həmin malların iddiaçı tərəfindən cavabdehə özü və ya xidmətlərindən istifadə etdiyi daşıyıcı vasitəsi ilə çatdırılmasının şərtləşdirildiyi nəzərə alındığında, daşıma sənədlərinə əsasən də təsdiq edə bilərdi. Lakin iddiaçı tərəfindən malların cavabdehə məxsus olan anbara və ya digər yerə daşınmasına dair sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, baxılan işdə malların daşınması və təhvil-təslimi işlərinin təsdiqi ilə əlaqədar müqavilə şərtlərinə əməl olunmadığından, müvafiq sənədlər tərtib edilmədiyindən, yəni hazırkı halda mübahisəli elektron qaiməfaktura əsasında malların verilməsinə dair hər iki tərəfin təsdiq etdiyi malların təhvil-təslimi barədə akt, daşıma sənədi və ya digər ilkin sənədlər dayanmadığından, həmin elektron qaimə-faktura iddia edilən malların cavabdehə verilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir. Məhkəmə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi qarşılıqlı üzləşmə aktına və cavabdehə ünvanlanmış pretenziya məktublarına hüquqi qiymət verərək bu qənaətə gəlir ki, adları çəkilən sənədlər iddianın təsdiqi üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, işdə olan qarşılıqlı üzləşmə aktından görünür ki, həmin akt cavabdeh tərəfindən imzalanmamışdır, iddiaçı tərəfindən birtərəfli qaydada imza və təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli pretenziya məktubları isə məzmunlarına görə öz aralarında ziddiyət təşkil etməklə yanaşı, iddiaçının tələb etdiyi ödənilməmiş malların dəyərinə dair qəti mövqe sərgiləməməsini aşkara çıxarmışdır. Qeyd olunanlara əsasən həmin sənədlərin iddianın təsdiqi üçün mötəbər sübut hesab edilməsi mümkün deyildir. Məhkəmə qeyd edilənlərin yekunu olaraq bu nəticəyə gəlir ki, əgər tərəflər arasında bağlanmış müqavilə varsa və müqavilə şərtləri onun iştirakçıları tərəfindən mübahisələndirilməmişdirsə, müqavilənin şərtlərinə əsasən mübahisənin həlli qanuni və buna görə də ədalətli hesab edilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tələbini əsaslandıran halları mötəbər və yetərli dəlillərlə sübut edə bilməmişdir. Buna görə də iddia əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinə görə mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsində də iddia təmin edilməməli, həmin məsrəf iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.1, 217.3 və 217.4-cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar