Məhkəmə qərarları › İş №e-2-2(121)-2020/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2020/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2020/2023 30.11.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – cavabdehdən ödənilməmiş 10.224,09 manat məbləğində əsas borcun, 1.777,81 manat ƏDV borcu, 5.906,92 manat cərimə borcu və ilkin mediasiya xərci üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında UNİT 112/2021 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən dəyəri 12.001,90 manat (ƏDV daxil) olan kisə sement almışdır. Müqavilənin 1.1-ci bəndinə görə “Satıcı” hazırki müqavilənin 2-ci bəndində göstərilən və gələcəkdə “Mal” adlanacaq sement növünü “Alıcı”ya satır, “Alıcı” isə malı alır və dəyərini ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən Malın qiyməti “Alıcı” və “Satıcı” ilə razılaşdırılmış formada Müqaviləyə əlavədə müəyyən olunur. Müqavilənin 2.2-ci bəndinə əsasən “Satıcı” birtərəfli qaydada olaraq “Alıcı”nı 5 iş günü əvvəl yazılı şəkildə xəbərdar etməklə Malın qiymətini dəyişmək hüququnu özündə saxlayır. Yeni qiymətlər bu müqaviləyə əlavədə öz əksini tapmalıdır. Müqavilənin 2.3-cü bəndinnə əsasən “Satıcı”, müqavilə dövründə “Alıcı”ya ödənişssiz və ya ödəşli xüsusi-texniki xidmət göstərə bilər. Ödənişli xüsusi texniki xidmətin şərtləri və dəyəri bu müqaviləyə əlavədə göstərilməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, malın təhvil verilməsi vaxtı, yeri, ödəniş qaydası və ödənişin “Alıcı” tərəfindən gecikdirilməsinə görə cərimə tətbiq etmə qaydası aşağıdakı cədvəldə göstərilmişdir: - mal alıcı tərəfindən sifariş verildikdən sonra 3 iş günü ərzində (bu Müqavilənin 4-cü bəndi daxilində) alıcıya təhvil verilir. -ödəniş, “Alıcı” tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada “Satıcı”nın Bank hesabına köçürmə yolu ilə və ya nağd olaraq həyata keçirilir. -“Satıcı” ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1%-i miqdarında Alıcıya cərimə tətbiq edə bilər. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, “Alıcı” mal əldə etdikdən sonra qaimə faktura təqdim edilən tarixdən etibarən 10 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Həmin müqavilənin 6.1.3-cü bəndinə əsasən, “Alıcı” bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, satıcı gecikdirilmiş hər gün üçün ödənilməyən borc məbləğin 0,1%-i həcmində cərimə və satıcı bundan yarana biləcək adminstratik xərcləri tələb edə bilər. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, bu müqavilə xx.xx.2021-ci il tarixdə gündən qüvvəyə minir və xx.xx.2021-ci il tarixinə kimi qüvvədədir. Müqavilənin bitdiyi tarixə 30 gün qalmış tərəflərdən biri digərinə müqaviləyə xitam verilməsi haqqında xəbərdarlıq göndərilmədiyi təqdirdə müqavilənin müddəti növbəti təqvim illərinin sonuna qədər uzadılmış hesab olunur. Sözügedən alqı-satqı müqaviləsi və №01, № 02, №03 və №04 saylı əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. “Alıcıya” təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən 2021-2023-cü illər ərzində 3.343 manat (ƏDV daxil) ödəniş etmişdir, qalan məbləğ bugünədək ödənilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixədək № UNİT 112/21 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-yə 10.224,09 manat əsas borc, 1.777,81 manat ƏDV borcu, müqavilənin 6.1.3-cü bəndinə əsasən 5.906,92 manat cərimə borcu olmaqla, cəmi 17.908,82 manat məbləğində borcu vardır. Alqı-satqı müqaviləsi əsasında qalıq borc məbləği bugünədək ödənilməmişdir. Həmin məbləğ elektron qaimənin vurulduğu gündən 30 gün müddətində ödənilməli olsa da, bugünədək ödənilməmişdir. Odur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, hər gecikdirilən gün üçün ödənilməyən məbəğin 0,1% cərimə məbləği ödənilməlidir. Müqaviləyə əsasən gecikmə üzrə tətbiq edilən cərimə: xx.xx.2021 tarixli EBBH 478857 saylı elektron qaiməyə əsasən 651 gün–1.784,42 manat; xx.xx.2021 tarixli EBBL 188788 saylı elektron qaiməyə əsasən 601 gün–2.100,95 manat; xx.xx.2022 tarixli EBBQ 102549 saylı elektron qaiməyə əsasən isə 507 gün–2.021,56 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə aşağıdakı elektron qaimələr vurulmuşdur: 1. Seriya: EBBG №: 099260 saylı xx.xx.2021 tarixli; 2. Seriya: EBBH №: 478857 saylı xx.xx.2021 tarixli;

3. Seriya: EBBL №: 188788 saylı xx.xx.2021 tarixli 4. Seriya: EBBQ №: 102549 saylı xx.xx.2022 tarixli Həmin qaimələr əsasında ödənişlərin bir qismi həyata keçirilsə də, qalıq məbləğ bugünədək iddiaçıya ödənilməmişdir. Odur ki, 10.224,09 manat məbləğində əsas borc, 1.777,81 manat məbləğində ƏDV borcu, 5.906,92 manat məbləğində cərimə olmaqla, cəmi 17.908,81 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ödənilməmiş 9969,85 manat məbləğində əsas borc, 1732,05 manat ƏDV borcu, 5906,92 manat cərimə borcu və ilkin mediasiya xərci üçün ödənilmiş 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda iddia ərizəmizin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, cavabdeh tərəfindən 254,24 manat ödənilmişdir. Odur ki, cavabdehin ödənişini nəzərə alaraq iddiada dəqiqləşdirmə təqdim edirlər. İddiaçı yenidən iddia tələbini dəqiqləşdirərək, məhkəmədən ödənilməmiş 9969,85 manat məbləğində əsas borc, 1732,05 manat ƏDV borcu və ilkin mediasiya xərci üçün ödənilmiş 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, izahatında göstərdi ki, onunla iddiaçı arasında UNİT 112/2021 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin imzalanmamışdır. Həmin müqavilədə və ona əlavələrdə olan imzalar ona məxsus deyildir. Lakin, iş materiallarına əlavə edilən elektron qaimələrdə göstərilən mallar həqiqətən ona təhvil verilmişdir. Onun iddiaçıya ödənilməmiş 9969,85 manat məbləğində əsas borcu və 1732,05 manat ƏDV borcu qalmışdır. Buna görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış UNİT 112/2021 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement növünü alıcıya satmağı, alıcı isə malı almağı və dəyərini ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunan EBBG seriyalı, 099260 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2.280,01 manatlıq mallar cavabdehə göndərilmişdir. İş materiallarına əlavə olunan EBBH seriyalı, 478857 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 4.234,90 manatlıq mallar cavabdehə göndərilmişdir. İş materiallarına əlavə olunan EBBL seriyalı, 188788 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 4.125 manatlıq mallar cavabdehə göndərilmişdir. İş materiallarına əlavə olunan EBBQ seriyalı, 102549 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 4.705 manatlıq mallar cavabdehə göndərilmişdir. İşdə olan arayışın surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, UNİT 112/2021 saylı müqaviləyə əsasən dəyəri 12.001,90 manat (ƏDV daxil) kisə sement satılmışdır. Alıcı aldığı mala görə 2021-2023-cü illər ərzində 3.343 manat (ƏDV daxil) ödəniş etmişdir. Cavabdeh İddiaçı MMC-yə 10.224,09 manat əsas, 1.771,81 manat ƏDV borcu vardır. Əlavə olaraq müqavilənin 6.1.3-cü bəndinə əsasən 5.906,92 manat faiz borcu olmaqla, cəmi 17.908,82 manat borcu mövcuddur. İşdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya göndərmişdir. Beləliklə, işin həqiqi halları ilə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatları, işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan mallar almış, lakin, malların dəyərini tam şəkildə ödəməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun və ƏDV borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissələri əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissələri təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh onunla iddiaçı arasında UNİT 112/2021 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin imzalanmamasını bildirsə də, elektron qaimələrdə göstərilən malların həqiqətən ona təhvil verilməsini və iddiaçıya ödənilməmiş 9969,85 manat məbləğində əsas borc və 1732,05 manat ƏDV borcunun qalmasını etiraf edir. İddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, məhkəmə qeyd edilən müqavilədə olan imzanın cavabdeh tərəfindən icra edilib-edilməməsini araşdırmağa, o cümlədən məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsinə zərurət olmaması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, iddia qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Digər tərəfdən, qeyd edilən müqavilə cavabdeh tərəfindən imzalanmış olmasa belə, müqavilə cavabdehin qabaqcadan razılığı əsasında bağlandığından və cavabdeh tərəfindən sonradan bəyənildiyindən etibarlı sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 355-ci maddəsinə əsasən, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Həmin Məcəllənin 356-cı maddəsinə əsasən, əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Qeyd edilən Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Göstərilən Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilə öhdəliyini icra etmiş, bununla da iddiaçı tərəfindən müqavilənin qanunla müəyyən olunmuş şərtlərinə riayət olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən müqavilə bağlanmış sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müqavilədə və ona əlavələrdə olan imzaların cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması müəyyən edilsə idi də, iddiaçı tərəfindən cavabdehə qeyd edilən mallar təhvil verildiyindən, bu hal cavabdehin özü tərəfindən məhkəmə iclasında etiraf edildiyindən, həmin malların cavabdehə təhvil verilməsi ilə ilə iddiaçı ilə cavabdeh arasında qeyd edilən müqavilə baş tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə hesab edir ki, bu cür müqavilənin bağlanması üçün ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd edilən Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Məhkəmə, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla hesab edir ki, ekspert rəyi ilə müqavilə və əlavələrdə olan imzaların cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması müəyyən olunsa idi belə, iddiaçı ilə cavabdeh arasında qeyd edilən müqavilə baş tutmuşdur. Bundan əlavə, tərəflər arasında sadə yazılı şəkildə müqavilə bağlanmamış (imzalanmamış) olsa idi belə, iddiaçının göstərilən vəsaiti Qardaşxan Hacıyevdən tələb etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Göstərilən Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi “əsas borcun və ƏDV borcunun ödənilməsi” hissələrində təmin edilərək, 9969,85 məbləğində əsas borc və 1732,05 manat ƏDV borcu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərci ödəmişdir. Odur ki, mediasiya xərci cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olduğundan, bu hissədə də təmin edilərək cavabdeh(lər)dən 200 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 143,72 manat dövlət rüsumu cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 9969,85 manat əsas bоrc, 1732,05 manat ƏDV borcu və 200 manat mediasiya xərci, cəmi 11901,9 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. 143,72 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar