Məhkəmə qərarları › İş №e-2-2(121)-2022/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2022/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2022/2023 30.11.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı – pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş 13.275,41 manat məbləğində əsas borcun, 2.389,59 manat ƏDV borcu, 6.741,17 AZN cərimə borcu və ilkin mediasiya xərci üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında UNİ 111/2021 nömrəli 05 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən dəyəri 5665,00 manat ( ƏDV daxil) olan kisə sement almışdır. Müqavilənin 1.1ci bəndinə görə “Satıcı” hazırki müqavilənin 2-ci bəndində göstərilən və gələcəkdə “Mal” adlanacaq sement növünü “Alıcı”ya satır, “Alıcı” isə malı alır və dəyərini ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən Malın qiyməti “Alıcı” və “Satıcı” ilə razılaşdırılmış formada Müqaviləyə əlavdə müəyyən olunur. Müqavilənin 2.2-ci bəndinə əsasən “Satıcı” birtərəfli qaydada olaraq “Alıcı”nı 5 (beş) iş günü əvvəl yazılı şəkildə xəbərdar etməklə Malın qiymətini dəyişmək hüququnu özündə saxlayır. Yeni qiymətlər bu müqaviləyə əlavədə öz əksini tapmalıdır. Müqavilənin 2.3-cü bəndinnə əsasən “Satıcı”, müqavilə dövründə “Alıcı”ya ödənişssiz və ya ödəşli xüsusi-texniki xidmət göstərə bilər. Ödənişli xüsusi texniki xidmətin şərtləri və dəyəri bu müqaviləyə əlavədə göstərilməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, malın təhvil verilməsi vaxtı, yeri, ödəniş qaydası və ödənişin “Alıcı” tərəfindən gecikdirilməsinə görə cərimə tətbiq etmə qaydası aşağıdakı cədvəldə göstərilmişdir: - mal alıcı tərəfindən sifariş verildikdən sonra 3 iş günü ərzində (bu Müqavilənin 4-cü bəndi daxilində) alıcıya təhvil verilir, ödəniş, “Alıcı” tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada “Satıcı”nın Bank hesabına köçürmə yolu ilə və ya nağd olaraq həyata keçirilir, “Satıcı” ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1 %-i miqdarında Alıcıya cərimə tətbiq edə bilər. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, “Alıcı” mal əldə etdikdən sonra qaimə faktura təqdim edilən tarixdən etibarən 10 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, “Alıcı” bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, satıcı gecikdirilmiş hər gün üçün ödənilməyən borc məbləğin 0,1%-i həcmində cərimə və satıcı bundan yarana biləcək adminstratik xərcləri tələb edə bilər. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, bu müqavilə xx.xx.2021-ci il tarixdə gündən qüvvəyə minir və xx.xx.2021-ci il tarixinə kimi qüvvədədir. Müqavilənin bitdiyi tarixə 30 gün qalmış tərəflərdən biri digərinə müqaviləyə xitam verilməsi haqqında xəbərdarlıq göndərilmədiyi təqdirdə müqavilənin müddəti növbəti təqvim illərinin sonuna qədər uzadılmış hesab olunur. Sözügedən alqı-satqı müqaviləsi və №1, №2, №3, №4 saylı əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Sözügedən müqavilə “Satıcı” tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış mallar “Alıcı”ya təhvil verilmişdir. Lakin “Alıcıya” təqdim edilmiş elektron hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən 2022-2023-cü illər ərzində 7.000 AZN (ƏDV daxil) ödəniş etmişdir, qalan məbləğ bugünədək ödənilməmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı və əsaslandırılmış etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının X2 izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021 il tarixli, UNİT111/2021 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandıralacaq sement növünü Alıcıya satır, Alıcı isə malı almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 3.3-cü maddəsinə əsasən “Alıcı” aldığı malın dəyərini malı əldə etdikdən sonra qaimə faktura təqdim edilən tarixdən etibarən 10 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021 il tarixli, UNİT111/2021 saylı alqı-satqı müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli 1 saylı Əlavədən görünür ki, tərəflər satılacaq mal və onun qiyməti barədə razılığa gəlmişlər. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021 il tarixli, UNİT111/2021 saylı alqı-satqı müqaviləsinə edilmiş xx.xx.2022-ci il tarixli 3 saylı Əlavədən görünür ki, tərəflər satılacaq mal və onun qiyməti barədə razılığa gəlmişlər. İşdə olan EBBT seriyalı, 280078 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən UNİT111/2021 saylı müqaviləyə əsasən Cavabdeh ƏDV daxil 4800 manat məbləğində sement təqdim edilmişdir. İşdə olan EBBS seriyalı, 972916 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən UNİT111/2021 saylı müqaviləyə əsasən Cavabdeh ümumilikdə ƏDV daxil 4.590 manat məbləğində sement təqdim edilmişdir. İşdə olan EBBN seriyalı, 325892 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən UNİT111/2021 saylı müqaviləyə əsasən Cavabdeh ƏDV daxil 4.275 manat məbləğində sement təqdim edilmişdir. İşə əlavə olunan EBBH seriyalı, 411628 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən UNİT111/2021 saylı müqaviləyə əsasən Cavabdeh ƏDV daxil 4.725 manat məbləğində sement təqdim edilmişdir. İşə əlavə olunan EBBG seriyalı, 099336 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən UNİT111/2021 saylı müqaviləyə əsasən Cavabdeh ƏDV daxil 4.275 manat məbləğində sement təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh il İddiaçı MMC arasında bağlanmış 05 avqust 2021-ci il tarixli UNİT111/2021 saylı müqaviləyə əsasən dəyəri 22.665 manat (ƏDV daxil) dəyərində kisə sement almışdır. Aldığı mala görə 2022-2023-cü illər ərzində 7.000 AZN (ƏDV daxil) ödəniş etmişdir. Cavabdehin İddiaçı MMC-yə 13.275,41 AZN əsas, 2.389,59 AZN ƏDV borcu vardır. Əlavə olaraq müqavilənin 6.1.3-cü maddəsinə əsasən 6.741,17 AZN faiz borcu olmaqla, cəmi 22.406,17 manat borcu mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, UNİT111/2021 alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandıralacaq sement növünü Alıcıya satmağı, Alıcı isə malı almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə və həmin müqaviləyə edilmiş Əlavələrin şərtlərinə uyğun olaraq cavabdehə ƏDV daxil ümumilikdə 22.665 manat dəyərində mal satılmışdır. Eyni zamanda, təqdim edilmiş mallara dair elektron-qaimələr tərtib edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, aldığı mala görə 7.000 manat məbləğində ödənişlər etsə də iddiaçıya qeyd olunan müqavilə üzrə 13.275,41 manat əsas borcu və 2.389,59 manat ƏDV borcu qalmışdır. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də cavabdeh aldığı mala görə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaiməfakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə mallar göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Məhkəmə yuxarıda sadalanlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan müqavilə əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair öhdəlik götürmüşdür. Cavabdeh qeyd olunan müqavilə əsasında mal almasına dair hüququndan istifadə etsə də, həmin malların dəyərini cavabdehə ödəməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilərək, 13,275,41 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı ƏDV borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi də əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməli, cavabdehdən 2.389,59 manat məbləğində ƏDV borcu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Məhkəmə, iddia tələbinin 6.741,17 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələb tərəflər arasında bağlanılmış kredit müqaviləsindən irəli gəlir. Yəni, həmin müqavilənin 6.1.3-cü bəndinə əsasən, “Alıcı” bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, satıcı gecikdirilmiş hər gün üçün ödənilməyən borc məbləğin 0,1%-i həcmində cərimə və satıcı bundan yarana biləcək adminstrativ xərcləri tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə 6.741,17 manat deyil 700 manat cərimə borcu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13.275,41 manat məbləğində əsas borc, 2.389,59 manat məbləğində ƏDV borcu, 700 manat məbləğində cərimə borcu və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 16.565 (on altı min beş yüz altmış beş) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia 6.041,17 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması hissəsində təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar