Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2030/2023 23.11.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 176.755,93 manat məbləğində borc, 400 manat məbləğində mediasiya xərci, 1.600 manat məbləğində hüquqi yardım xərci, 7.163 manat məbləğində dəbbə pulu və 84 manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və "xxxx" MMC arasında bağlanılmış 21 noyabr 2022-ci il tarixli SY13/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC müxtəlif növ neft məhsullarını tərəflər arasında razılaşdırılmış qiymətə cavabdehə satmağı, cavabdeh isə həmin məhsulları alaraq razılaşdırılmış dəyərini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən İddiaçı MMC tərəfindən cavabdehə ümumilikdə 216892 (iki yüz on altı min səkkiz yüz doxsan iki) manat məbləğində müxtəlif növ neft məhsulları satılmışdır. Cavabdeh isə ümumilikdə İddiaçı MMC-yə 40136,07 (qırx min bir yüz otuz altı manat yeddi qəpik) manat məbləğində pul ödəmişdir. İddiaçı MMC öhdəliklərini tam şəkildə icra etməsinə baxmayaraq cavabdeh bu günə qədər öz öhdəliklərini icra etməmişdir. Hazırda cavabdehin İddiaçı MMC-yə qeyd olunan müqavilə üzrüə mumilikdə 176755,93 (bir yüz yetmiş altı min yeddi yüz əlli beş manat doxsan üç qəpik) manat məbləğində borcu vardır. Bununla bağlı tərəflər arasında üzləşmə aktı da imzalanmışdır. Lakin buna baxmayaraq cavabdeh bu günə qədər gösrətilmiş daşıma xidmətinə görə yaranmış 176755,93 (bir yüz yetmiş altı min yeddi yüz əlli beş manat doxsan üç qəpik) manat məbləğində borcunu ödəməmişdir və belə görünür ki, ödəmək niyyətində də deyil. Bununla bağlı aramızda aparılmış çoxsaylı danışıqlar heç bir nəticə verməmişdir. Bundan sonra İddiaçı MMC borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borcunu ödəməmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək, 176.755,93 manat məbləğində borc, 400 manat məbləğində mediasiya xərci, 1600 manat məbləğində hüquqi yardım xərci, 7163 manat məbləğində faiz borcu və 84 manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək qanuna müvafiq qaydada qətnamə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 21 noyabr 2022-ci il tarixli, SY13/22 saylı alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu “Satıcı” “Alıcı”ya razılaşdırılmış Əlavədə göstərilən malları (bundan sonra “Mal” adlandırılacaq) satır, “Alıcı” isə həmin malı qəbul edir və razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən Alıcı satıcının təqdim etdiyi Müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilmiş malın məbləğini, satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 216.892 manat məbləğində benzin və dizel yanacağı təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, cavabdehin qalıq borcu 216.892 manat məbləğində təşkil edir. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, cavabdehin qalıq borcu 208.572 manat məbləğində təşkil edir. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya (xəbərdarlıq) məktubu göndərmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında benzin və dizel yanacağının alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehlə razılaşdırılmış Əlavədə göstərilən malları (benzin, dizel yanacağı və bitum) satmağı, cavabdeh isə həmin malları qəbul edib və razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 216.892 manat dəyərində mal satılsa da cavabdeh həmin malların dəyərini tam ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən yaranmış borcu cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Bundan əlavə, məhkəmə müəyyən etdi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində qarşılıqlı borcların üzləşdirilməsi aktı imzalanmışdır. Həmin akta əsasən cavabdehin xx.xx.2023-cü il tarixinə borcu 216.892 manat təşkil etmişdir. Cavabdeh tərəfindən ödənişlər edildikdən sonra yenidən tərəflər arasında xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı imzalanmışdır. Həmin akt İddiaçı MMC-nin direktoru və baş mühasibi və "xxxx" MMC-nin direktoru və baş mühasibi tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin aktda cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə 208.572 manat borcunun olması əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan borcunu xx.xx.2023-cü il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə etiraf etmişdir. İşdən də görünür ki, cavabdeh həmin tarixdən sonra da ödənişlər edərək hal-hazırda əsas borcu 176.755,93 manat təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında malları alsa da, lakin həmin malların dəyərini ödəməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Odur ki, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə, iddianın “əldən çıxmış fayda kimi 7.163 manat məbləğində faiz borcunun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini gecikdirdiyindən xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq hesablanmış 7.064,21 manat məbləğində faiz borcunu iddiaçıya ödəməlidir. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 1.600 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 1.600 manat müəyyən olunmaqla 9 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, 1.600 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan əlavə, işdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən 84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 84 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 176.755,93 manat məbləğində əsas borc, 400 manat mediasiya xərci, 1.600 manat hüquqi yardım xərci, 7.064,21 manat məbləğində faiz borcu və 84 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 185.904,14 (bir yüz səksən beş min doqquz yüz dörd manat, on dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-2030/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2030/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver