Məhkəmə qərarları › İş №e-2-2(121)-2052/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2052/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2052/2025 10.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 880,45 manat qalıq borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə (bundan sonra “iddiaçı”) Cavabdeh arasında (bundan sonra “cavabdeh”) bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən ona tam şəkildə təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 880,45 manat məbləğində qalıq borcu qalmışdır. Təqdim edilmiş Maliyyə Arayışından da görünür ki İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixinə İddiaçı MMC-yə olan qalıq borcu 880,45 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir.

İddia ərizəsinə etiraz:

3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) xx.xx.2025-ci il tarixində Cavabdeh poçt vasitəsilə ilə təqdim olunmuş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

6. İddiaçı MMC ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2006-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır və Cəmiyyətin qanuni təmsilçisi X1r.

7. Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2012-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda Yardımlı şəhəri, 28 May Küçəsi, Ev 6 ünvanında qeydiyyatdadır.

8. İddiaçı MMC (“Satıcı”) ilə Cavabdeh (“Alıcı”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, “alqı-satqı” müqaviləsinin: -1.1-ci bəndinə əsasən, “Satıcı” bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda çeşiddə miqdarda çeşiddə və keyfiyyətdə Alıcını malla təmin etməyi, “Alıcı” isə həmin sənədlər əsasında Malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürür. -2.1.1-ci bəndinə əsasən, “Alıcı”nı qanunvericilikdə nəzərdə tutulmuş keyfiyyətdə Mal ilə təmin etmək “Satıcı”nın öhdəliyidir. -2.2.1-ci bəndində əsasən, “Satıcı”dan aldığı malın dəyərini ödəmək “Alıcı”nın öhdəliyidir.

9. Maliyyə arayışının surətindən görünür ki, 25 iyul 2020-ci il tarixli 08588 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə Cavabdeh Veysəloğlu MMC-yə qalıq borcu 880,45 manat təşkil edir.

10. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli “X2 Aktları”ndan görünür ki, İddiaçı ilə tərəfindən Cavabdeh mallar təhvil verilmişdir.

11. İş materiallarında olan qaimə fakturalardan görünür ki, ümumilikdə 923,55 (107,96 manat +147,81 manat +155 manat +94,21 manat +105,10 manat +147,05 manat+166,42 manat) manat dəyərində İddiaçı ilə tərəfindən Cavabdeh mallar təhvil verilmişdir

12. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə tərəfindən Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən yaranmış 880,45 manat məbləğində borcun pretenziyanın alındığı tarixdən 3 gün ərzində kimi tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

13. ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

c) Məhkəmənin mövqeyi:

16. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.

17. Məhkəmə, ilk növbədə iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq subyektləridirlər, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri onların həm birgə, həm də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir.

18. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir.

19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur.

20. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə malların cavabehə verilməsi sübut olunduğundan, onların dəyərini ödəmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

21. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 880,45 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

Nəticə:

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 880,45 (səkkiz yüz səksən manat, qırx beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz ) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar