Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2063/2022 03.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclu Cavabdeh qarşı 3.500 manat borcun və 20 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, 3.500 manat borcun və 20 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-875/2021 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, e-2-2(121)- 875/2021 saylı məhkəmə əmrinə etiraz etdiyini bildirmiş, həmin məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(121)-2063/2022 saylı qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)- 875/2021 saylı məhkəmə əmri ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 29 avqust tarixli 04/00025136 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Nova 340 markalı taxılyığan kombaynı 2019-cu il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 04/00025136 nömrəli müqaviləyə əsasən 3.500 manat öhdəlikdən heç bir məbləğ ödənilməmiş, 3.500 manat borcu qalmışdır. Cavabdehin Cəmiyyətə hal-hazırda müqavilə üzrə cəmi 3.500 manat borcu vardır. Lakin borclu vaxtında kreditora olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilələrin 2.2.2.-ci bəndinə əsasən borclu lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da borclu İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh isə məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (İstifadəyə verən) ilə Cavabdeh (İstifadəçi) arasında müqavilə bağlanmış xx.xx.2019-cu il tarixli, 04/00025136 saylı müqaviləyə əsasən lizinq verən ümumi məbləği 3.500 manat olan kənd təsərrüfatı texnikasını tam, komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə istifadəçiyə verilməsini təmin etməyi, lizinq alan ödəniş məbləğini bu müqavilənin 1.4-cü bəndindəki şərtə uyğun olaraq ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, 1 ədəd Nova 340 markalı taxılyığan kombayn "xxxx" ASC tərəfindən Cavabdeh təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, 1 ədəd Nova 340 markalı taxılyığan kombayn Cavabdeh tərəfindən "xxxx" ASC-yə təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cəlilabad rayonu Söyüdlü kənd sakini Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən, lizinqə götürdüyü xx.xx.2019-cu il tarixli, 04/00025136 nömrəli müqavilə üzrə məbləği 3.500 manat olan kənd təsərrüfatı texnikasına görə heç bir məbləğ ödəniş edilməmiş, 3.500 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, 23/P-430 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh müqavilə üzrə yaranmış borcun qısa zaman ərzində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə əmrinin verilməsi haqqında ərizə üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. İşin məhkəmə araşdırması zamanı tərəflər arasında lizinq müqaviləsinin bağlandığı, iddiaçı tərəfindən müqavilədə qeyd olunan texnikanın cavabdehə xx.xx.2019-cu il tarixində saz vəziyyətdə təhvil verildiyi və xx.xx.2019-cu il tarixində saz vəziyyətdə cavabdehdən təhvil alındığı müəyyən edilmişdir. Cavabdeh məhkəmə əmrinə verdiyi etirazında texnikanı təhvil almadığını, 5.6 sentyabr 2019-cu il tarixli aktla geri təhvil verdiyini və xx.xx.2019-cu il tarixli aktdakı imzasının saxtalaşdırıldığını qeyd etmişdir. Məhkəmə tərəfindən onun etirazında qeyd etdiyi halların araşdırılması məqsədi ilə aktların və müqavilənin əsli tələb olunmuş, hazırlıq iclası təxirə salınmış, iddiaçı tərəfindən sənədlər məhkəməyə təqdsim olunsa da, cavabdeh məhkəmənin ikinci hazırlıq iclasında və məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi dəlilləri əsassız hesab edir. Belə ki, lizinq müqaviləsi və təhvil-təslim aktları onun tərəfindən imzalanmış, mübahisəli aktdakı imzanın onun tərəfindən icra edilməsinin müəyyən edilməsi üçün sərbəst imza və yazı nümunələri verilməsi üçün o, məhkəmə iclaslarına gəlməmiş, ümumiyyətlə iddia tələbini təkzib edə biləcək heç bir tutarlı sübut və dəlil təqdim etməmişdir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcələnin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmə iddiaçının 3500 manat tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən texnika cavabdehə xx.xx.2019-cu il tarixində təhvil verilmiş və xx.xx.2019-cu il tarixində geri təhvil alınmışdır. Müqavilənin 1.1-ci bəndindən görünür ki, zavod nömrəsi ROMOV340000212 olan Rostselmash Nova 340 taxılyığan kombayn 1 (bir) ay müddətinə cavabdehin istifadəsinə verilmişdir. Lakin cavabdehə verilmiş kombayn xx.xx.2019-cu il tarixli akta əsasən “X2” İstehsalat Birliyinin balansına verilmişdir. Göründüyü kimi texnikanın vaxtından əvvəl iddiaçıya qaytarılması cavabdehin təqsirindən baş verməmiş haldır. Odur ki, cavabdehin məsuliyyət daşımadığı hala görə ondan müqavilə üzrə bütün məbləğin tələb olunması qanunsuz və əsassızdır. Kombayn cavabdehin istifadəsində 15 gün olduğu üçün ondan həmin müddətə görə müqavilə üzrə müyyən olunmuş 3500 manatın yarısı, yəni 1750 manat pul alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən işə baxılması ilə əlaqədar məsrəflər də - ödənilmiş dövlət rüsumu olaraq 20 manat məbləğində pul vəsaitindən 10 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 10 manat iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.750 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat, cəmi 1.760 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2063/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2063/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver